Gəncə Dövlət Universitetində qış semestri qabağı "bazarlıq" başlayıb .
Qlobal.az verilən məlumata görə, qış semestri ərəfəsində Gəncə Dövlət Universitetinin kolidorlarında "canlanma", "xısınlaşma", "pıçhapıç" müşahidə olunur.
Birbaşa rektor Yusif Yusibovun göstərişi ilə başlanıldığı iddia olunan rüşvət kampaniyasına universitetin "sınaq"dan keçmiş müəllim və tələbələri səfərbər olunub.
Qeyd edək ki, saytımıza verilən məlumatda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun universitetdə qurduğu rüşvət mexanizminin şərtlərinə görə tələbələrdən yığılan rüşvət sonradan faiz nisbəti ilə prosesdə aktivlik nümayiş etdirən müəllimlərə qaytarılır. Deyilənə görə rüşvət bu universiteti o dərəcədə sarıb ki, hətta universitetin təsərrüfat sahəsində çalışan işçiləri də tələbələrdən rüşvət alaraq müəllimlərə ötürürlər.
Məlumata görə, Yusif Yusibovun universitetə rektor təyinatından sonra nüfuzu ciddi zədələnən universitetdə elmdən artıq heç bir əsər-əlamət qalmayıb.
Universitetdə müəllim peşəsinin şərəfini qoruya bilən az saylı müəllimlər isə baş verənlərə təsir etmək gücündə deyillər. Baş verən dərəbəyliyə etiraz etmək istəyən müəllimlər isə işlərindən azad olunacaqları ilə hədələnirlər.
Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir ki, Gəncə Dövlət universitetindəki biabırçı vəziyyətlə Prezident Administrasiyasında da məlumatlıdırlar. Dəfələrlə universitetidəki neqativ halların təclili olaraq aradan qaldırılması üçün Təhsil nazirliyinə müvafiq tapşırıqlar verilsə də, bu istiqamətdə nəzərəçarpacaq işlər həyata keçirilməyib. Səbəb isə təhsil nazirinin müavini Ceyhun Bayramovun rektor Yusif Yusibovla dost olmasıdır.
Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığını xüsusi vurğulamışdı. Ölkənin ən qədim və böyük universitetlərindən biri olan Gəncə Dövlət Universitetindəki bu günkü durum gəncliyimizin elminə edilən qəsddir. Bu universitetdə baş verənlər bütövlükdə dövlətin apardığı təhsil siyasətinin əleyhinə çıxmaqdır.
Universitetdə artıq təhsil deyilən bir anlayış qalmayıb. Buna sübut kimi isə son illərin statistikasına nəzər salmaq kifayətdir.
Bir vaxtların ən qocaman elm məbədlərindən olan Gəncə Dövlət Universitetində bu gün intriqa, rüşvət, dedi-qodu, şər-şəbədə, nizamsızlıq meydan sulayır.
Başqa vaxt universiteti otaq-otaq gəzib tələbələrə "yaxşı" rektor olduğunu nümayiş etdirən Yusif Yusibov semestr öncəsi nədənsə "qeybə" çəkilib. Şikayətə gələn tələbələrə isə hər dəfə rektorun yanında nazirlikdən nümayəndələrin olduğu deyilir. Qeyd edək ki, tələbələrdən alınacaq rüşvətin miqdarının fakultədən-fakultəyə dəyişdiyi söylənilir. Ötən ilki ilə nəzər salanda görürük ki, bu il "təyin" olunan qiymətlər kifayət qədər bahadır. Belə ki, "3" 50, "4" 70, "5" isə 100 manat olubdur. Qiymətlərin bu qədər baha olmasına etiraz etmək istəyən tələbələrə isə müəllimlər ölkədə böhran yaşandığını, milli valyutanın dollarla olan nisbətini deyirlər.
Qeyd olunur ki, universitetdə ən pis durumda- psixoloji gərginlikdə olanlar qrup nümayəndələridir. Bildirilir ki, daim müəllimlər ilə tələbə yoldaşlarının arasında qalan qrup nümayəndələri "keys" işini həyata keçirməkdən artıq beziblər...
Güman edirik ki, Gəncə Dövlət Universitetində baş verən proseslərə ölkənin müvafiq qurumları zamanında müdaxilə edə biləcəklər. Əks halda burada elm, təhsil adına olan son işartılar da söndürüləcəkdir.
Qarşı tərəf də münasibət sərgiləyə bilər.
Qlobal.az