vəkilləri ortaq fikrə gəldilər
“Yanan bina işi” vəkillərinin ortaq arqumenti: “Həqiqət ortaya çıxarılmayıb”.
Vəkil Cavid Rzazadə müdafiə çıxışında ittihamda yazılanları xəyal məhsulu adlandırıb
“Bu işdə günahı olanlar istintaqa cəlb olunsaydılar, həqiqət də ortaya çıxardı”. Bu sözləri 2015-ci il mayın 19-da Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnmiş bina yanğını barədə məhkəmə çıxışında vəkil Cavid Rzazadə dilə gətirib. O, binaya vurulmuş poliuretan üzlükləri buraxan “Global Stone” şirkətinin baş direktoru olmuş Uğur Bəşirovun hüquqlarını qoruyur.
Buna da bax: Yanan bina işi: Neftə hopdurulmuş kəndirlə binanı kim yandırmaq istəyib?
Uğur Bəşirov və daha 7 nəfərin mühakimə olunduğu bu məhkəmə yekunlaşmaq üzrədir. Məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Artıq vəkillərin çıxışı mərhələsidir.
“Bu işdə təqsirlilər istintaqa cəlb olunsaydılar”
Yanvarın 10-da keçirilən məhkəmədə vəkil Cavid Rzazadə müdafiə çıxışında ittihamda yazılanları xəyal məhsulu adlandırıb: “İttiham söz yığınından başqa bir şey deyil. Bu işdə təqsirlilər istintaqa cəlb olunsaydılar, faktlar ortaya çıxardı. İttihama görə, Uğur Bəşirov 2013-cü ildə Gəncədə olanda, qohumu Miryusif Mahmudov ona qanunsuz göstərişlər verib. Belə çıxır ki, Uğur Bəşirov Miryusif Mahmudovla qohum olduğuna görə həbs edilib”.
Vəkil məhkəmədən müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını xahiş edib.
Ardınca 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, həmin rayonun İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun vəkili söz alıb. Vəkil müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını bildirib: “Müvəkkilim heç bir sənədə imza atmayıb. Binada üzləmə işləri başlanandan bitənəcən orada başqa şəxslər işləyib. O, binanın təhvilində iştirak etməyib, belə bir səlahiyyəti də olmayıb. Ədalət Rəcəbovun ittiham olunduğu maddələrlə təqsirli olması sübuta yetirilməyib”.
Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib: “Ədalət Rəcəbova bəraət verilməli, barəsində həbs-qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından azad olunmalıdır”.
“Təqsirləndirilən şəxslərin heç biri...”
Digər təqsirləndirilənin - Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucovun vəkili Pərviz Zamanlı da çıxışında müdafiə etdiyi şəxsin cinayətə aidiyyatı sübuta yetirilmədiyindən, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib: “Nizami Orucova digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olması ilə bağlı verilən ittiham istintaq materialları ilə sübuta yetirilməyib. Bu nə təqsirləndirilən şəxslərin ifadələrində, nə də digər istintaq materiallarında təsdiqini tapır. Təqsirləndirilən şəxslərin heç biri tikinti işləri aparılan zaman Nizami Orucovdan hər hansı tapşırıq, təklif, məsləhət almayıb. Qanuna görə, ittiham olunan şəxsin cinayət törədilməsinə aidiyyəti olmadığı, təqsirliyi sübuta yetirilmədiyi halda təqsirsizliyini təsdiqləyən bəraət hökmü çıxarılır”.
Məhkəmə yanvarın 11-də o biri vəkillərin çıxışı ilə davam edəcək.
Xatırlatma
Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilməyib.