Toyundan bir həftə sonra həyat yoldaşını öldürən azərbaycanlı məhkəmədən yayınır

12-12-2016, 19:06   
Toyundan bir həftə sonra həyat yoldaşını öldürən azərbaycanlı məhkəmədən yayınır
Rusiyada toyundan bir həftə sonra xüsusi qəddarlıqla öldürülən Gülnar Vəliyevanın işi ilə bağlı bu gün məhkəmə iclasi keçirilməli idi. Məhkəmədə qətldə təqsirləndirilən G.Vəliyevanın həyat yoldaşı S.Həbibovun ifadə verəcəyi gözlənilsə də, iclas onun əl-ayağını sındırması səbəbindən təxirə salınıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb. Mənbə S.Həbibovun həqiqətən əl-ayağını sındırdığını dəqiqləşdirmək üçün onun qaldığı xəstəxanada olub. Qətldə təqsirləndirilən şəxsin həqiqətən orada müalicə aldığı məlum olub. Lakin S.Həbibov jurnalistlərə hər hansı məlumat verməkdən imtina edib.

O da məlum olub ki, girov müqabilində azadlığa buraxılan təqsirlinin yanında heç bir mühafizəçi olmayıb.

Xəstəxanadan isə bildiriblər ki, xəstə bura təcili yardım maşını ilə gətirilib. O, hamam otağında yıxılaraq əl-ayağını sındırdığını deyib. Lakin müayinə zamanı xəstənin ətraflarında hər hansı sınığın olmadığı məlum olub. Yalnız əl və ayaqda yüngül zədələr var.

Məhkəmə yanvar ayının 10-dək təxirə salınıb. Qeyd edək ki, 22 yaşlı Gülnar Vəliyeva ailə qurduqdan bir həftə sonra itkin düşüb. 34 yaşlı həyat yoldaşı S. Həbibov özü polisə onun itkin düşməsilə bağlı müraciət edib.

Lakin təkrar keçirilən əməliyyat–istintaq tədbirlərindən sonra qətli Samir Həbibovun törətdiyi ortaya çıxıb. O, saxlanıldıqdan sonra verdiyi ifadədə həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib:

“Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o, yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. “Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub”, - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.

Samir Həbibovu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləsə də, məhkəmə onu 3 milyon rubl (67 min 800 AZN) müqabilində azadlığa buraxıb.

Gülnar Əliyeva

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.