Zahid Oruc hakimiyyətin quru sərhədlər planını açıqladı - iki qonşuda eskalasiya, qaçqın təhdidi və...

26-11-2024, 09:14   






Hakimiyyətin daxili və xarici siyasətdə strateji istiqamətlərinə dərindən bələd olan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc noyabrın 25-də parlamentin plenar  iclasında olduqca mühüm bir anons vermiş olub. Anaxeber.info məlumat verir ki, bu mesaj indidən əhaliyə ötürülən xəbərdarlıq ola bilər. Söhbət quru sərhədlərin bağlı saxlanması və bunun izahının verilməsindən gedir. Millət vəkili Zahid Oruc bu mövzuda çıxış edərkən əslində, qarşıdakı dövrdə hansı qərarın veriləcəyinə işarə edib və kodlarını sadə şəkildə açıb. Buna qədər sərhədlərin bağlı saxlanmasının səbəbi  təhlükəsizlik göstərilirdi. Amma deputat Zahid Oruc xalq kütlələri üçün daha aydın, sadə dildə və açıq danışıb. O, belə deyib - açıq danışmalıyıq...
Bəli, millət vəkili iqtidarın siyasi "mətbəxi"nə bələd olduğu üçün həm cəmiyyəti məlumatlandırıb, həm də real problemlə bağlı həyəcan təbili çalıb. Belə ki, parlamentin İnsan Hüquqları Komitəsinin sədri quru sərhədlərinin açılmasının yüz minlərlə şəxsin ölkəyə axını ilə nəticələnə biləcəyini deyib. O bildirib ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən yüz minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələlənə bilər:
"O cümlədən, İranda hərbi zərbələrdən qorunmaq üçün yüz minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.
Göründüyü kimi, daha əvvəl sərhədlərin bağlı qalmasının səbəbi olaraq təhlükəsizlik qeyd olunsa da, daha açıq dildə deyilməmişdi. Görünür ki, dövlət şimal və cənub qonşularımızdan qaçqın dalğası olacağından narahatdır. Bu, Zahid Orucun dediyi kimi, ciddi şəkildə sosial, iqtisadi və humanitar təhdid yaradan faktordur. Hazırda hər iki qonşumuz qlobal münaqişənin içərisindədir. Artıq Ukraynada başlayan hərbi əməliyyatlar Rusiya ərazilərinə keçib və Kiyev dərinliklərə zərbələri gücləndirsə, böyük qaçqın axını ola bilər. Qeyd edək ki, prezident İlham Əliyev bu mövzuda daha əvvəl danışıb. Dövlət başçısı deyib ki, quru sərhədlər əvvəlcə pandemiya səbəbindən bağlandı, indisə sərhədimizdən şimala doğru müharibə gedir. Hətta son çıxışında bildirmişdi ki, quru sərhədlərin qapalı saxlanması nəticəsində böyük fəlakətdən xilas olmuşuq. Beləliklə, millət vəkili Zahid Orucun da bu çıxışı əminlik yaradır ki, quru sərhədlər qarşıdakı dövrdə açılmayacaq və hərbi eskalasiyalar Azərbaycanı qaçqın problemi ilə təhdid edir. Azərbaycan isə öz keçmiş qaçqınlarının qayğılarını həll etmək üçün 30 il böyük layihələr həyata keçirib, indisə azad edilən əraziləri bərpa edirik. Belə şəraitdə, müharibədən yeni çıxmış ölkənin Rusiya və İrandan qaçqın qarşılamaq gücü yoxdur.


Anaxeber.info

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar