Əri tərəfindən amansızlıqla qətlə yetirilən 23 yaşlı Rüxsanə Astanovanın üç övladı ortalıqda qalıb və onlara sahib çıxan yoxdur ...
“Hər yazılan həqiqəti əks etdirmir. Gerçəkləri bilmək istəyirsinizsə gəlin, görün!..”
Zərdab rayon hüquq-mühafizə orqanlarından “Yeni Müsavat”da müəllifi olduğum “Başı kəsilən qadınlar” yazısına reaksiya belə oldu. Mətbuatla əməkdaşlıqdan bir ayağını qaçaq qoyan qurumlardan belə təklifi alanda onu mütləq dəyərləndirmək lazımdır. O üzdən yolçu yolda gərək. Yolumuz Zərdabın Yarməmmədbağınadır. 23 yaşlı üç uşaq anası Ruxsanə Astanovanın başının kəsilərək qətlə yetirildiyi kəndə...
Baş kəsilən ev...
Kəndə girəndən ta o evə gələnəcən neçə adamdan soruşduq ki, bəs başı kəsilən qadının evi hansıdır? Dedilər Qara qovağın altındakı evdir. Sürücümüz kəndə yaxşı bələd idi. Evi tapmaqda problem olmasa da, kəndin yolları başdan ayağa problemdir. Kələ-kötür, palçıqlı və gölməçələrlə bol. Biz də şəraitə uyğun davranıb, qaloşlarımızı geyinmək məcburiyyətində qaldıq...
***
Qara qovağın altındakı evdəyik. Həyət boşdur. Qapıları da taybataydır. Hadisə yerini görməyə icazəliyik. O üzdən heç adam axtarmadıq. Çünki bura təkcə kiminsə evi deyil, həm də hadisə yeridir. İçəri girəndə adam vahimələnir. İki otaqlı tikilidir. Elə bil illərdir adam yaşamayıb burada. Hər yeri toz basıb. Eyvana qalxan kiçik pilləkənin yanında bir neçə nimdaş uşaq və böyük ayyaqabısı, kənarda yuyulmaq üçün ləyənə yığılan çirkli və hərəsi bir rəngdə olan, bəzisi də çatlaq qab-qacaq, çirkli uşaq paltarları, sobaya qoymaq üçün doğranan bir qucaq odun, balaca və köhnə, başındakı yırtıqdan içinə saman doldurulmuş oyuncaq ayıcıq...
Palçıqla bulaşıq eyvandan otaqların birinə keçmək istədim. Bələdçim girməyi məsləhət bilmədi. Peşə marağı üstün gəldi. Qapını astaca itələdim. Sınıq-sökük mebel, stol, şkaf, çarpayı. Üstündə hələ qan izləri olan nimdaş döşək, hisli odun sobası, çaydan, cırıq-sökük, yəqin ki, qonşuların verdiyi köhnə, uşaq, qadın geyimləri...Bir də qan qoxusu. O qadın bu otaqda öldürülüb. Əvvəlcə əri Aqşin küt alətlə alnından zərbə vurub. Zərbədən yıxılan qadın huşunu itirib, o üzdən baltalandığı anda müqavimət göstərə bilməyib.
HAŞİYƏ: Qonşular deyir ki, həmin gecə səhərəcən çaqqal, canavar ulaşmasından yata bilməyiblər. Qan iyinə gəlibmiş yırtıcılar: “Onların evinin döşəməsində məsafələr var. Gəlinin qanı ordan aşağı süzülüb gölməçə yaradıbmış. Səhər gedib gördük, evin altındakı qan gölməçəsinin ətrafı yırtıcıların ayaq izləri ilə doludur. Səhərəcən torpaqdan gəlinin qanını yalayıb çala düzəltmişdi çaqqallar...
Biz onu heç qınamadıq...
