İrəvanın təbliğat maşınına növbəti zərbə; Bakı Sülh Platformasına qoşulanların sayı bu il daha sürətlə artacaq, çünki...; Ermənistan rəhbərliyinin seçki təbliğatı da fiasko ola bilər; Tamilla Arzumanyan: “İrəvanda hamı yaşamaq uğrunda mübarizə aparır...”
Ötən ilin Qarabağ mövzusunda bir mühüm detal da heç sübhisiz ki, Azərbaycanın işğalçı ölkəyə qarşı təbliğatda əldə elədiyi bənzərsiz uğur oldu. Kriminal Sərkisyan rejimi tərəfindən təqib edilən bir neçə erməni ictimai-siyasi fəalın Bakıya gələrək, burada Xocalı soyqırımı abidəsini ziyarət eləməsi və öz xalqı adından üzr istəməsi, az sonra Azərbaycanla Ermənistan arasında Sülh Platformasına imza atması həqiqi mənada düşmən ölkə rəhbərliyi üçün şok effekti yaratdı.
Eyni zamanda bu hadisə faktiki surətdə Dağlıq Qarabağ məsələsində keyfiyyətcə yeni bir mərhələnin, həm də Azərbaycanın təbliğati uğuru ilə başlanan bir mərhələnin əsası qoydu. Proses hələ təzə başlayıb. Əgər ötən ilin noyabrında yaradılan platformaya əvvəlcə 3 erməni imza atmışdısa, ilsonu sənədə qoşulanların sayı 7-yə çatdı. Təzə il başlar-başlamaz isə daha bir erməni ictimai xadimin, həm də ailəlikcə Sülh Platformasına qoşulmağa hazır olduğu bəlli olub.
***
Xəbər verildiyi kimi, sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və hüquqları daima pozulan Ermənistan vətəndaşı Tamilla Arzumanyan Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, öz hüquqlarının bərpa edilməsini istəyib. T.Arzumanyan və onun ailə üzvləri - həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.
T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni ildən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Dünən isə Arzumanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb. O, kömək üçün Azərbaycana müraciət etmək niyyətində olduğunu bir daha təsdiqləyib: “Çünki anladım ki, öz ölkəmdə mənə və ailəmə kömək etmək fikrində olan yoxdur - baxmayaraq ki, ailəmlə birlikdə Fransadan Ermənistana qayıdandan sonra (orada bizi Ermənistan səfirliyi və Liondakı erməni kilsəsi qarət etmişdi), 2015-ci ildən başlayaraq istisnasız olaraq Ermənistandakı bütün səlahiyyətli orqanlara, Ermənistan Respublikasında Fransa səfirliyindən tutmuş, DTX və Prezident Aparatı da daxil olmaqla, müraciət etmişəm, bizə kömək edən yoxdur. Bizim tərəfə heç tüpürmək belə istəmirlər”.
Müharibənin nə erməni, nə də Azərbaycan xalqlarına lazım olmadığını vurğulayan erməni ictimai fəal “Hər iki tərəf nəhəng insan itkisi verdi. Bu, bizə yalnız çox böyük ağrı və məşəqqət gətirdi, halbuki bunlar olmaya da bilərdi”, - deyə qeyd edib.
“Özünüz və ailəniz İrəvandasınız. Orada vəziyyət necədir, insanların əhval-ruhiyyəsi hansı vizəyyətdədir, nəyə ümid edirlər” sualına o belə cavab verib: “Faktiki olaraq 21-ci əsrin qətliamına məruz qalan xalqın əhvalı və ümidləri necə ola bilər? Hamı yalnız gündəlik problemləri ilə məşğuldur, həyatda qalmağa çalışır, gündəlik çörəkpulu dalınca qaçır. Əksər hallarda bu artıq mümkün olmur”.
Bu yaxınlarda Bakıda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaradılan Ermənistan və Azərbaycan arasında Sülh Platformasını sosial şəbəkələrdə dəstəkləmiş Tamilla Arzumanyan bir daha öz mövqeyini təsdiqləyərək deyib: “Bəli, biz, bütün mənim ailəm sülh istəyirik. Bu sülh hər iki xalqın arzusudur və o zəruridir. Müharibədən, qurbanlardan və bu illərdə keçdiyimiz əzab-əziyyətdən yorulmuşuq. Fikrimcə, Bakı platforması bizi çatmağa can atdığımız məqsədə - sülhə və sağlam düşüncəyə yaxınlaşdırmaq iqtidarındadır”. Erməni ictimai fəal Bakıya gəlməyə hazır olduğunu deyib:
“Əgər Azərbaycan ailəmin təhlükəsizliyinə zəmanət verərsə, bəli, biz gəlməyə hazırıq”.
***
Yəqin ki, Azərbaycan tərəfi belə bir təhlükəsizlik qarantını Arzumanyan ailəsinə də verəcək. Hər halda, birinci dəfə deyil. Üstəlik, bu kimi səfərlərin Qarabağa məsələsində rəsmi Bakıya hansı qiymətli təbliğati dividentləri gətirdiyi ortadadır. Artıq erməni ictimai fəallardan biri Bakıda - haqqin.az saytında işə də düzəlib.
Ən önəmlisi, bu kimi faktlar Azərbaycan haqda tolerant ölkə imicini möhkəmlədir ki, bu da düşmən tərəfinin ölkəmizə qarşı ənənəvi tezislərini darmadağın edir. Axı Sərkisyan klanının əsas arqumenti budur ki, “ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya, dil tapa bilməz, Azərbaycanda isə belə şey, ümumiyyətlə, mümkün deyil”.
Ərazilərimizin işğalına dünyanın gözündə haqq qazandırmağa hesablanmış bu təbliğata cəmi bir neçə erməni qısa zamanda ciddi zərbə vurub. Proses yəqin ki, təzəcə başlayıb və 8 erməni ilə də bitməyəcək. Növbəti dalğa yəqin ki, Arzumanyanın ailəsi Bakıya gələndən sonra başlayacaq və 2017-ci il ərzində proses daha sürətlə gedəcək.
Həm də o səbəbə ki, erməni xalqı xüsusən də aprel döyüşlərindən sonra acı gerçəyi bütün ciddiliyi ilə əxz edib. O sırada böyük müharibənin ona nə vəd elədiyinə əminlik hasil edib. Sadə ermənilər hakimiyyəti qəsb eləmiş Qarabağ klanının hakimiyyət oyunları yolunda daha qurbanlıq olmaq istəmirlər. Bu xüsusda işğalçı ölkə rəhbərliyinin təzəcə başlayan seçki təbliğatı da böyük ölçüdə fiasko ola bilər. Çünki ermənilərin Bakı səfərləri, Sülh Platformasına qoşulan ermənilərin sayının artması istər-istəməz hakim partiyanın siyasi opponentlərinin mövqeyini gücləndirəcək.
Siyasət şöbəsi