Türkiyə baş nazirinin Moskva səfərində “Qarabağ izi”, bu - işğalçıya da mesajdır; Ermənistanla ortaq ordu ilə bağlı Rusiya rəsmisindən ilginc etiraf; Ankara-Moskva anlaşmalarına erməni “kolu” o vaxtadək əngəl olacaq ki...
Türkiyə baş naziri Binəli Yıldırımın son Rusiya səfəri iki regional supergüc arasında münasibətlərin yeni fazaya keçdiyinin növbəti təzahürü oldu. Bir sıra təhlilçilər həmin səfəri kifayət qədər uğurlu hesab edirlər. Ziyarətin Azərbaycanla bağlı önəmi isə səfər çərçivəsində Dağlıq Qarabağ məsələsinin də diqqətdə saxlanmasıdır.
“Türkiyə baş nazirinin Rusiya ziyarəti zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər”. Bu barədə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rəcai Bərbər deyib. Onun sözlərinə görə, əvvəldən Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.
“Əslində Ermənistan da bu problemin həllini istəyir, çünki Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq”, - Dostluq Qrupu rəhbəri bildirib.
Onun dediyinə görə, Türkiyə, məsələn, Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir. Lakin R.Bərbər əlavə edib ki, Ankara ilə İrəvan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sonra mümkündür.
***
Bu isə artıq Rusiyanın məsələsidir. Ona görə ki, bizim problemimiz nə qədər Türkiyənin problemidirsə, bir o qədər işğal məsələsi də ermənilərlə yanaşı, Moskvanın ortaq problemidir. Şübhəsiz ki, Moskva və Ankara arasında yaxınlaşma Qarabağ ixtilafının dinc həlli üçün müəyyən ümidlər yaradır. Lakin o da var ki, Türkiyə və Rusiya bir-biri ilə müxtəlif sahələr üzrə nə qədər yaxın olsa da, iqtisadi-ticari, energetik tellərlə bağlı olsa da, gerçək belədir ki, onlar hələ ki strateji tərəfdaşlıqdan o yana keçə və Kremlin arzuladığı kimi siyasi, hərbi müttəfiqlərə çevrilə bilmir. Çünki Türkiyə dünyanın ən iri hərbi-siyasi bloku olan və Rusiyanın ən çox çəkindiyi NATO-nun üzvü olaraq qalır. Özü də o, alyansın ən güclü üzvlərindən biri, eyni zamanda NATO-nun cənub-şərq cinahının əsas dövlətidir.
Bunu əlbəttə ki, Kremldə də yaxşı anlayırlar. Yəni, orada yaxşı fərqindədirlər ki, Ankara-Moskva hərbi, hətta siyasi əməkdaşlığı bəlli bir cizgiyədək mümkündür. Ondan sonra ya gərək Türkiyə NATO-dan ayrıla, ya da Rusiya NATO ilə dostlaşa. Bu xüsusda Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkovun Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması haqda APA-ya açıqlaması diqqət çəkir.
Həmin qruplaşmanın Azərbaycana heç bir problem yaratmadığını deyən Rusiyalı siyasətçi bəlkə heç özü də istəmədən Türkiyə amili ilə bağlı ilginc bir etirafda bulunub. Sitat: “Ermənistan Rusiyanın hərbi müttəfiqidir və o, NATO üzvü olan ölkə ilə həmsərhəddir. Ona görə də hərbi müttəfiq münasibətləri şərtlərində birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalamaq tamamilə məntiqə uyğundur. Məsələ ondadır ki, bu saziş Azərbaycana problem yaradırmı? Fikrimcə, heç bir problem yaratmır. Çünki Azərbaycan Rusiyanın ən yaxın strateji tərəfdaşdır”.
