Zəncani niyə edam kötüyünə çıxarılır? – Böyük siyasi oyunun pədrəarxası

5-12-2016, 07:54   
Zəncani niyə edam kötüyünə çıxarılır? – Böyük siyasi oyunun pədrəarxası
Prezident seçkilərinə 3 ay qalmış qalmaqallı biznesmenin işinin təzədən gündəmə daşınmasının səbəbləri

İran məhkəməsi qalmaqallı biznesmen Babək Zəncani barəsində edam qərarını təsdiqləyib. Bu barədə yerli mediaya İran Ali Məhkəməsinin sədr müavini Qulam Rza Ənsari açıqlama verib. Ancaq hələlik edamın nə zaman icra olunacağı məlum deyil. Zəncani ilə bağlı məhkəmə prosesi bu ilin martında yekunlaşıb və Zəncani ilə birlikdə Mehdi Şəms və Həmid Fəllahın edam hökmləri təsdiq üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, daha əvvəl mediada Zəncani barədə hökmün ləğv olunduğu və onun tələb olunan məbləği ödədiyi haqda açıqlama verilmişdi. Ancaq indi belə aydın olur ki, Azərbaycan əsilli milyarderlə bağlı Tehran siyasi dairələri anlaşa bilmir. Çünki Zəncani işi çoxdan iqtisadi məsələ olmaqdan çıxaraq siyasi məsələyə çevrilib.

Babək Zəncaninin adı 2013-cü il, dekabrın 17-də Türkiyədə başlayan “rüşvət əməliyyatları” ilə gündəmə gəlib. O zaman iranlı biznesmenin adı Türkiyədə korrupsiya cinayətlərində əsas fiqur olaraq keçən Azərbaycan əsilli iş adamı Rza Zərrabın patronu və ya şəriki kimi gündəmə gəlib. Həmin ilin dekabrında İran polisi onu həbs edib. Məlum olub ki, B.Zəncani İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın dönəmində İran nefti və qazının gizli ticarətini həyata keçirib və “qara bazarda” böyük paya sahib olub. Ancaq İran hökumət orqanları B.Zəncaninin neft ticarətindən dövlət bankına olan 2,8 milyard dollar vəsaiti ödəmədiyini iddia edir. Zəncani isə pulların embarqo səbəbindən Avropa banklarında dondurulmuş hesablarda saxlanıldığını iddia edirdi.

babək zəncani zərrab ile ilgili görsel sonucu

Yuxarıda da qeyd etdiyimiz kimi, Zəncani işinin Türkiyə “ayağını” Təbriz əsilli iş adamı Rza Zərrab təşkil edib. Zərrab 2013-cü il dekabrında həbs olunub, az sonra azadlığa buraxılıb. Ancaq R.Zərrab hazırda Amerikada həbsdədir, məhkəmə prosesi gedir. nın adı 2009-2012-ci illərdə qızıl qaçaqmalçılığı, saxta sənəd və ixracat adı altında 87 milyard avro dəyərində şübhəli pul köçürmələri həyata keçirilməsi işində əsas fiqur olaraq hallanır. R.Zərrab Türkiyədə qurduğu 3 şirkət üzərindən şübhəli pul transferləri həyata keçirib. Söhbət əsasən İran neft və qazının embarqo dönəmində gizli şəkildə “qara bazarda” satılması və əldə olunan vəsaitin Dubay, Türkiyə üzərindən nağd pul və qızıl formasında İrana ötürülməsindən gedir.

Erkən parlayan ulduz

Babək Zəncani 1971-ci il martın 21-də anadan olub. Soyadında Zəncan adının olması onun Azərbaycan əsilli olmasını göstərir. Zəncan Cənubi Azərbaycanda ən böyük şəhərlərdən biridir. İş həyatına heyvan dərisi satmaqla başlayan Babək Zəncaninin var-dövlətinin 13 milyard dollar olduğu bildirilir.

Babək Zəncaninin İran, Türkiyə, Malayziya, Ərəb Əmirlikləri və Tacikistanda ümumilikdə 70-dək şirkət və daşınmaz əmlaka sahib olub. Özünün bildirdiyinə görə, İrandan xaricdəki şirkətlərində 17 min nəfər işçi çalışır. Babək Zəncaninin Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərinin səhmlərinin yarısını satın aldığı bildirilir. Avropa İttifaqının sanksiya siyahısında Babək Zəncaniyə məxsus 15 şirkətin adı keçirdi. Bu isə onu göstərir ki, gənc iş adamı pullarını heç də “alın təri” ilə qazanmayıb, onun biznesinin parlamasında dövlətin böyük rolu olub.

Zəncaninin “milyarder karyerasının” ən qaranlıq və mübhəm hissəsi məhz burda gizlənir. İranın ən zəngin adamlarından biri hesab olunan Babək Zəncaninin SEPAH bağlı olduğu, eyni zamanda keçmiş prezident Mahmud Əhmədinejad tərəfindən xüsusi statusa sahib olaraq İrana qarşı embarqonu pozaraq gizli neft satışını təşkil etdiyi bildirilir.

