Trampa qarşı “Maydan ssenarisi”: Putin yeni prezidentin devriləcəyindən qorxur

21-01-2017, 19:23   

Arzu Nağıyev: “Putin Tramla yaxınlaşmağa, ondan istifadə etməyə çalışır”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Donald Trampla bağlı sensasion iddia ilə çıxış edib. Putin Trampa qarşı olan siyasi güclərin onu devirməyə çalışdıqlarını bildirib: “Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələyərək, ona qarşı “Maydan” təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Belə təəssürat yaranır ki, onlar Kiyevdə məşq edəndən sonra Vaşinqtonun özündə də “Maydan” təşkil edib bütün mümkün yollarla Trampı hakimiyyətə yaxın buraxmağa çalışırlar”.

Qeyd edək ki, Donald Tramp seçki kampaniyası zamanı tez-tez Putini tərifləyib və ona şəxsi simpatiyasını ifadə edib. Habelə mühüm beynəlxalq məsələlərlə bağlı Kremlin nöqteyi-nəzərinə uyğun olan bəyanatlarla çıxış edib və etməkdədir. ABŞ-da yaxın günlərdə Trampın Rusiya tərəfindən ələ alındığı iddia olunan məxfi dosye mətbuata sızdırılıb.

“Ruspərəstliyi ona baha başa gələcək”

Seçki kampaniyası ərəfəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Morel sensasion iddia ilə çıxış etdi. Morel “New Tork Times” qəzetində yazdığı məqaləsində prezidentliyə namizəd Donald Trampın agent olaraq Rusiya prezidenti Vladimir Putin tərəfindən ələ alındığını iddia etdi: “Kəşfiyyat dili ilə desək, Putin Trampı Rusiyanın agenti kimi işə götürmüşdü. Tramp Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırdır, Demokratlar Partiyasının elektron poçtunun rusiyalı hakerlər tərəfindən dağıdılmasından razılıq etməsi və NATO-nun Şərqi Avropada mövqelərini zəiflədəcəyi ilə bağlı açıqlamaları da bununla izah olunmalıdır”. Bir neçə gün əvvəl isə Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv olunacağı xəbərdarlığını edib. Rusiya KİV-ləri və siyasi analitikləri Trampın açıq formada hiss olunan ruspərəstliyinin ona baha başa gələcəyini bildirirlər. Hesab olunur ki, ABŞ-da yeni prezident əleyhinə başlamış etiraz mitinqləri onu devirmək planının ilkin siqnallarıdır.

“Co Bayden, Con Kerri, Con Makkeyn… Reks Tillerson…”



Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə bildirib ki, Putin özünü Trampa loyal göstərməyə çalışır. A.Nağıyev hesab edir ki, Rusiya rəhbərliyi Trampı prezident kimi görmək istəyirdi, buna da nail oldu: “Buna görə də seçkiqabağı kampaniya dönəmində Barak Obama adminstrasiyası və onun namizədi Hillari Klintonun seçilməməsi üçün təbliğatla məşğul olurdu. Amma bu gün artıq Donald Tramp prezidentdir. Putin də bundan yararlanmaq istəyir. Bundan da hər cür istifadə edir. Yeni prezidentin dövlət katibi kimi nəzərdə tutduğu şəxs Reks Tillersondur. Tillerson da Rusiyada tanınmış neft maqnatıdır, yaponlarla birlikdə Saxalin adasında neft çıxarmaqla məşğuldur. Hətta “Dostluq” ordeni ilə də təltif olunub. Rusiya bu məsələdən də istifadə edir və bu təbliğatla məşğuldur. Putin “Trampı devirmək istəyən qüvvələr” deyəndə Obamanın tərəfdarlarını nəzərdə tutur. Həmin qüvvələr də Con Makkeyn, Co Bayden və Con Kerridir. Bayden və Makkeynin Ukrayna, Kerrinin də Gürcüstan səfəri Rusiyanı qıcıqlandırmaq üçün idi”.

Politoloq bildirib ki, Tramp adimistrasiyası ilə yaxınlaşmaq üçün Putin Qazaxıstanda keçiriləcək Suriya ilə bağlı görüşünün tarixini yeni prezidentin andiçmə mərasimindən sonraya saldı: “Bütün bunların hamısı Tramp administrasiyasına loyal görünməyə, onunla yaxınlaşmağa və bundan mümkün qədər öz xeyirləri üçün istifadə etməyə hesablanıb”.

Mənsur

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.