Noyabrın 25-nə keçən gecə İsveçrənin Luqano gölü yaxınlığında baş vermiş avtomobil qəzasında həlak olan 23 yaşlı Azər Yaqubovun qəzanı hansısa digər avtomobillə ötüşmə zamanı maşını gölə aşırdığı istisna deyil.
BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda İsveçrə KİV-ləri yazır. Hərçənd polis təhlükəli yolda yarış versiyasını hələ təsdiq etməyib. Bununla belə İsveçrə KİV-ləri 2009-cu ildə azərbaycanlı zənginlərin uşaqlarının törətdiyi səs-küylü avtoqəzanı yada salırlar və "rusların" (İsveçrədə keçmiş sovet respublikalarından olan zənginlərin uşaqlarını milliyətindən asılı olmayaraq "ruslar" kimi qəbul edirlər - red.) bu ölkədə avtomobil yarışına çıxmaq vərdişlərini hələ də tərgitmədiklərini yazırlar.
Xatırladaq ki, həmin qəzada azərbaycanlı milyarder Telman İsmayılovun oğulları da daxil olmaqla 4 zəngin "rus" ümumi dəyəri milyonlarla dollar olan superkarlarla yarışa çıxmışdılar və qəza törətmişdilər. Qəzadan sonra T.İsmayılovun oğlulları atalarının qızılı "Falcon" təyyarəsində tələsik İsveçrəni tərk etmişdilər.
Xəbər verildiyi kimi, Azər Yaqubovun idarə etdiyi BMW X6 avtomobili idarəetmədən çıxıb və yolun kənarındakı dəmir baryeri sındıraraq Luqano gölünə düşüb. Qəzada Azər Yaqubovla bərabər avtomobildə olan 19 yaşlı Diana Lebedeva - Rusiyanın YUKOS şirkətinin keçmiş səhmdarı Platon Lebedevin nəvəsi də həlak olub. Avtomobili və cəsədləri sudan bir neçə saat sonra çıxarıblar. Azər Yaqubov AZAL-ın Rusiyadakı keçmiş federal nümayəndəsi, biznesmen Mahir Yaqubovun oğludur.
Rusiya KİV-lərinin yazdığına görə Diana Lebedevanın rəfiqələri sosial şəbəkələrdə qəzanın sürət yarışı zamanı baş verdiyi haqda deyilənləri təkzib edirlər. Müğənni Dmitri Malikovun qızı, Diana ilə rəfiqə olan Stefaniya Malikova yazıb ki, qəza yoldakı qatı duman və buz qatı səbəbindən baş verib.
İsveçrə mətbuatı isə yazır ki, qəza Cenevrəyə gedən kəskin eniş-yoxuşlu dağ yolu üzərindəki "şeytan körpüsü"ndə baş verib. Və avtomobil yoldakı situasiyaya adekvat olmayan yüksək sürətlə hərəkət edirmiş.
İnstagram səhifəsində yerləşdirdiyi foto və videolardan məlum olur ki, Diana avtomobil həvəskarı olub, tez-tez avtomobildə selfi çəkib öz səhifəsinə qoyurmuş. Sosial şəbəkələrdə onun azərbaycanlı gənclə birgə fotosuna rast gəlinmir. Bu baxımdan onların sevgili olduqlarını ehtimal etmirlər.
"Moskovski Komsomolets" isə yazır ki, Azər Yaqubovun təhsil aldığı TASİS ingilis məktəbi İsveçrədə dünyanın hər yerindən zəngin uşaqlarının təhsil aldığı elitar məktəbdir. Məktəb İsveçrənin Fransa səmtində, 17-ci əsrdən qalma möhtəşəm Villa De Nobili qəsrində yerləşir. Burada illik təhsil haqqı 70 min avrodur. TASİS lisey statusunda məktəbdir və buranı bitirib dünyanın məşhur ali məktəblərinə daxil olmaq istəyənlər üçün xüsusi akademik proqram nəzərdə tutulub.