Ötən həftə İtaliyaya ekstradisiya olunan “Cemo” ləqəbli Cemal Mikeladze haqda yeni məlumatlar; onun “Lənkəranski” ilə bağlı yazdığı məktubda nələr vardı?
Yanvarın 20-də “Şeremetyevo” hava limanında “Moskva-Roma” reysi ilə “Cemo” ləqəbi ilə tanınan 41 yaşlı “qanuni oğru” Cemal Mikeladze İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında “Cemo”ya Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs cəzası kəsilib və barəsində axtarış elan olunub.
İtaliya polisi həmin vaxt “qanuni oğru”nun gizləndiyini yox, həbsdə olduğunu bilirdi. “Cemo” 2014-cü ilin fevralında narkotik saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində həbsxanada idi. Vəkilləri “Cemo”nun cəzasının 2 il 2 aya endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya etap olunub.
Primecrime.ru saytının xəbərinə görə, “Cemo” İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.
Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə “Cemo”nun vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha bir nüfuzlu “qanuni oğru” Merab Canqveladzenin (“Merab Suxumskli”) də vətəndaşlığını ləğv edib. O da hazırda İtaliyadan Qazaxıstana ekstradisiyasını gözləyir... Ümumiyyətlə isə İtaliya həbsxanaları Rusiya ilə müqayisədə “cənnət” hesab oluna bilər.
Rusiya mənbələri iddia edir ki, “Cemo”nun polisin əlinə düşməsində onun düşməni, “qanuni oğru” Vaqif Süleymanovun (“Vaqif Bakinski”) əli var.
Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, “Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır.
“Cemo” kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra “Lənkəranski”ni satması kriminal aləmdə çaxnaşma yaratmışdı. Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda “Ded Xasan”ın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, “Ded”lə bağlı qətl planını müzakirə etmək üçün “Rövşən Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi “Rövşən Lənkəranski”nin adı keçirdi. Sonradan məktubu “Ded” klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək də nə təsdiq, nə təkzib edilib.
“Cemo”nun “Rövşən Lənkəranski”yə güvənərək özündən yaşca böyük “qanun oğru” “Vaqif Bakinski”yə “kəllə atması” da kriminal aləmdə uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb.
Hadisə 2010-cu ildə “Rövşən Lənkəranski” ilə “Vaqif Bakinski” arasında “sxodka”da baş verib. “Lənkəranski” ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında “Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə “qanuni oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, “Robunzon” və “Paat Malenkiy” iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən “Vasi Voskreslə” gəlib. “Sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” “Vaqif Bakinski”ni vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda hələ o zaman sağ olan “Ded” “Cemo”nu “qanuni oğru” adından məhrum edib.
Bu qərarı o, “Cemo”ya hamının iştirakı ilə telefonda elan edib. “Lənkəranski”nin qətlinə qədər “Cemo” ilə münasibətlərinin hansı səviyyədə olduğunu indi demək çətindir. Amma “Cemo” nun “Lənkəranski” dən sonra “boy göstərəcəyi” gözlənilmirdi. Təsadüfi deyil ki, primecrime. ru “Cemoi”nun ekstradisiyası ilə bağlı xəbərə “Çao qenaçvale” (gürcü dilində yoldaş, dost deməkdir-O.) başlığı verib...
ORXAN