ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 500-dək insan Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq aksiya keçirir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar bir neçə polis maşınının və motosiklinin müşayiəti ilə Ağ Evə doğru hərəkət edirlər. Aksiyaçıların hərəkəti ilə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Etirazçılar "Trampsız, Ku-kluks-kançılarsız və faşistlərsiz ABŞ", həmçinin "Tramp mənim prezidentim deyil" şüarlarını səsləndirir, "səkilərdən küçələrə düşün" – deyərək başqalarını da onlara qoşulmağa çağırırlar. Etirazçılar həmçinin Seçicilər Kollegiyasının ləğvini də tələb edirlər. Aksiyaçılar arasında xeyli sayda afroamerikalı və latınamerikalı şəxs var.
***
Naməlum şəxslər Trampın prezident seçilməsinə etiraz edən aksiyaçılara atəş açıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub.
***
ABŞ-ın Sietl şəhərində prezident vəzifəsinə yeni seçilmiş Donald Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışma zamanı yaralananların sayı 5-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib. "Xidmətin əməkdaşları atışma zamanı xəsarət almış beş nəfərə yardım göstəriblər. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır" – deyə rəsmi səhifədəki məlumatda bildirilir.
Qeyd edək ki, ilkin məlumatda insident zamanı 4 nəfərin xəsarət aldığı bildirilirdi.