Məktəbli qızlar dalaşdılar, valideynləri xəstəxanalıq oldular - TƏRƏRRÜAT

28-11-2016, 18:12   
Məktəbli qızlar dalaşdılar, valideynləri xəstəxanalıq oldular - TƏRƏRRÜAT
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlərin arasında davanın düşməsi ilə bağlı xəbər yayılıb.

Hadisə bir neçə gün öncə, daha dəqiq desək, noyabrın 24-də baş verib. Baş vermiş hadisə nəticəsində 5 nəfər yaralanıb. Bu haqda Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən rəsmi məlumat verilib.

Məlumatda deyilir ki, hər şey şagirdlər arasında yaranan “qız istəmə” mübahisəsinə görə olub. Belə ki, məktəbdə dərs zamanı 10B sinif şagirdi Ramin Zeynalov, 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən döyülüb. Şagirdlər arasında dava 10B sinifinin dərs keçdiyi otaqda baş verib.

Məlumata görə, davaya səbəb 10-cu sinif şagirdi olan Gövhər Yaqubovadır. Belə ki, 10B sinif şagirdi Ramin Zeynalov sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisə edib. Bundan xəbər tutan eyni məktəbin 11-ci sinif şagirdi İntiqam Abidov, R.Zeynalovu döymək fikrinə düşüb. Səbəb kimi də özünün G.Yaqubovanın sevgilisi olduğunu göstərib.

Nəticədə şagirdlər arasında dava düşüb və İ.Abidov özündən 1 yaş kiçik olan R.Zeynalovu döyüb. Bundan sonra hadisə daha da böyüyüb. Döyülən şagirdin anası Zəminə Zeynalova davadan xəbər tutaraq, məktəbə gedib.

Qəzəbli ana oğlunun döyülməsində G.Yaqubovanı günahkar görüb və onunla mübahisə edib. Aralarında olan mübahisə nəticəsində G.Yaqubova anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Tamara Məmmədovanı məktəbə çağırıb.

Məktəbə gələn valideynlər təhsil ocağında olduqlarını unudaraq, bir-birilərinə hücum çəkiblər. Nəticədə 47 yaşlı Zəminə Zeynalova döyülərək, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı Orxan Məmmədov isə balta ilə Ramin Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da G.Yaqubovanın ailəsi tərəfindən hücuma məruz qalıb və bədən xəsarətləri alıblar. Nəticədə bir ailənin bütün üzvləri döyülmüş olub.

Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüb. Hadisədən xəbər tutan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gediblər, müəllim və valideynlərin izahatı alınıblar.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, Zeynalova Zəminə baş verən dava nəticəsində döş qəfəsi və sağ əlinin barmağının əzilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə məsələnin araşdırıldığını bildirib. İdarə ilə yenidən əlaqə saxlayıb, məlumat almaq istəsək də, telefona cavab verilmədiyi üçün bu, mümkün olmadı.

Musavat.com saytının əməkdaşı bəzi maraqlı məlumatlar əldə edib. Hadisə baş verən 101 saylı orta məktəblə əlaqə saxlayan əməkdaşımız, hadisə zamanı döyüldüyü iddia olunan məktəbin psixoloqu Mətanət Rəhimova ilə danışıb.

Mətanət Rəhimova hadisə zamanı heç bir xəsarət almadığını bildirib: "Yazılanlar həqiqəti əks etdirmir. Hə, biz valideynləri ayırmağa, dalaşmamaları üçün onları sakitləşdirməyə çalışmışıq. Amma bizə əl qaldıran, vuran, heç bizdən hadisə ilə bağlı söz soruşan da olmayıb. Biz maksimum şahid kimi ifadə verə bilərik, zərərçəkmiş kimi yox".

101 saylı orta məktəbin direktoru Səidə Məmmədova hadisənin şişirdildiyini, yanlış məlumat verildiyini bildirib: "Hadisə ötən həftənin 2-ci günü, səhər saat 09.00 ərəfəsində olub. Bu gün məktəbə yoxlama da gəlmişdi. Özümüz də burdayıq. Yayılan informasiyalar yalandır. Hə, valideynlər dalaşıb. Amma deyilən səbəb düz deyil. Məsələ burasındadır ki, Gövhər Yaqubova ilə Təhminə Zeynalova arasında mübahisə düşüb. Məktəbli uşaqlardır, bu, ola bilər. Təhminənin anası məktəbə gəlib və Gövhərin saçından dartıb, onu vurub. O da öz valideynlərini çağırıb. Beləcə də məsələ böyüyüb və valideynlər işə qarışıb. Axırda da dava-dalaş, saç-yoldu düşüb. Biz istənilən an sualları cavablandırmağa hazırıq. Təki həqiqətlər yazılsın".

Məhəmməd Türkmən,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.