İlk qanuni oğrular nə vaxt peyda olub, bunu heç kim dəqiqliyi ilə bilmir. “Vor v zakone” ifadəsinin də nə vaxt yarandığı məlum deyil.
Qanuni oğrular kriminal aləmin həm elitası, həm də liderləri sayılır. Həbsxanadakı nizam-intizama diqqət edir, yeni kriminal kadr yetişdirir, məhbuslar arasında mübahisə zamanı bir növ hakim rolunu oynayırlar.
“Odessanın kralı” niyə güllələndi?
Hər halda, ilk qanuni oğru Mişka Yaponçik sayılır. Bu əfsanəvi şəxsi Amerikadakı rus mafiyasının “xaç atası”, müasirimiz Yaponçiklə səhv salmayın. Mişka Yaponçik XX əsrin əvvəllərində artıq məşhur adam idi. Əsl adı Moisey Vinnitskiy olan bu adam ideyaca anarxist idi.
1908-ci ildə çar hökuməti onu katorqaya göndərdi. Yalnız çar devrildikdən sonra, 1917-ci ildə Kerenski hökumətinin amnistiya verməsindən sonra Mişka azadlığa çıxdı.
Amma keçmiş anarxist Odessaya artıq “oğru İvan” adı ilə qayıtmışdı. Sürgündə kriminal ünsürlərlə yaxınlıq etməsi onun baxışlarını dəyişmişdi.
Ölkədə vətəndaş müharibəsi başlayırdı. Sovet hökumətinə Mişka Yaponçik kimi adamlar lazım idi.
Yaponçik kriminal ünsürlərdən və başkəsənlərdən ibarət atıcı batalyonu yaradıb sovet quruluşu uğrunda döyüşməyə başladı. Hətta vətəndaş müharibəsinin qəhrəmanlarından birinə çevrildi. Lakin müharibə bitdikdən sonra sovet hökumətinin daha Yaponçik kimilərinə ehtiyacı yox idi. Tezliklə “Odessanın kralı”, keçmiş qırmızı komandir və qanuni oğru Mişka Yaponçik güllələndi.
Bu hadisə diğər oğrulara dərs oldu. Yəni, hökumətlə heç vaxt yaxınlıq etmə, işbirliyinə getmə.
Oğru kastasının yaranması
Kriminalistlərin çoxu hesab edir ki, qanuni oğrular ötən əsrin 30-cu illərində peyda olub. Özü də hakimiyyətin dəstəyi ilə. Məhz o zaman bütün SSRİ-də repressiyalar gedirdı. Həbsxanalar, islah əmək düşərgələri məhbusla dolu idi. Bu həm də ucuz işçi qüvvəsi idi. Məhbuslar kanallar, dəmir yolu çəkir, evlər, körpülər tikir, daş kömür karxanalarında çalışırdılar. Bu məhbus selini idarə etmək asan deyildi. Məhbus ordusuna generallar lazım idi. Qanuni oğruların peyda olması həm həbsxana administrasiyalarının, həm də məhbusların həyatını asanlaşdırdı.
Lotuların bir prinsipi vardı – sistemə dəymə. O da sənə toxunmayacaq. Oğru qanunları yavaş-yavaş aydınlaşmağa başladı. Oğru adı almaq istəyən hakimiyyətlə əməkdaşlıq etməməli, əlinə silah almamalı, orduda xidmət etməməlidir.
İlk oğru kassaları (“obşak”) peyda olmağa başladı. Qanuni oğrular məhbuslara da haqq qoydular. Həmin pul ümumi kassaya yığılırdı. Və bu vəsaitdən karserdə yatan, yaxud çətinliyə düşən oğrulara maddi yardım (“qrev”) ayrılırdı. Qanuni oğru adı almış şəxs səhv etdikdə onu yalnız oğru toplantısında (“sxodka”) özü ilə bir ranqda olanlar cəzalandıra bilərdi. Bu halda qanuni oğrunun titulu əlindən alınırdı.
“Sındırılmışlar”la müharibə
Böyük Vətən Müharibəsindən sonra sovet hökuməti qanuni oğrulara müharibə elan etdi. NKVD-nin məlumatına görə, artıq, ölkə ərazisində bir neçə min “vor zakon” vardı. Kriminal elitanın qara günləri başladı. Əvvəlcə onlara qanuni oğru adından imtina etmək tövsiyə olunurdu.
Hədə-qorxuya dözməyib oğru adından imtina edənlərə “sındırılmış” (“suçenıe”) deyirdilər. Oğru klanı artıq, iki barışmaz düşərgəyə ayrılmışdı.
Kriminalitet arasında qanlı müharibə başladı. Həbsxana administrasiyası etirafçılara dəstək versələr də, hər gün neçə-neçə “sındırılmış” oğrunun meyiti ya asılmış, ya da ürəyinə bıçaq saplanmış vəziyyətdə tapılırdı.
Qanuni oğruları qandallayır, karserə atırdılar. Yenə xeyri olmurdu. “Sındırılmış”lar bir-bir ölürdü.
1955-ci ildə hökumət bu qırğına nəhayət son verdi. Düşmən klanları ayrı-ayrı həbsxanalara göndərdilər.
Amma yeni hiyləgər plan vardı. Qanuni oğruların hamısını eyni düşərgəyə yığdılar. “Belıy Lebed” və “Solikamsk” həbsxanalarında məhbusların hamısı qanuni oğru idi.
Buna şahmat diliylə “atla gediş” deyirlər. Oğrular biri-biri ilə didişməyə başladı. Təsəvvür edin ki, 50-ci illərin sonuna yaxın oğruların cəmi 3 faizi salamat qalmışdı. Vasya Brilyant və diğər məşhur oğruların çoxu artıq ölmüşdü.
1980-ci illərin ortalarınadək oğru klanları hökuməti ən az narahat edən məsələlərdən oldu. Yalnız Qorbaçovun “yenidənqurması” ilə qanuni oğruların yenidən dirçəlmə dövrü başladı.
İlqar Atabəyli