“Moskovskiy komsomolets” qəzetinin saytından Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, politoloq Valeriy Solovey-lə müsahibə yoxa çıxıb. O, müsahibədə Rusiyada növbədənkənar prezident seçkilərinin keçiriləcəyindən, ölkə başçısı Vladimir Putinin “bəzi problemləri”ndən, buna görə də hakimiyyəti başqasına – varisinə ötürəcəyindən danışıbmış.
Politoloqun əvvəlcə müsahibəsi, sonra özü “yoxa çıxır”
Politoloq müsahibənin yoxa çıxması haqqında nəinki “Currenttime.tv”nin suallarını cavablandırmaqdan imtina edib, hətta təcili və bir neçə günlüyə Moskvadan gedib.
Vladimir Solovey-in Kremlin mətbəxi barədə yetərincə məlumatlı adam reputasiyası var. Bir misal: O, Prezident Administrasiyasının indiki rəhbəri Anton Vaino-nun bu vəzifəyə gətiriləcəyini öncədən söyləmişdi.
Politoloq indi nə deyib?
Solovey “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində deyib ki, Rusiya prezidenti gələn ilin yazında hakimiyyəti tərk edə və bu vəzifəni varisinə buraxa bilər. Politoloqun sözlərinə görə, Vladimir Putin-in növbədənkənar seçkilərə gedib-getməyəcəyi bu ilin dekabrında bilinəcək. O, indiki dövlət başçısının “hansısa problemləri” olduğunu, bu üzdən gələn il ictimaiyyət arasında aylarca görünməyəcəyini və ya nadir hallarda üzə çıxacağını iddia edir.
Politoloq təcili seçkilərin keçirilməsini iki il sonra ölkədə durumun daha da pisləşəcəyi ilə də əsaslandırır. Solovey-in dediyinə görə, güc strukturlarındakı kadr ehtiyatı, onların “barış siyasəti” aparmaq qabiliyyətinin olmaması Putin-i xəyal qırıqlığına uğradıb. Politoloqun daha bir iddiası da var: Rusiya prezidenti onun hakimiyyəti dönəmində ölkəsinin Qərblə münasibətlərinin yaxşılaşmayacağına artıq əmindir.
Varis kimdir?
Solovey Vladimir Putin-in varisinin indiki baş nazir Dmitriy Medvedev olacağını və onun bu rola hazırlaşdırıldığını söyləyir, amma güc qurumlarının “varis”in əleyhinə olduğunu bildirməyi də unutmur.
Varisliyə ikinci namizəd xüsusi xidmət orqanlarının 2008-ci ildə irəli çıxardığı, bir qədər öncə Prezident Administrasiyası rəhbərliyindən uzaqlaşdırılan Sergey İvanov ola bilər.
“Moskovskiy komsomolets” durumu necə açıqlayır?
Vladimir Solovey-lə müsahibə elə yayıldığı günün birinci yarısındaca yoxa çıxıb.“Moskovskiy komsomolets”in baş redaktoru və təsisçisi Pavel Gusev “Cirrenttime TV”yə deyib ki, sözügedən müsahibənin mətnində “faktik yanlışlar” olub və onların aradan qaldırılması bir neçə gün vaxt aparacaq:
“Lütfən, unutmayın ki, “Moskovskiy komsomolets” özəl şəxsə məxsus tək federal qəzetdir və bu şəxs – Pavel Nikolayevich Gusev-dir. Bu qəzetlə bağlı hər şey – 100 faiz hər şey ona aiddir: nəşriyyat evi, bölgələrdəki, xaricdəki və hər yerdəki qəzetlər. O səbəbdən məni telefonla tapmaq çox çətindir”.
Politoloq Şulman-ın ehtimalları
Politoloq Yekaterina Şulman həmkarı Valeriy Solovey-in söylədiklərini doğru sayır. O, professorundaha öncə “Gazeta.ru”ya da eyniməzmunlu müsahibə verdiyini yada salır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu professorunun YouTube-da şəxsi kanalı da var. Çıxışlarını orda da yayır, üstəlik, facebook-da da yetərincə populyardır. Ancaq Şulmanın sözlərinə görə, çap mediası – qəzet bir başqadır, çünki onu daha çox metroda oxuyurlar.
Yekaterina Şulman deyir ki, Solovey artıq bir neçə dəfə Putin-in “bəzi obyektiv səbəblərdən” 2018-ci ildəki seçkilərə qatılmayacağı haqda proqnozlar səsləndirib. Onun qənaətincə, buna Rusiya prezidentinin səhhəti səbəb ola bilər.
Şulman-ın fikrincə, dövlət başçısının kadr yerdəyişmələrini bir neçə dəfə öncədən dəqiqliklə söyləyən professorun, çox güman, hakimiyyətdə öz qaynağı var. Həmin qaynaq da bəlli məqsəd gedə, verilən məlumatın ictimailəşməsini gözləyə bilər. Politoloq düşünür ki, hakimiyyətin və ya hakimiyyətdəki bir qrupun ictimai rəyə nələrisə ötürmək istəməsi mümkündür.
(azadliq.org)