Qəribə olan bu idi ki, 23 yaşlı qadının həyat tərzi haqqında ən mütxəlif sözlər deyir, kişili - qadınlı xeyli kənd adamı. Biri söylədi ki, düzgün həyat tərzi keçirmirdi. O biri qonşusunun sözünü ağzında qoydu:
-Ə düzdü ee, düz deyildi həyatı. Bir dəfə ondan şikayət eləmişdik. Gəlib xeyli danladılar. Hətta dedilər ki, o cür qadınların uşağını dövlət əlindən alıb özü tərbiyyə eləyir, bax haa, eləmə elə işlər. O da yalvardı ki, daha heç nə eləməz, bircə uşaqları əlindən almasınlar. And da içdi ki, pis yola getməyəcək, camaatdan xahiş elədi ona məhlələrdə iş versinlər, nökərçilik eləsin. Hamı baxdı, yazığı gəldi. Biz onu heç qınamadıq. Çünki bədbəxt idi.
Vəhşi sevgisi...
Ruxsanənin uşaqları dəcəl və xətakar olub. Qonşular deyir ki, gəlin çörək dalıyca gedəndə uşaqları ayağından çarpayıya bağlayırmış. Sonra qapını üstlərinə qıfıllayırmiş ki, evdən qaçıb arxın kənarında oynamağa getməsinlər. Birdən arxa düşüb boğularlar. İttiham eləmə, əziz oxucu. Çünki bu tip qoruma üsülu həm də ananın psixoloji problemli olmasından xəbər verir.
Təxminən budur vəziyyət: Özü heç nə görməyib qısa həyatında. O böyük sevgidən doğulan uşaq olmayıb. Nə ata segvgisi görüb, nə ana nəvazişi. Heç sevilməyib də insan olaraq. Diqqət, qayğı haqda bəlkə heç bir fikri belə olmayıb. Küçələrdə, evlərdə böyüyüb, qapılarda işləyib; anası ilə beş manat qazananda sevinib Ruxsanə. Yəni onun uşaqlarına verdiyi özünün həyatdan aldığı qədərdir. Vəhşi sevgisidir bu, başqa adı yoxdur.
Söhbətə kənd sakinlərindən biri də qoşulur:
- Yaşına görə üç uşaq ona çox idi. 23 nə yaşdır ki? Düşünün, beş yaşlı uşağı var. Altı ildir ərdədir. Deməli ərə gedəndə 17 yaşı olub. Ona ərə getmək də demək olmaz. Fermada fəhlə imiş. Orada tanış olub Aqşinlə də. Bir yerdə yaşayıblar. Rəsmi nigahları da sonradan olub deyəsən. İndi də ər atıb gedib, dəfələrlə ərin ailəsi döyüb çölə tullayıb. Bu insandır, qadındır, anadır, neynəməlidir? Nə yolla olur-olsun yaşamalıdır, başa düşürsünüz, ölənəcən nəyin bahasına olur olsun yaşamalıdır bütün insanlar. Seçdiyi yol, üsul, həyat tərzi normaldır, bəyəniləndir ya yox - bu artıq başqa mövzudur. Onların həyatına baxanda ağlıma bircə cümlə gəlir: Allah kimsəni o cür ehtiyaclara salmasın...
Nə yaza bilib, nə oxuya...
Kənd məktəbinin müəllimlərindən biri ilə söhbət edirik:
-Böyük oğlunun beş yaşı var. Dedim onun sənədlərini gətir məktəbəqədər hazırlıq sinifləri açılıb, özü də pulsuz. Qoyaq oxusun sənin uşağın da. Gördüm uşaqların üçünün də sənədini gətirib. Dedi bax gör hansı onunkudur? Dedim özün niyə baxmırsan? Qayıtdı ki, məktəbə getməmişəm, oxuya, yaza bilmirəm. Sənədlərin içindən böyük uşağın sənədini götürüb, məktəbə yazdırdım ki, barı uşağın oxuması yazması olsun. Üç gün getdi məktəbə, anasını öldürdü atası, daha gedə bilmir.
Qəribə hörmət...
