Özünü qurbanlıq qoyuna oxşadan baş mühasib ad çəkmir: “Xəstə idim, gözüm görmürdü...”

9-12-2016, 16:29   
Özünü qurbanlıq qoyuna oxşadan baş mühasib ad çəkmir: “Xəstə idim, gözüm görmürdü...”
Fasilədən sonra prosesdə “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun dindirilməsi davam edib. Təqsirləndirilın şəxs dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Sabiq baş mühasibin istintaqa verdiyi ifadələr arasında müəyyən ziddiyyətlər olub. İfadəsində əvvəlcə heç nədən xəbəri olmadığını deyən sabiq baş mühasib sonradan bütün mənimsəmə əməliyyatlarının başında Vidadi Zeynalovun dayandığını bildirib, ancaq növbəti ifadəsində dediklərini təkzib edib.

O.Rüstəmov əvvəlcə ilk dəfə istintaq orqanında ifadə verdiyini, sonra xəstə olduğunu, sənədlərə eynəksiz imza atdığını bildirir.

Baş mühasib məhkəmədə istintaqa verdiyi ifadələrindən imtina etdiyini deyib: "Mən xəstə idim, kordiologiyada yatırdım həmin vaxt. Bunun üçün də bəzi sənədləri bilmədən imzalamışam. Mənim doğru ifadəm burada dediklərimdir. Heç bir mənimsəmədə, təmir-tikinti işlərinə ayrılan pulların məmimsənilməsində iştirak etməmişəm. Vidadi Zeynalovla görüşlərim olmayıb, ona pul verməmişəm. Vidadi Zeynalov nazirlikdə ofisində otururdu. Hər yerdə nəzarət kameraları var. Əgər deyilirsə ki, mən ona ofisində pul aparıb vermişəm, o zaman həmin kameralara baxıb bunu müəyyən etmək olar".

Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bildirib ki, "Aztelekom" MMC-nin direktoru Məhəmməd Məmmədov ifadəsində pul vəsaitlərinin baş mühasib Oktay Rüstəmov tərəfindən aparat rəhbəri olmuş Vidadi Zeynalova verildiyini deyib.

Vəkil Oktay Rüstəmovdan bu məsələyə münasibət bildirməsini istəyib. O. Rüstəmov hər kəsin öz fikirinin olduğunu deyib və əlavə fikir bildirməyib.

C.Yusifov bu suala Məhəmməd Məmmədovun da cavab verməsini istəyib.

"Aztelekom"un sabiq direktoru Məmmədov isə bu suala qəzəbli cavab verib: "Bu vəkillər istəyir ki, mən Vidadi Zeynalovun adını çəkim".

M.Məmmədov O.Rüstəmova əsəbi şəkildə müraciət edib: "Axı sən niyə ad çəkmirsən? Niyə göstərişi kimdən aldığını demirsən? Kimlərsə istəyir ki, mən ad çəkim".

Vəkil C.Yusifov M.Məmmədovun çıxışına replika ilə cavab verib:"Niyə demirsiz ki, Əli Abbasov göstəriş verib?"

M.Məmmədov isə vəkilin dedikləri ilə razışamayıb:"Əli Abbasov nə göstəriş verib ki?"

Daha sonra hakim sabiq Aparat rəhbəri Vidadi Zeynalova ifadə verməyi təklif edib. V.Zeynalov hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. O, ifadə verməməsinin səbəbini ittiham aktının bu günə qədər ona verilməməsi ilə izah edib.

Dövlət ittihamçısı ittiham aktını ona təqdim edə biləcəyini deyib:" Vidadi Zeynalovun ifadə verməmək hüququ var. Amma bu günə qədər ona ittiham aktının verilməməsi real deyil. Çünki ittiham aktı elan olunanda Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib. Dörd vəkili ittiham aktına istinad edərək suallar verirlər. Mən öz ittiham aktını sizə təqdim edəcəm. Amma orada qeydlərim var".

İttiham aktı təqsirləndirilən şəxsə təqdim olunub.V.Zeynalov növbəti prosesdə ifadə verəcəyini deyib.

Növbəti proses dekabrın 14-də davam edəcək.

* * *13:50

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin korrupsiyada və iri məbləğdə mənimsəmələrdə ittiham olunan bir qrup yüksək vəzifəli məmurlarının işi üzrə məhkəmə prosesinin növbəti dinləmələri keçirilib.

Virtualaz.org xəbər verir ki, bu dəfə prosesdə "Aztelekom" MMC-nin sabiq rəhbəri Məhəmməd Məmmədov ifadə verib.