O da bildirilir ki, B.Zəncani R.Zərrab vasitəsilə qızıl ticarətini İran-Türkiyə-Dubay (BƏƏ) istiqamətində həyata keçirib. Türkiyə gömrükçülərinin həmin vaxt ələ keçirdiyi 1207 kiloqram qızıl da məhz B.Zəncaniyə məxsus olub. Həmin qızılı Zərrab rüşvət qarşılığında xilas edərək Dubaya apara bilib.

həsən ruhani ile ilgili görsel sonucu

2013-cü ildə Həsən Ruhani prezident seçildikdən sonra hökumətdən Zəncaniyə qarşı ittihamlar gəlməyə başlayıb. Türkiyədə 17 dekabr həbsləri isə bu prosesdə əsas keçid hadisə olub. Babək Zəncani İran mediasına müsahibəsində İrandan xaricə 1900 milyon ton neft satdığını, ancaq bu satışdan gələn gəlirin böyük qisminin Avropada həbs olunduğunu bildirib.
Bizə çatan bilgilərə görə isə, Zəncani ətrafında səssiz prosesin arxasında ciddi mətləblər dayanır. Məsələ burasındadır ki, İranda hesab edirlər ki, Zəncaninin Türkiyədə olan pullarını hakimiyyət rəsmiləri və şərikləri ələ keçirib. Eyni zamanda Zəncaninin Tacikistanda və Rusiyada olan əmlakı və pullarının da mənimsənilməsi təhlükəsi var. Bu səbəbdən, Tehran çox da səs-küy olmadan bu əmlakı geri çəkmək istəyir.

Ancaq həbsindən sonra məlum oldu ki, mühakiməsinə hazırlıq görülən Zəncaninin adına hər hansı əmlakı yoxdur. İran parlamentinin korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Əmir Abbas Sultani o zaman Türkiyə mediasına açqılamasında bildirmişdi ki, Zəncaninin pullarının böyük bir qismi Türkiyədədir və Rza Zərrab tərəfindən idarə edilir. Sitat: “Zərrab və Zəncani bir-birindən ayrı düşünülə bilməz. Birlikdə iş görüblər. Mənim əlimdəki məlumatlara əsasən, hazırda Zəncaniyə məxsus və İran tərəfindən axtarılan pulların bir qismi Zərrabın əlindədir”.

Hələ o zaman Sultani deyirdi ki, İranın hüquq-mühafizə orqanları uzun müddət Zəncani və Zərrabın işi ilə bağlı araşdırma aparıb. Həmçinin o, iş adamlarının arxasında olan “güclü əllər”in istintaqa mane olduğunu deyirdi: “Zəncani təkbaşına korrupsiyaya bulaşmış bir tacir deyil. Onun arxasında çox güclü bir mafiya qrupu və ya gizli güc var. Onlar istintaqın fəaliyyətini əngəlləyir”.

Mahmud Əhmədinejad ile ilgili görsel sonucu

Qeyd edək ki, gələn il fevral ayında İranda prezident seçkiləri keçiriləcək. Regionda və dünyada baş verən siyasi proseslər İrandan da yan keçməyib. Aydın məsələdir ki, bu seçkilər İranda “mühafizəkar” və “islahat” qanadı arasında ciddi mübarizə ilə müşayiət olunacaq. Ötən ay keçmiş prezident, radikal qanadın parlaq nümayəndəsi Mahmud Əhmədinejad namizədliyini verəcəyini elan edib və bu hadisə İranda ciddi səs-küyə səbəb olub. Hətta o qədər ki, axırda ali dini rəhbər işə qarışaraq Əhmədinejadın seçkilərə qatılmasının “məsləhətə müvafiq olmadığını” açıqladıqdan sonra Əhmədinejad geri çəkilməyə məcbur olub.
Məlumdur ki, hazırda İranda siyasi hakimiyyət, eləcə də hökumət və parlamentdə “islahatçılar” güclüdür. Ancaq dini hakimiyyət, eləcə də silahlı qüvvələrdə “mühafizəkar” qanad çox güclüdür. Xüsusən də son illərdə Yaxın Şərqdə münaqişələrin dərinləşməsi, İranın aktiv müharibələrdə iştirakı bu ölkədə mühafizəkar qanadın nüfuzunu artırıb. Üstəlik ABŞ-da Trampın seçilməsi və hər keçən gün İranla bağlı şübhəli açıqlamaların artması İranda da narahatlıq doğurur. Bu seçkilər Ruhani üçün ciddi mübarizə olacaq, bütövlükdə isə prezidentlik mübarizəsinin gərgin keçəcəyi gözlənilir.

Zəncani vaxtilə məhz Əhmədinejad komandasının kadrı olub, sanksiyaları gizli yolla yararaq “qara bazarda” neft satışı həyata keçirib. Ölkəsi üçün mühüm işlər görüb. Görünür, seçkilərə 3 ay qalmış Zəncaninin edam məsələsinin yenidən gündəmə gətirilməsi Ruhani komandasının rəqiblərinə mesajıdır. Yəni, sizin hələ açıqlanmamış çox işləriniz var. Zəncani siyasi oyunların bir vinti olsa da, onun üzərindən ciddi işlər aparılıb və keçmiş komandanı onun üzərindən vurmaq çox rahatdır.


Kənan
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.