Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə onun yerinə əsas namizəd olan "Piter Elçin" kimi tanınan avtoritetin daha bir qardaşı öldürülüb.
Axar.az xəbər verir ki, Lənkəranskinin yaxın adamlarından biri olan "Piter Elçin"in Fariz adlı qardaşı Masallıda qətlə yetirilib.
Hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb. Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb. Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Report hadisənin 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Folksvaqen-Passat" markalı avtomobildə olan naməlum şəxs tərəfindən avtomat silahla törədildiyi barədə xəbər yayıb.
Xatırladaq ki, Rövşən Lənkəranskinin kriminal aləmdə yerinə əsas namizəd olan "Piter Elçin"in daha bir qardaşı bir müddət əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilib. Ehtimal edilir ki, "Piter Elçin"in Lənkəranskini əvəzləməsinin qarşısını almaq üçün ardıcıl olaraq tanınmış avtoritetin yaxınlarına qarşı qətllər törədilir.