“Lənkəranski” nin qətlinin üstü açıldı-ortada nə killer var, nə sübut...
Rusiya mətbuatı iddia edir ki, Rövşən Canıyevi “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər
Avqustun 17-dən 18-nə keçən gecə Türkiyədə öldürülən məşhur azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlinin sifarişçiləri ilə bağlı daha bir iddia yayılıb. Rusiyanın crimerussia.ru saytının xəbərinə görə, “Lənkəranski”ni “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.
Rus mediası məlumatı Rusiya hüquq-mühafizə orqanlarına istinadən yayıb. Bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, “Lənkəranski”nin qətli 2016-cı ilin mart ayının 16-da Canpolad Şamiloğlunun Moskvada güllələnməsi ilə birbaşa bağlıdır. Ortada isə bunu sübut edə biləcək nə fakt, nə həbs edilən var...
Sayt “Rosbalt”a istinadən yazır ki, “Lənkəranski”nin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü açıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün “qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub. Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan “Lənkəranski” şəxsən veribmiş.
Bəs “göyərti kralı” adlandırılan Canpoladla “Lənkəranski”nin bölə bilməyəcəyi nə olub ki, tərəflər düşmənə çevriliblər? İş ondadır ki, Canpolad Şamiloğlu uzun müddət “Lənkəranski”nin nəzarət etdiyi bazarlara göy-göyərti verirmiş. Amma qətlindən bir müddət əvvəl o, “Lənkəranski”nin nəzarət etdiyi bazarlara göyərti təminatını həyata keçirməkdən imtina edib. Hələ o vaxt Rusiya mətbuatı yazırdı ki, Canpolad Şamiloğlu bu addımı Aslan Usoyan (“Ded Xasan”) klanının-konkret olaraq Zaxari Kalaşov (“Şakro Molodoy”) və Vaqif Süleymanovun (“Vaqif Bakinski”) diktəsi ilə atıb.
2015-ci ildə “Lənkəranski”nin Moskvadakı topdansatış bazarlarına “Şakro Molodoy”un qruplaşmasına daxil olan Vaqif Süleymanov müdaxilələr etməyə başlayıb.
“Lənkəranski”nin nəzarətində olan bazarlarda meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan biznesmenlərə hədə-qorxu gəlməklə özlərinin nəzarətində olan bazarlara yönləndirmək cəhdləri olub. “Lənkəranski”nin yaxın ətrafının gözlənilən reaksiyası da çox da gecikməyib. Vaqif Süleymanovun planında əsas rol alanlardan biri, böyük maliyyəyə sahib olan biznesmen Canpolad Şamiloğlu öldürülüb.
Image result for Canpolad Şamiloğlu
“Yeni Müsavat” xatırladır ki, Canpolad ötən il martın 16-da Slavyanski bulvarı yaxınlığındakı evinə gəlib. Maşını dayanacaqda saxladıqdan sonra evinə qalxmaq istəyib. Amma dayanacaqdan evinə qalxan lift xarab olub. Bildirilirdi ki, lifti onun qatilləri xarab edib. Bu səbəbdən də o, dayanacaqdan çıxıb evinin girişinə doğru irəliləyib. Bu zaman isə killer ona tərəfə qaçıb və tapançadan atəş aşmağa başlayıb. Aldığı güllə yaralarından o, yerindəcə keçib.
Bundan sonra Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında qətlin arxasında “Lənkəranski”nin olduğu qənaətinə gəlmiş və ondan qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.
Qeyd edək ki, bundan əvvəl də “Lənkəranski”nin qətlinin digər azərbaycanlı “Qoca Bakinski” ləqəbli Əlibalaba Həmidovun avqustun 18-də İstanbulda vəhşicəsinə qətlə yetirilməsi ilə də əlaqələndirmişdilər. Bildirilirdi ki, “Lənkəranski”nin “Qoca”nın üçüncü ildönümü günündə güllənməsi qisas aktı ola bilər.
ORXAN