Heç kim ona əxlazsızdır, ailəmə pis nümunədir, uşaqlarımla oynamağa yaraşmır uşaqları demir. Hamı deyir bədbəxt idi, vəssalam... Ruxsanənin həyatından danışan yaşlı kənd adamı isə deyir ki...
-Bala, bədbəxliyin ayrı forması olmur. O bədbəxt adam idi. Bədbəxt də öldü getdi. Ər küçələrə atıb bu heç, üstəlik boşamaq üçün ərizə verib (Diqqət! Faktı rəsmi orqanlar təsdiqləyib-red), sonra da gəlib üç uşaq anasının başını kəsib. Elə gün olub o qız üç uşaqla qapılar gəzib, gecə qalmağa yer axtarıb, hamıya yalvarıb. Bəzən qonşuların tövləsində gecələyib yersizlikdən, yiyəsizlikdən. Çox vaxt da yer tapmırdı yata. İndi torpağın altı da olsa həmişəlik yeri var. Allah günahlarını cahilliyinə bağışlasın.
Ac uşağın fəryadını qoyub, Allah məni eşitməzdi...
Qonşulardan biri danışır ki, neçə dəfə namaz üstən qalxıb Ruxsanənin uşaqlarına yemək, çörək verib: “Sonra namazımı davam eləmişəm. Düşünmüşəm ki, ac uşağın fəryadını qoyub, Allah namazda edilən duaya qulaq verməz. Həm də heç mən özüm o fəryadla namazı qıla bilməzdim”...
Çıl-çırpı, odun, bir manatlıq xoşbətlik...
Öldürüldüyü gün Ruxsanə qonşunun həyətini kol-kosdan təmizləyib. Zülümlə qurumuş ağacları kəsib. Ona çörək, bir manat zəhmət haqqı, bir az yemək veriblər. Bir də deyiblər ki, həyətdən təmizlədiyi çıl-çırpını, kəsilən ağacları daşıyıb, aparsın öz həyətinə. Görənlər deyir elə sevinirdi, elə xoşbəxt idi, gəl görəsən: “Soyuqdan donurdular. Odun onlar üçün göydəndüşmə olub. Ruxsanə də axşamacan odun, çıl-çırpını daşıyıb. Həmin gün o qədər işləyib ki, yorğunluqdan nəfəsi kəsilib. Sonra da həyətlərində gücü çatan odunların hamısını doğrayıb. Gücü çatmayan kötüklər isə, elə indi də həyətdə qalıb. Yüngülləri də eyvanın altına yığıb ki, yağış vurub islatmasın. Nəm odunu kibritlə yandırmaq çətindir, neft də lazım olur. Onu almağa isə Ruxsanənin pulu olmayıb”.
Başı kürəyinə sallana qaldı...
Bir də o adamı tapmaq lazım idi. Əməliyyatçılardan da ürəkli olub, içəri ilk girən oğlanı. Ruxsanənin meyitini götürməkdə əməliyyatçılara kömək eləyib. Tapmağına tapdıq. Dedi, adımı çəkməyin, amma dəqiq nə olduğunu deyim sizə. Baltanı düz boğazından vurmuşdu. Boyun sümüyü üzülmüşdü. Arxasında bircə barmaq ilişəcək dəri qalmışdı. Əvvəlcə istədim başından tutub götürüm. Gördüm o cür qaldırsam başı əlimdə gələcək. O üzədən çiynindən götürdüm, başı kürəyinə sallana qaldı bədbəxtin.
Ruxsanənin qayınatası, Aqşinin digər ailə üzvləri nəinki yasa gəlib, heç nəvələrinin harda olması ilə maraqlanmayıblar da. Hadisənin ertəsi günü qayınata kəndə gəlib, evin döşəməsinə tökülən qanı yuyub, mağazadan iki çörək, bir konserv, araq alıb. Gecəni qalıb, səhəri Bakıya dönüb. Çünki qızı və həyat yoldaşı Bakıdakı kafelərdən birində işləyir. Yəni onlar ailəcə Bakıda yaşayırlar. Dərd onlar yox, anası torpağa, atası məhbəsə gedən, ortada qalan üç uşaq, üç qardaşdır. Xanoğlan, Xanlar, Nihad. Onları da görmək lazım.