O, ifadəsində göstərib ki, ömrü boyu rabitə sahəsində işləyib və həbs edilənlərin hər birini təcrübəli rabitçilər kimi tanıyıb: "Rabitə sahəsindən başqa heç yerdə işləməmişəm. İşlərimizdə nəsə səhvlərə yol verilib. Onun nəticəsidir ki, burdayıq. İstintaqa veriyim ifadəni təsdiq edirəm. Suallara cavab verməyə hazıram".

Dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxsin ifadəsini təsdiq etdiyi üçün ona sualının olmadığını deyib.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri isə M.Məmmədovun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. M. Məmmədovun ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsində bildirib ki, 2004-cü ildən "Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib. M.Məmmədovun ifadəsində deyilir ki, 2015-ci ildə "Aztelekom” İstehsalat Birliyinin bazasında "Aztelekom” MMC təsis edildi. Cəmiyyət nazirliyin tərkibinə daxil olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi.

İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi.



“MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, MMC-nin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu”-“Aztelekom”un keçmiş rəhbəri deyib.

Onun dediyinə görə beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom” MMC-dən "Aztelekom” MMC-nin hesabına aylıq 1-2 milyon manat arası vəsait köçürülüb. "Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün "Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb.

Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə "Optik Rabitə Montaj”, "Optik Rabitə Tikinti və Quraşdırma”, "Rabitəçi İstirahət Bazası”, "Qafqaz-S İnşaat” və "Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib.

Məmmədovun ifadəsndən: “"Aztelekom” MMC kimi nazirliyin digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait verildiyini eşidirdim, həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim".

M.Məmmədovun ifadəsindən məlum olub ki, o özünü heç bir mənimsəmə əməliyyatında təqsirli bilməyərək bütün pul köçürmə əməliyyatlarının baş mühasibi ilə Vidadi Zeynalov arasında aparıldığını deyib.



M.Məmmədov istintaqa ifadəsinin bəzi məqamları ilə razı olmadığını və mənimsəmə, xərclərin şişirdilməsi əməliyyatlarının kimlər tərəfindən aparılması ilə bağlı konkret ad çəkmədiyini deyib.

V.Zeynalovun müdafiəçilərinin suallarını cavablandıran M.Məmmədov mənimsənildiyi qeyd edilən məbləğin, nazirliyin rəhbərliyinə aylıq pul ödənilməsi tapşırığının kimlər tərəfindən verilməsini açıqlamaq istəməyib: "Mən istintaqda konkret ad çəkməmişəm. İndi də çəkməyəcəm. O vəsaitlərin idarə olunması nazirlik tərəfindən aparılıb. Hamısı layihələrin həyata keçirilməsinə köçürülüb, qovşaqlar ayrılıb".

Vəkil C.Yusifovun "Baş mühasib Oktay Rüstəmov Vidadi Zeynalova həmin məbləği kimin göstərişi ilə verib?" sualına təqsirləndirilın şəxs cavab vermək istəmədiyini deyib.

Vəkilin növbəti sualı "Niyə Oktay Rüstəmovun Vidadi Zeynalova bu qədər pul verməsi barədə nazirə məlumat vermirdiniz?" olub.



Sual protokoldan çıxarılıb. M.Məmmədov isə bu barədə yalnız eşitdiyini deyib:"Siz bizim işimizi ağırlaşdırırsınız. Sizə o lazımdır ki, mən nəsə deyim. Nazirlikdə bu sistemli şəkildə qurulmuşdu. Rəhbərlik, hər kəs məlumatlı idi. İndi burada Vidadi Zeynalov əyləşib. Başqası olsa idi, onu da burada əyləşdirəcəkdilər. Kimsə burada olmalı idi. Onlar da bizik. Ayrılan pullar, nazirliyə köçürülən pullarla bağlı Oktay deyirdi ki, bu pul oraya köçürülməlidir. Bu qərar da müzakirə edilmirdi. Amma niyə və nə məqsədlə köçürüldüyünü bilmirəm".

Vəkil E.Süleymanov M.Məmmədovdan özünü təqsirli bilmədiyi, mənimsəmə əməllərinə əl qoymadığı halda istintaq zamanı müəyyən edilmiş zərəri niyə ödədiyini soruşub.

M.Məmmədov həmin məbləğin dostları tərəfindən ödənildiyini deyib.

Məhkəmədə növbəti ifadə verən şəxs “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov olub. O, aylıq 1600 manata qədər maaş aldığını, heç bir qanunsuzluğa yol vermədiyini bildirib:" Mən burada qurbanlıq qoyun kimi oturmuşam”.

Məhkəmə prosesi nahar fasiləsindən sonra davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.