Rusiyanın 2017 ssenarisi - Türkiyə də prosesin içində; Qərb gözləmə mövqeyindəykən, Moskva bir əldə bir neçə “qarpız” saxlamağı planlayır və Ankaranı da razı salmağa çalışır ki...; ekspertlərin yaxın perspektivə proqnozları; Qarabağa FTX nəzarət edir?..
Dağlıq Qarabağ problemi ətrafında bəzi diqqətçəkən gəlişmələr var. O sırada Rusiyanın yeni xarici siyasət konsepsiyasında Qarabağ münaqişəsinin də Kreml üçün prioritetlər arasında yer almasını və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Alanyada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən dərhal sonra Bakıya səfər edərək, burada Qarabağla bağlı verdiyi mesaj və açıqlamalar maraq doğurur.
Bu arada siyasi təhlilçilər Ankara-Moskva əməkdaşlığının getdikcə dərinləşməsi fonunda Dağlıq Qarabağ düyününün açılması ilə bağlı ehtiyatlı təxminlər səsləndirməyə başlayıb. Belə ehtimallar var ki, Yaxın Şərqlə, Suriya ilə bağlı perspektiv anlaşmalar bu iki regional supergücün Güney Qafqaza dair də bəzi ortaq işbirliyini şərtləndirə bilər. Bununla belə, Rusiyanın güddüyü hədəflərdən dolayı, Ankara və Bakının daha diqqətli olması da önə çəkilməkdədir.
***
“Moskva Türkiyəyə Suriyada cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin”. Bu sözləri axar.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Onun fikrincə, Rusiya sanki Qarabağ probleminə dair Ermənistanla üst-üstə düşən fikirlərini Türkiyəyə də təlqin etməyə çalışır.
“Hazırkı proses təxminən belədir: ənənəvi Dağlıq Qarabağ qalır, onun ətrafındakı rayonlar hissə-hissə Azərbaycana geri qaytarılır və referendumla Qarabağın son statusu müəyyənləşdirilir. Ortada bir keçid statusu məsələsi var, hansı ki, ruslar onu da işə salıblar. Bu da 5 rayonun azad olunması müqabilində Dağlıq Qarabağa aralıq statusun verilməsidir. Ancaq Azərbaycan münaqişənin yeni Madrid prinsipləri əsasında nizama salınmasını tələb edir”, - ekspert qeyd edib.
Politoloq hətta Rusiyanın Türkiyəni Dağlıq Qarabağın tənzimlənməsi istiqamətində bəzi məsələlərlə bağlı razı salmağa çalışdığını bildirib: “Moskva Suriyada Türkiyəyə cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin və Dağlıq Qarabağ ətrafındakı rayonları qismən azad etməklə erməniləri qane edəcək statusu bizə qəbul etdirsin. Proses olduqca ağır mərhələdən keçir. Prezident İlham Əliyev buna Tərtər və Ağdam səfərində çox açıq və birmənalı cavab verdi. Ölkə rəhbərinin mövqeyi sona qədər dəyişməz olaraq qalır - baxmayaraq ki, Rusiyanın mövqeyi tamamilə Ermənistanın tərəfindədir və eyni zamanda Moskva Ankaraya da təsir göstərməklə Bakını müəyyən kompromislərə getməyə, Dağlıq Qarabağ məsələsində razı salmağa çalışır. Bütün səylərə rəğmən, Azərbaycan Dağlıq Qarabağ məsələsində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.
“Moskva hazırda iki istiqamətli siyasət yürüdür”. Bunu isə politoloq Arzu Nağıyev deyib. Onun qənaətincə, hazırda Rusiyanın əsas prioriteti regionda yenidən nüfuz qazanmaqdır: “Kreml nəyin bahasına olursa-olsun, həm nüfuzunu saxlamaq, həm də beynəlxalq təşkilatlara Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərmək istəyir. Qərbin tələblərindən biri budur ki, əgər Rusiya özünü daim SSRİ sələfi kimi təqdim edirsə, deməli, müharibə ocaqlarının qarşısını almağa birbaşa cavabdehdir. Ona görə də Qərb əsas oyunçu olduğu üçün Qarabağ məsələsinin həllini də Rusiyaya həvalə edib”.
Politoloqun sözlərinə görə, Moskva Qarabağ məsələsini sona çatdırmasa, bu, onunçün böyük problemlərlə nəticələnə bilər: “Üstəlik, Rusiya iri layihələrin hamısından təcrid oluna bilər. Məhz bunun başa düşən Putin indi bu istiqamətdə müvafiq addımlar atır və münaqişənin həllini xarici siyasətdə prioritet kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, Rusiya və Ermənistan KTMT-də bir cəbhədədir. Bir sözlə, Moskva hazırda iki istiqamətli siyasət yürüdür”.