“Məə apamaa”....
O üç uşaqlardan birinin, Xanların, sizə təqdim olunan şəkilinə diqqət edin. Bəlkə də şəkildən o qədər duyulmur. Uşağın alnında dərin, şişib, çirk etmiş yara var. Atası bıçaqla vurub. Qonşular deyir ki, ailədə ikinci uşaqdır Xanlar. O, nə zaman atasına, Aqşinə yaxınlaşıbsa, ata döyüb, eyni yerə bıçaqla vururmuş ki, rədd ol, sən bizim qan deyilsən. Qonşular buna dəfələrlə şahid olub, hətta irad bildiriblər ki, uşağın nə günahı var?!..
Beləcə Zərdab rayon mərkəzinə dönürük, uşaqları görməyə. Onları görəndə yaranan ilk təəssürat budur ki, belə saxlandıqlarına görə ayrıca cinayət işi açıla və zamanında ailədən alına bilərdi uşaqlar. Nitqləri qüsurlu, üst-başları çirkli, bir qarın ac, bir qarın tox. Özü də ulu nənələrinin məhləsində dolaşırlar. Onlara deyiblər ki, kimlərsə gəlib sizi aparacaq. Uşaqlar heç yerə getmək istəmir. Bu üzdən yad adam görən kimi gücləri yetincə yüksək səslə qışqırırlar. Harasa aparılmalarına etiraz eləyirlər. Beş yaşlı böyük qardaş, nitqi qüsurlu Xanoğlan hamıdan bərk qışqırır:
-Məə apamaa, gedmeem, apamaa....
- Mən səni aparmıram, gəl şəkil çəkdirək...
Bu cavabdan sonra gözünün yaşını silib, gülümsədi. Başı ilə razılığını bildirdi. Sakitcə gəlib kürəyini mənə söykədi... Nə zamandır çimib, yuyundurulmur bu körpə. İlahı, gül ətri gələsi halda, nə qoxur bu uşaq? Bir az qan, bir az aclıq, bir az natəmizlik, bir az baxımsızlıq...Bu körpə faciə qoxuyur, faciə...
“Aşşin xıtt eyedi”...
Xanoğlan atasını elədiklərini əvvəldən sonacan görüb:
-Sen bisen Aşşin xıtt eyədi...
- Kağızı? Nə düzəldir sənə? (əslində nə dediyini anlamışdım, sadəcə fikiri yayındırmaq ümidi ilə belə dedim-red)
-Eşş, mamaan bozağını xıtt eyedi..Soya cene xıtt eyedi, soya cene, xıtt eyedi, soya cene...
- Yox Aşin mamanın boğazını oxalayıb, həkimlər deyir ki, mamanın boğazı ağrıyır, düzələndə gələcək...
-Yoo, Aşin xıtt eyədi çəsdi, ağımırdı...
Rəqəm bilməyən uşaq anasına dəyən baltaların sayını “xıtt eyədi” sözlərinin təkrar-təkrar saymaqla yadda saxlamışdı. Sayı adamlara belə anladırdı balaca. Dalbadal bir neçə dəfə təkrarlayır, sonra dayanıb, “hə day xıtt eyəmədi soya” deyirdi...
CAHİLLİK!..
Ruxsanənin anası Gülnarə Astanova isə səssizcə oturub. Onunla danışmaq yox, adam ona üsyan eləmək istəyir. Amma özünü birtəhər saxlamalısan, olmaz.
-Yazını yazanqa soyad lazım olur, soyadınız necədir Gülnarə?
-Bilmirəm.
- Necə yəni?
