Deputat Hadı Rəcəblinin qudası Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyinatından sonra barəsində ittihamlar səngimək bilmir
Politika.Az-ın xəbərinə görə, BSU-nun önündəki mozaikanı sökməsi ilə gündəmə gəlmiş və təhsil naziri Mikayıl Cabbarov tərəfindən töhmət almış rektorun əməlləri bununla məhdudlaşmır.
Rektor Milli Qəhrəmanın BSU-ya buraxılmaması, ali məktəbdə öz qaydalarını tətbiq etməsi olayları ilə də diqqət mərkəzinə gəlib. Hazırda isə Slavyan universitetində imtahanların hansı səviyyədə keçirildiyi maraq doğurur.
Ekspert Etibar Əliyev bildirib ki, BSU-da kolxoz qaydaları ilə imtahan sessiyası keçirirlər: “Yəqin onun başı yeni icad etdiyi kolxoz-sessiya modelinə qarışdığı üçün Milli Qəhrəmanın gəlişini hiss etməyib. Nurlana xanım imtahanları “pole-çudes” formasında aparır. Səhər tezdən 40-50 müəllimi universitetə çağırırlar ki, imtahana nəzarət edəcəklər.
Sonra onların arasından 5-10 nəfəri seçib həmin gündə keçirilən imtahan prosesinə cəlb edirlər. Digərlərinə isə deyirlər ki, gedə bilərsiniz. İmtahanlar kollecdən gətirilən dekan müavinlərinin nəzarətinə verilib. Sessiyanı onlar “idarə edirlər”.
E.Əliyev bildirib ki, BSU-da belə bir etimadsızlıq mühiti yaradılıb: “Təhsil Nazirliyinin kollegiyası Nurlana xanıma yol verdiyi ciddi nöqsanlara görə xəbərdarlıq edib. Ancaq hiss olunur ki, bir xəbərdarlıq azdır.
Fürsətdən istifadə edib, bir məsələni də vurğulamaq istəyirəm: Təhsil Nazirliyi Slavyan Universitetində imtahan sessiyasına nəzarət etməlidir. Böyük narazılıqlar var. Bəlkə Təhsil Nazirliyinin əməkdaşları da turniketi keçə bilmirlər?
Ancaq çalışıb keçməlidirlər. Kollecdə “ad-san” çıxarmış adamların əməllərinə mütləq nəzarət olunmalıdır. Bir daha vurğulamağı özümə borc bilirəm ki, Slavyan Universiteti bu günə salınmamalı idi”.
Politika.Az-ın xəbərinə görə, rektor özünə yaraşmayan ifadəsi ilə də medianın gündəminə gəlmişdi.
Bir universitet rektorunun işlətdiyi İfadələrə diqqət edək: “Ağzın haradan cırılıb”, “Sən haranın dələduzusan”, “Bu, ən böyük şərəfsizlikdir”, “ləhləyə-ləhləyə pilləkən qalxanlar…”
Bəli, bu, bir rektorun, “Yeni Azərbaycan” Partiyasının Qadınlar Şurasını, partiyanın İdarə Heyətini, 26 il təhsil müəssisəsində təşkilatçı kimi işləyən insanın, böyük təltiflərin sahibinin, prezidentin sərəncamı ilə “Şöhrət” ordeni, əməkdar müəllim adını almış xanımın müsahibəsidir. Və elə bu aqressiv cavab tərzinin nəticəsi olaraq, sosial media istifadəçiləri də bu sözləri, bu fikirləri ciddi tənqid atəşinə tutdular.
Təəssüflər olsun ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyinə gətirilən hər yeni rektor illər uzunu yığılıb qalan neqativ halları aradan qaldırmaq əvəzinə nöqsanlı fəaliyyətilə əlavə problemlər yaradır.
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyevin gedişindən sonra çoxları elə zənn edirdi ki, yeni rektor ciddi islahatlara imza atacaq və universitetdə müsbətə doğru dəyişikliklər baş verəcək. Lakin hazırda bunun tam tərsinin müşahidə olunur.
Politika.Az