***
Göründüyü kimi, əslində Kreml Dağlıq Qarabağla bağlı ikili, hətta üçlü oyun oynamağa başlayıb və Türkiyənin sayəsində bir əldə bacardıqca çox “qarpız” saxlamağa yönəlib. Əsas hədəf şübhəsiz, Rusiyanın Güney Qafqazda, Yaxın və Orta Şərqdə özünün geosiyasi maraqlarını təmin etmək, böyük bir bölgədə hərbi cəhətdən daha da möhkəmlənməkdir.
Ancaq bizi təbii ki, ən çox ölkəmizin ərazi bütövlüyünün bərpası, Qarabağ danışıqlarında milli mənafeyimizə cavab verən dönüşün olmasıdır. Rusiya bu yöndə üzümüzə gələn ildə hansısa pozitiv töhfəsini verəcəkmi? Aktual suallardan biri budur.
Əfsus ki, ona indilikdə nikbin cavab yoxdur. Bir şeyi əminliklə yazmaq olar ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı adı ilə hərbi kontingent yerləşdirmək planından əsla vaz keçməyib və konfliktin həllində irəliləyişi də öncəliklə bu plan kontekstində mümkün sayır.
İstisna deyil ki, Moskva Türkiyənin Azərbaycana təsirini artırmasını ilk növbədə buna görə istəyir. Bütövlükdə isə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qrupunun da özünün son hesabatında vurğuladığı kimi, gələn il Rusiya münaqişəli zonalardan istifadə edərək, postsovet ölkələrində öz itirilmiş mövqelərini bərpa etməyə çalışacaq.
***
Bu xüsusda nüfuzlu analitik və jurnalist, Dövlət İlya Universitetinin professoru Oleq Panfilovun fikirləri də diqqətçəkicidir. Ukrayna mətbuatına müsahibəsində o bildirib ki, keçmiş SRRİ ərazisindəki bütün münaqişələr postsovet ölkələrinin qarmağa keçirilməsi və onların Moskvanın təsir dairəsindən çıxmaması üçün hazırlanıb (virtualaz.org ).
“Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Kremlin icadıdır. Əlbəttə, Abxaziyada, Qarabağda, Dnestryanı bölgədə münaqişələr üçün tarixi zəmin də mövcud olub. Gürcülərlə abxazlar arasında etnik gərginlik hələ 70-ci illərdən var idi. Dnestryanı bölgədə də belə olub” - Panfilov deyib.
Onun sözlərinə görə, Qarabağda situasiya ondan asılı olacaq ki, Moskva bu münaqişəni nizamlamaq istəyir, ya yox. Politoloq hesab edir ki, hazırda Kremlin belə niyyəti yoxdur.
“Qarabağda rus qoşunları mövcud deyil. Ancaq Qarabağ müharibəsi təzə başlayanda bu, muzdluların müharibəsi idi. Ukraynalı və rus təyyarəçilər Azərbaycan aeroportlarından qalxıb Stepanakerti (Xankəndi-red.) bombalamağa uçurdu, orada isə onlara yerdən rus zenitçilər atəş açırdı. İndi situasiya başqadır. Lakin Qarabağa son hesabda Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunur. Rusiya nə vaxt oradan çıxsa, Qarabağ da onda sakitləşəcək” - təhlilçi bildirib.
Oleq Panfilovun fikrincə, məsələdə tarixi xüsusiyyət də var: “Son 200 ildə ermənilər Rusiya siyasəti ilə bağlı olublar. Ona görə də erməni cəmiyyətinin içərisindən Rusiyaya qarşı olan adamların çıxmasını izləmək maraqlıdır. Erməni cəmiyyətinin bir hissəsi başa düşür ki, Kremllə ittifaq gec-tez dalana aparıb çıxaracaq”.
Ekspertin qənaətincə, operativ planda Rusiyaya Cənubi Qafqazda Gürcüstan daha çox lazımdır: “Çünki bu, bütün Cənubi Qafqazı ələ keçirmək üçün əlverişli platformadır. Tarixdə bu yaşanıb. 19-cu əsrdə ruslar Fars və Osmanlı imperiyalarına qarşı müharibə üçün Gürcüstanda nəhəng baza yaratmışdılar” - Panfilov əlavə edib.
***
Bəs qarşıdakı ildə Moskva əsas hədəfinə çata biləcəkmi, yaxud nəhayət, 2017- Qarabağ üçün açılım ili olacaqmı? Sonuncu sualın cavabı yəqin ki, Rusiyanın təkcə Türkiyə ilə deyil, həm də ABŞ-la, prezident V.Putinin isə Ağ Evin təzə sahibi D.Trampla münasibətlərindən asılı olacaq.
Hələ ki ABŞ, bütövlükdə Qərb Qarabağ məsələsində gözləmə mövqeyindədir. Belə görünür, daha bir səbəb Ankara-Moskva tərəfdaşlığının hara kimi inkişaf edəcəyi ilə bağlı Qərbin gözləmə mövqeyi tutması ilə ilgilidir. Sözsüz ki, Trampın formalaşdıracağı komandadan da az şey asılı olmayacaq.
Siyasət şöbəsi