-Yaza-oxuya bilmirəm. Familya yadımda qalmır. Onsuz da lazım olmur. Hara gedirəm ki, orda kağızda olar. Nə qızınkini bilirəm, nə özümkünü. Baxın görün nədi familya orda kağız var.
Ailənin soyadını qonşulardan öyrəndik. Adamın inanmağı gəlmir ki, ölkədə soyadı dilinə illərdir gəlməyən, elə buna görə də onu xatırlaya bilməyən vətəndaş da var. Bax elə bu məqamda açılır düyün. Məmləkətdə niyə bu qədər baş kəsildiyi, qadın ölümünün olduğu düyünü. Bircə səbəb var: CAHİLLİK!..
Baxın Gülnarənin, anası da, özü də balaları da, hətta balasının balası da yaza, oxuya bilmir. Bu balaca bir rayon, hətta ölkə üçün çoxdur. Məmləkəti gələcəkdə onlara təhvil verməmək üçün bu göstərici həm də aidiyyatı qurumlara əməlli sos siqnal olmalıdır. Bəlkə belə adamlara elementar şeyləri, yazmağı, oxumağı öyrətmək haqda kimsə düşündü. Bəlkə dövlət belə bir layihə, proqram hazırlamaq kimi addım atdı. Çünki bu lazım deyil, gələcəyimizi düşünürüksə vacibdir.
Problem təkcə qadın deyil...
Qadını haqqında xoşagəlməyən sözlər danışılırsa bu, bir kişinin faciəsidir, bizim cəmiyyət qanunlarına görə. Anormal qanundur. Çünki quru hislərə əsaslanaraq söylənilib və qurulub. Əvvəlcə bir ailənin, sonra, qadının, sonra üç uşağın, kəndin, rayonun, cəmiyyətin və ölkənin problemidir. Bunlardan sonra bəlkə də bir az da bir kişinin problemidir. Niyə kişi sona qaldı? Çünki nacins ailə adamından ayrılıb normal insan kimi yaşamağın çox gözəl qanuni yolu var. Amma o addımı atıb, məhkəməyə rəsmi boşanma ərizəsi verəndən sonra gəlib evdə baş kəsən kişinin yeri elə sondur. Söhbət yaxşılardan getmir. Çünki onlar, yəni yaxşı kişilər həmişə yuxarı başda, birinci yerdə olmağa layiqdirlər və elə ordadılar. Ancaq Aqşinlər sübut eləyir ki, onların öz evində problem təkcə qadında yox, həm də kişidədir. Onun aldığı tərbiyədə, böyüdüyü mühitdə, evliliyə qədərki ailəsindədir.
Bir də o evdə, ulu nənəsinin evində verilən yas mərasimində 23 yaşlı gənc qadının, başsız qalan üç oğlunun faciəsi duyulmurdu. Ölüsünü ağlaya da bilmir onlar. Bu da başqa dərddir yəqin. İnsanların dərdlə yaşadığı evlərdə, faciələr sakit qarşılanır. Onlar nəyi, niyə ağlasınlar ki? Bizim üçün gənc bir qadının faciəli həyatı və sonu olaydır, onlar üçün gündəlik yaşadıqları problemlərdən biri. Başqa problemlərdən bir az ağırı, vəssalam. O üzdən, bu da keçər yəni...
Onlara sahib çıxın!..
Bu yazının mahiyyəti təkcə bir faciədən danışmaq deyil. Həm də ortada qalan uç qardaşın, azyaşlının - Xanoğlan, Xanlar və Nihadın - dövlət tərəfindən sahiblənməsi işini sürətləndirməyin vacib olduğunu aidiyyatı orqanlara xatırlatmaqdır. O uşaqlar atasız anasızdırlar. Yarı ac, yarı toxdurlar. Xanların başındakı yara getdikcə dərinləşir. Yatmağa yerləri belə yoxdur. İnsanlıq xatirinə onları xilas edin! Heç vəzifə borucu deməyin, eləcə insanlıq haqqı xatirinə...
Jalə Mütəllimova, musavat.com