Dünyanın iki nüvə nəhəngi üz-üzə; politoloq: “Suriyaya görə iki nüvə dövlətinin bir-biri ilə müharibə edəcəyini zənn etmirəm...”
Rusiya ilə ABŞ arasında münasibətlər getdikcə daha da gərginləşir. Avropa gözlənilən “son yüz ilin ən soyuq qışı” ərəfəsində Rusiyaya qarşı növbəti sanksiya təklifini qəbul etməsə də, Vaşinqtondan Kremlə qarşı təpkilər sürətlə artır. Ancaq diqqətçəkən odur ki, Rusiya artıq bütün tərəddüdlərə son qoyaraq savaş ritorikasına üstünlük verir.
Faktiki olaraq sovetlər dövründə mövcud olan “soyuq savaş”ın sərt ritorikası sərgilənir. Bundan əlavə, Rusiyada nüvə müharibəsinə hazırlıqlar müzakirə olunur, hətta konkret tədbirlər görülür. Məlumata görə, Rusiyada bu yaxınlarda 40 milyon adamın cəlb olunduğu mülki müdafiə təlimləri keçirilib, insanlara nüvə müharibəsi zamanı harada gizlənmək və hara qaçmaq barədə təlimatlar veriblər (Virtualaz.org). Xəbər verildiyi kimi bu günlərdə Rusiya prezidenti Vladimir Putin hərbi təyinatlı plutonium ehtiyatlarının ləğvinə dair ABŞ-la imzalanmış müqavilədən çıxmaq barədə qərar verib.
Bu, Birləşmiş Ştatlarla Rusiya arasında gərginliyin getdikcə artdığı, Rusiyanın “nüvə dəyənəyi”ni getdikcə daha tez-tez yellədiyi bir vaxtda baş verir. “Bu, Moskva ilə Vaşinqton arasında son onilliklər ərzində ən ciddi gərginlikdir” - Rusiya İctimai Palatasının üzvü, prezident V.Putinin etibarlı şəxsi Sergey Markov deyib. “Müharibə hətta ABŞ-dakı noyabr seçkilərinə qədər başlaya bilər”- o əlavə edir. Markov onun da bildirib ki, o, şəxsən özü potensial hərbi böhrana hazırlaşmaq üçün 200 banka pörtlədilmiş mal əti ehtiyatı yığmağı planlaşdırır. “Hamıya da bunu məsləhət görürəm” - Markov bildirir.
Suriyada toqquşan ABŞ və Rusiya arasında növbəti ittihamlar da eşidilir. Rusiya Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski deyib ki, ABŞ terrorizmlə mübarizəyə laqeyd yanaşır. Onun sözlərinə görə, Vaşinqton özü “əl-Qaidə”yə bənzər terror təşkilatlarını yaradır və onları dəstəkləyir (Axar.az). Qeyd edək ki, Qərb ölkələri Rusiyanın Hələbdə hərbi cinayət işlədiyini iddia edirlər.
Bu ərəfədə Suriya Krımı Rusiyanın ayrılmaz parçası kimi tanıdığını bəyan edib ki, bu da yəqin ki, vəziyyəti gərginləşdirən amil olacaq. Vaşinqton və Moskva Suriyada onsuz da toqquşurdu. Rusiyanın hətta Xəzərdən Suriyadakı obyektləri raketlə vurmasına Qərbin etirazlarına şimal qonşumuz saymazyana yanaşdı. Digər bütün amillər də uçurumu dərinləşdirir və Üçüncü Dünya Müharibəsi barədə ehtimalları ciddi şəkildə ortaya çıxarır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, SSRİ ilə ABŞ arasında mövcud olan soyuq müharibə illərində dünyada müharibələrin sayı indikindən az olmayıb: “Ancaq o illər dünya ikiqütblü idi, hərə öz yerini bilir, nə ABŞ, nə də SSRİ qırmızı çizgini keçirdi. Rusiya prezidenti Vladimir Putin hazırda Amerikanın simasında birqütblü dünyanı tənqid edir, müstəqil dövlətlərin Amerikanın hegemonluğunu qəbul etməyəcəyini dönə-dönə vurğulayır. Sözlərində müəyyən qədər həqiqət var, Amerikanın hər elədiyi düz olsaydı, bu gün İraq və ya Liviya qan çanağına dönməzdi. Buna baxmayaraq, Putinin iddia etdiyi çoxqütblü dünya da sabitlik üçün əsas vermir. Bəlkə də qütblərin sayı çox olsa, Amerika özünü hegemon hiss etməz, kollegial qərarlara üstünlük verərdi”.
E.Şahinoğlu bir məqamı da xüsusi vurğuladı: “Məsələ burasındadır ki, Putinin məqsədi çoxqütblü dünya yaratmaq deyil, bu görüntüdür. Kreml sahibi Rusiyanı SSRİ-nin varisi etmək istəyir ki, Amerika “çoxqütblü dünya” ilə deyil, Rusiya və onun maraqları ilə hesablaşsın. Məgər Rusiya Krımı işğal edəndə, Abxaziya və Cənubi Osetiyanı ələ keçirəndə və ya Donbası Ukraynadan ayıranda tərəfdaş adlandırdığı Çin, Qazaxıstan, Belarus, Hindistan, Braziliya və ya Cənubi Afrika Respublikası ilə məsləhətləşmişdi? “Oralar mənimdir” deyib hərəkətə keçmişdi. Amerikadan nə fərqi oldu ki?”
Politoloq qeyd etdi ki, hazırda nüvə dövlətləri olan Rusiya ilə ABŞ Suriyada üz-üzədirlər: “Biri Əsəd və onun ordusunu dəstəkləyir və Hələbi bombalayır, digəri müxalifətdən yanadır, o da Suriyada bombardmanlar həyata keçirir. Vaşinqtonun “biz Əsədin mövqelərini də vura bilərik” açıqlaması Rusiyanı hiddətləndirib. Buna cavab olaraq Kreml də deyir ki, biz də Suriyadakı havadan müdafiə sistemləri vasitəsilə Amerika təyyarələrini vura bilərik. Belə bir olay baş versə, gərək iki dövlət bir-biriylə müharibəyə başlasın. Ancaq mən Suriyaya görə iki nüvə dövlətinin bir-biri ilə müharibə edəcəyini zənn etmirəm. Vaşinqton xəbərdarlığını etdi və bu, işə yaradı. Kreml nə qədər “mənəm-mənəm” desə də, geri addım atdı, Hələbin bombalanmasını müvəqqəti dayandırdı. Anladı ki, bombardmanların davamı onu nəinki ABŞ və sivil dünya ilə üz-üzə qoyur, həm də günahsız insanlar həlak olur. Rusiya və ABŞ Suriya məsələsində ortaq məxrəcə gəlməsələr də müəyyən olunmuş qırmızı cizgiləri keçməyəcəklər. Digər tərəfdən Barak Obama az müddətdən sonra Ağ Evlə sağollaşacaq. Sülh üzrə Nobel mükafatı alan Obama gethagetdə Rusiya ilə savaşmaq istəməz, yeni gələn Amerika prezidenti də işinə müharibə ilə başlamaz”.
Cavid TURAN