Dustaq qiyamları və ya yuxarıdan yaradılan «bespredel»- Həbsxana qiyamları niyə baş verir?

22-01-2017, 22:27   
Dustaq qiyamları və ya yuxarıdan yaradılan «bespredel»- Həbsxana qiyamları niyə baş verir?

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq Təcridxanasında saxlanılan məhbusların qiyam etməsi barədə xəbər yayıldı. Xəbərə görə PX-in Xüsusi Təyinatlı Bölüyü həbsxanaya hücum edib.

Qiyama səbəb isə onlara verilən yeməyin satılması və yetərincə verilməməsidir. Başqa səbəb kimi dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilir.


Həmçinin, Bakı İstintaq Təcrdixanasında telefon danışıqlarına görə rüşvət alınması da səbəblər sırasında qeyd olunur.

Penitensiar Xidmət qiyam xəbərini təkzib edib.

PX hər zaman bu xəbərləri təkzib edir, amma bütün hallarda qiyam xəbərlərinin dalınca qiyamı zəruri edən səbəblər eyni olur. Rüşvət, qida verilməməsi, dustaqlarla kobud davranış və s.

Bundan əvvəlki bir neçə qiyam xəbərlərinə baxaq.

2014- cü ilin dekabr ayında 14 saylı cəzaçəkmə müəssisəsində qiyam olmuşdu. Məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz etmişdilər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyinin yuxarı instansiyaya müraciəti əsasında ora xüsusi təyinatlı qoşun hissələri yeridilmişdi.

Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı belə açıqlama vermişdi. “22.12.2014-cü il səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surtədə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır”.

Yenə də 14 saylı cəzaçəkmə müəssisəsi, 9 sentyabr 2012- ci il… Məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, eləcə də müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora qoşun hissələri yeridilib. Bundan sonra qiyamı yatırmaq mümkün olub. Bu olaydan sonra məhkumların bir qisminin cəzalandırıldığı bildirilir.

Məhbuslar etiraz əlaməti olaraq, qida qəbulundan imtina edib. Dustaqlardan birinin qohumu demişdi ki, sentyabrın 9-da həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 150 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər.

Bir neçə şahid həbsxana yaxınlığında qara maskalı əməliyyatçıları gördüyünü, hadisə yerinə xüsusi itlər gətirildiyini bildirib.

20-dən çox məhbus həbsxanadan aparılıb.

Penitensiar Xidmət Idarəsinin mətbuat xidmətindən isə o zaman bildirdilər ki, 14 saylı müəssisədə sakitlikdir, orada heç bir hadisə baş verməyib.

Biz cəmi 3 xəbəri təqdim etdik. Bu xəbərlərin sayını artırmaq da olardı. Bütün hallarda xəbər tərtibatı dəyişməyəcək. Hansısa həbsxanada məhbusların etirazı baş verib. Etirazın motivləri eynidir. Penitensiar Xidmət isə bütün hallarda xəbəri ya təkzib edir, ya da bir neçə məhbusu günahkar çıxarır. Bu o deməkdir ki, Penitensiar Xidmət hətta işgəncə ilə ölüm halları baş verəndə də özünü günahkar bilmir. 2014- cü ildə 22 dekabr tarixində 14 saylı cəzaçəkmə müəssisəsində dustaq Elşad Babayev döyülərək öldürüləndə olduğu kimi.

Azərbaycan həbsxanalarında yuxarıdan yaradılan «bespredel» var. Qanunlar işləmir, amma hər bir rəis öz qaydalarını tətbiq edir. Bütün rəislər idarə etdikləri həbsxanalara biznes obyekti kimi baxırlar. Nəticə isə belə alınır ki, həbsxanada rəis, idarə edən heyət və heç bir hüququ olmayan kölələr var. Dustaqlar da həmin kölə statusuna və ondan irəli gələn nəticələrə etiraz edirlər. Penitensiar Xidmətin bütün hallarda qiyamla bağlı məsuliyyəti etiraz edən dustaqların üstünə atması o anlama gəlir ki, qiyamı doğuran səbəblər aradan qaldırılmayacaq. Məsələ bu qədər sərt və qaba bir dairənin içində qapanır.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar