Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Tərtər rayonunu Qaynaq kəndində anandan olmuş 1988-ci il təvəllüdlü Tahirə Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Tahirə Əzizova Bərdə rayonu, Darğalar kəndində yaşayan Əzizovlar ailəsinə gəlin köçüb. O, evin gəlini olduğu müddətdə həmin kəndin sakini Əziz Rüstəmovla mübahisəsi olub.
Onların mübahisəsinə səbəb isə Tahirə Əzizovanın baldızı Yasəmən Əzizova olub. Tahirə Əzizova iddia edib ki, Əziz Rüstəmov Yasəmən Əzizova ilə 2011-ci ildə cinsi əlaqədə olub. Əziz Rüstəmov ilə cinsi əlaqədə olan Yasəmən Əzimova hamilə qalıb. Həmin uşaq dünyaya gəlsə də, Əziz Rüstəmov Yasəmənlə ailə qurmayıb və onun uşağına da yiyə durmaqdan imtina edib.
Buna görə də Tahirə Əzizova ilə Əziz Rüstəmovun arasında ədavət olub. Əziz Rüstəmov tez-tez Əzizovlar ailəsinin yaşadığı evin yanından keçib. Onun bu hərəkəti evin gəlinin Tahirə Əzizovanı narahat etməyə başlayıb.
Tahirə Əzizova Əziz Rüstəmova hədə-qorxu gələməyə başlayıb ki, onların evinin yanından keçərsə, onu öldürəcək. Onun xəbərdarlıq etməsinə baxmayaraq Əziz Rüstəmov yenə də Əzizovlar ailəsinin yaşadığı evin yanından yolunu salmağa başlayıb. Əziz Rüstəmov növbəti dəfə 29 aprel 2014-cü il tarixdə, saat 13.00 radələrində Əzizovlar ailəsinin yaşadığı evin keçib. Bu zaman onu ailənin gəlini Tahirə Əzizova görüb və əsəbiləşib. O, həmin vaxt Əziz Rüstəmovu öldürmək qərarına gəlib. Tahirə bu məqsədlə evlərində saxladıqları, həmçinin rəsmi qeydiyyatı olmayan qayınatasına məxsus "Toz B" modelli, 86183 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngini evdən götürüb. Tahirə həmin tüfəngin patronluğuna 2 ədəd zavod üsulu ilə hazırlanmış patron yerləşdirərək küçəyə çıxıb.
Əlində silah olan Tahirə Əzizova Əziz Rüstəmova yaxınlaşıb və etdiyi xəbərdarlığı ona xatırladıb. Bu zaman Əziz Rüstəmov ona iradını bildirib və söyüş söyüb. Əziz Rüstəmov həm Tahirənin, həm də baldızının başqa-başqa kişilərlə gəzdiyini, Yasəmənin dünyaya gətirdiyi uşağın ondan yox, başqa gəzdiyi kişilərdən olduğunu iddia edib. Sonra Əziz əli ilə onu kənara itələyərək yolunu davam etdirməyə başlayıb. Əziz Rüstəmovun bu hərəkəti Tahirə Əzizovanı daha da əsəbləşdirib. Bu zaman o, mübahisə edə-edə Əziz Rüstəmovun arxasınca bir qədər gedib. Tahirə sonra Əzizə çatmağına təxminən 10 metr qalmış əlindəki tüfəngdən ona tərəf bir dəfə atəş açıb. Tüfəngdən açılan atəş Əziz Rüstəmovun boyun nahiyəsinin sağ arxa hissəsinə dəyib.
Bu zaman Tahirə Əzizova xəsarət alan Əziz Rüstəmovun yerə yıxıldığını görüb. O, Əzizin öldüyünü zənn edərək geri qayıdıb. Bir qədər getdikdən sonra arxaya baxan Tahirə Əzizova Əziz Rüstəmovun yerdən qalxaraq qaçdığını görüb. Tahirə yenidən əlində tüfənglə onun arxasınca qaçıb . Tahirə Əziz Rüstəmova yaxınlaşmaq istəsə də, ona çata bilməyib. O, təxminən 100-150 metr məsafədən ikinci dəfə ona tərəf atəş açıb.
Lakin məsafə uzaq olduğundan qırmalar Əziz Rüstəmova dəyməyib. Əziz Rüstəmov yaralı vəziyyətdə özünü Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona ixtisaslı tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Tahirə Əzizova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahirə Əzizova 4 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilib.
Həmin maddəyə əsasən, Tahirə Əzizovaya təyin edilmiş cəzanın çəkilməsi övladları - 18 dekabr 2009-cu il təvəllüdlü A.Əzizovanın, 1 dekabr 2010-cu il təvəllüdlü C.Əzizovun və 11 dekabr 2012-ci il təvəllüdlü A.Əzizovanın 8 yaşları tamam olanadək, həmçinin hal-hazırda 25-26 həftəlik hamiləliyi nəticəsində uşağının anadan olacağı təqdirdə həmin uşağın da 8 yaşı tamam olanadək təxirə salınıb.
Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluğun protestinə Gəncə Apelyasiya Məhkəməsində, hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin etməyib.
Prokurorluq həmin qərardan kasasiya protesti verib. Kasasiya şikayətinə Ali Məhkəmənin hakimi Əli Seyfəliyev baxıb. Daha yuxarı instansiyanın hakimləri də prokurorluğun şikayətini təmin etməyib.(teleqraf.com)