Bakıda türk diplomatın 15 yaşlı qızının müəmmalı ölümü YENİLƏNİB

21-12-2016, 15:13   
Bakıda türk diplomatın 15 yaşlı qızının müəmmalı ölümü YENİLƏNİB
Hüquq-mühafizə orqanları Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Aslan Azmi Gülerin 15 yaşlı qızının müəmmalı ölümü ilə bağlı bütün versiyaları araşdırır.

“Sputnik” agentliyinin Nəsimi polisindən əldə etdiyi məlumata əsasən qızın özünü yaşadıqları binada pəncərədən ataraq öldürməsi hələ təsdiqlənməyib. İstisna deyil ki, o, bədbəxt hadisə nəticəsində ölüb, yaxud hadisənin qəsd olduğu da istisna olunmur.

Xəbər verildiyi kimi 2001-ci il təvəllüdlü Şəvval Ummuxan Arslan qızı Günlər, özünü Sarabski küçəsindəki 16 saylı, 14 mərtəbəli evin 10-cu mərtəbəsinin pəncərəsindən atıb. Araşdırma zamanı məlum olub ki, qız Türkiyənin Azərbaycandakı səfirliyinin gömrük rejiminə cavabdeh müşaviri Arslan Əzmi Günlərin qızıdır. Bu intihar faktı ilə bağlı əvvəlcə başqa versiya səslənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədbəxt hadisənin qurbanı olduğunu düşünürlər.

Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri deyiblər: "Biz hadisənin baş verdiyi yerə — uşaq otağına baxış keçirdik. Qızın yıxıldığı pəncərə ilə döşəmə arasındakı məsafə çox qısadır və pəncərə şəhərin mərkəzi hissəsinə açılır. Ehtimal edilir ki, qız Bakı gecəsinin işıqlarına tamaşa etmək üçün pəncərədən bayıra baxırmış və bu vaxt müvazinətini saxlaya bilməyərək yerə düşüb. Həmin otağın döşəməsi sürüşkəndir, Şəvval Ummuxan isə həmin vaxt corabda olub".

Türkiyə vətəndaşının ailəsi qızı intellektual kimi xarakterizə edib. O, dərslərini yaxşı oxuyurmuş və valideynləri ilə çox isti münasibəti varmış. Buna görə də, valideynləri heç cür anlaya bilmirlər ki, yeniyetməni intihara nə vadar edə bilərdi. Hadisənin baş verdiyi yerdə qızın bu hərəkətini izah edə biləcək heç nə tapılmayıb.

* * *14:40

Azərbaycanda intihar edən türk diplomatının qızının hansı litseyin şagirdi olduğu məlum olub.

APA-nın apardığı araşdırmalar nəticəsində 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib. Litseyin direktoru Rəcəb Batur sayta açıqlamasında Şəvval Günlerin litseydə cəza aldığını təsdiqləyib: “Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?” Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: “Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu”. Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır.

Agentliyin əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə onun yerdə cansız vəziyyətdə uzandığını görüb. Xatırladaq ki, qızın nəşi ötən gecə ölkəsinə yola salınıb.

* * *10:08

Bakıda təhsil alan Türkiyə vətəndaşı, 15 yaşlı Günler Şavval Ummuhan qızı intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Gənc qız litseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən mənzillərindən ataraq intihar edib.

İntihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.