Ötən həftə Azərbaycan Cinayət Məcəlləsinə düzəlişlər edildikdən sonra ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit bəyanat yayıb:
“Şübhəsiz, prezidentin onlayn “təhqir olunmasına” görə cinayət məsuliyyəti nəzərdə tutan yeni müddəalarına əsasən həbs olunan şəxs siyasi məhbus olacaq.
Bu yeni müddəalar açıq-aşkar insan hüquqları sahəsində beynəlxalq standartları və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərini pozur.
Azərbaycan hökumətini bu müddəaları ləğv etməyə və siyasi məhbusları, o cümlədən hökuməti tənqid etdiyinə görə əsassız olaraq həbs olunanları azad etməyə çağırıram”, bəyanatda qeyd edilir.
Kristofer Smit Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalif siyasətçilərin və vətəndaş cəmiyyəti qruplarının səsinin kəsilməsi üzrə sistemli addımlarına diqqət çəkmək məqsədi daşıyan “Azərbaycan Demokratiya Aktı”nın (H.R. 4264) müəlliflərindən biridir. Bu qanun Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə viza verilməsindən imtina olunmasını nəzərdə tutur. Sənəddə Azərbaycanın ali rəhbərliyi və hökumət, təhlükəsizlik xidməti, məhkəmə orqanlarının üzvləri ilə işgüzar münasibətlərdən maliyyə gəliri əldə edən şəxslərə də sanksiyalar tətbiq olunması nəzərdə tutulur.
Sanksiyalar Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi məsələsində böyük irəliləyiş əldə etdikdə, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoyduqda, habelə azad və ədalətli seçkilər keçirdikdə ləğv oluna bilər. (amerikaninsesi.org)