İsrailin nüfuzlu nəşri Benyamin Netanyahunun Azərbaycana səfərindən yazır
"The Jerusalem Post " baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə İranın ağrılı münasibətinə diqqət çəkir. İranın bir sıra tanınmış din xadiminin bu səfərə qarşı çıxması barədə konkret açıqlamaları təqdim edir.
Məsələn, nəşr Seyid Həssən Əməlinin aşağıdakı fikrinə yer ayırır: “Azərbaycan İsrail üçün ona görə gərəklidir ki, bu ölkə İranın qonşuluğunda yerləşir. Azərbaycanın İsrail üçün nə iqtisadi, nə də hərbi baxımdan elə bir önəmli yoxdur”.
Qəzet onu da vurğulayır ki, İsrail baş nazirinin səfəri ərəfəsində- cümə günü Təbrizdə kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar tələb edib ki, Azərbaycan Benyamin Netanyahunu qəbul etməkdən imtina etsin. Bu kontekstdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin aşağıdakı fikri qabardılır: “Bu səfər Azərbaycanın İslam Dünyası qarşısında üzərinə götürdüyü öhdəliklərə ziddir”. Səfir hesab edir ki, Azərbaycan İslam xalqlarının anlaşmasına uyğun olaraq İsraillə hər hansı razılaşmadan çəkinməli və Sionist rejimin təcrid olunmasının aradan qalxmasına xidmət göstərməməlidir.