Image result for Recai Berber
Onun zənnincə, Rusiyanın regionda öz nüfuz dairəsini genişləndirməsi Azərbaycanın əleyhinə ola bilməz: “Moskva Bakı və İrəvan arasında balansı gözləmək barədə özünə hesabat verir. Məncə, Moskva bu balansı pozmur və heç vaxt da pozmayacaq. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ermənistanla isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İttifaqında əməkdaşlıq edirik. Fikrimcə, Bakı bu məqamı yaxşı başa düşür. Mən dəfələrlə Bakıda olmuşam, Azərbaycan rəhbərliyi ilə görüşmüşəm. Rusiyanın siyasətində Azərbaycanın narahatlığına səbəb olacaq heç nə görmürəm”.
Diqqət edildisə, Puşkov Ermənistanla Rusiyanın ortaq ordusunun yaradılmasında əsas hədəf kimi işğalçı ölkənin NATO üzvü Türkiyə ilə həmsərhəd olmasını göstərir. Belə çıxır, Moskva Türkiyə sarıdan özünə qarşı hansısa təhlükə gözləyir. Yaxud ən azından, Ankaraya elə də etibar eləmir - hər nə qədər onunla geniş iqtisadi-ticari iş birliyində olsa da.
***
Image result for Russia and turkey
Beləcə, əslində Rusiya və Türkiyə bölgədə “mehriban düşmənlər” kimi qalmaqdadır. Doğrudur, qardaş ölkə hələ ki nə Rusiyanın onun sərhədləri yaxınlığında “İsgəndər M”lər yerləşdirməsinə, nə də işğalçı ölkə ilə ortaq hərbi qruplaşma yaratmasına reaksiya verməyib, etiraz bildirməyib - halbuki, analoji raket sistemlərinin Kalininqradda yerləşdirilməsi NATO sərt reaksiya doğurub.
İstisna deyil ki, Türkiyə Rusiya ilə münasibətlərin mühüm dönəmində, Suriya böhranı ilə bağlı dönüş ərəfəsində onu izafi qıcıqlandırmaq istəmir. Ancaq nə baş verdiyinin də Ankara şübhəsiz ki, fərqindədir. Odur ki, Türkiyə də regionda öz əsas strateji müttəfiqi Azərbaycanla birgə öz oyununu davam etdirməli, hərbi təlimlər də daxil, ortaq projelərini həyata keçirməli, iki işğalçı dövlət - Rusiya və Ermənistanla bağlı bu qəbildən gəlişmələrə və çağırışlara Bakı ilə bahəm adekvat cavab verməlidir.
Yeri gəlmişkən, əksər hərbi analitiklərə görə, iki qardaş ölkə arasında hərbi müttəfiqlik sazişi imzalamağın vaxtı çatıb. Hər necə olmasa, hərənin öz milli-dövlət maraqları. Rusiya öz maraqlarından vaz keçmirsə, Türkiyə və Azərbaycan niyə keçməlidir ki?
Image result for Kreml
Zatən, vaz keçməyə lüzum da yox. Yetər ki, Rusiya bölgədə Ermənistan da daxil, ikitərəfli və çoxtərəfli əlaqələrin və əməkdaşlığın inkişafına əngəl yaradan Dağlıq Qarabağ məsələsinin həllində nəhayət, obyektiv mövqe tutsun, real addımlar atsın, işğal altındakı ərazilərlə bağlı Ermənistana təzyiqlər eləsin. Əks halda, Rusiya heç vaxt Türkiyə və Azərbaycanı qazana bilməyəcək.
Ankaranın Qarabağla bağlı yürütdüyü siyasətin mahiyyəti də budur - hansını ki, Türkiyə yetkilələri prezident Rəcəb Tayib Ərdoğan başda olmaqla son vaxtlar kifayət qədər açıq şəkildə ortaya qoymaqdadırlar. Binəli Yıldırımın Moskva səfəri də istisna olmadı. Bütün bunlar Kremlə aydın bir mesaj, ismarışdır ki, seçimini eləsin: bölgədə kiminlə müttəfiq olmaq və möhkəmlənmək istəyir - Rusiyanın ucqar quberniyası Ermənistanla, yoxsa bölgənin həlledici dövlətləri olan Türkiyə və Azərbaycanla?
Siyasət şöbəsi