Azərbaycan qazının Avropaya çıxarmasına Kreml İtaliyadan maneə yaratmağa başlayıb; ABŞ rəsmisi ötən ay Bakıda bu barədə xəbərdarlıq edərək nə demişdi?; Ag Evin yeni administrasiyasının bu məsələdə Azərbaycana necə dəstək verməsindən çox şey asılı olacaq...
Azərbaycan qazını Avropaya çıxarmalı olan Trans-Adriatik qaz kəməri layihəsi (TAP) İtaliyada “yaşıllar hərəkatı” kimi tanına qurumun israrı nəticəsində dayanıb. AzadlıqRadiosu “EurasiaNet” saytına istinadən belə xəbər yayıb. Bildirilir ki, kəmər İtaliyanın Apuliya vilayətindəki qədim zeytun bağları və əl dəyməmiş çimərliklərindən keçir. Bu gəzib-görməli yerlərsə İtaliyanın turizm sənayesindən ötrü xüsusi əhəmiyyət daşıyır. Bu da təbiətsevərlərin, yerli təbiəti mühafizə təşkilatlarının ciddi etirazına səbəb olub.
Bildirilir ki, İtaliya hökuməti layihənin zərərinin minimuma endirilməsini nəzərdə tutan 50-dən çox tələbin yerinə yetirilməsi ilə bağlı sənəd hazırlayıb. İtaliyanın İqtisadi İnkişaf Nazirliyi sənədi, hökumət isə layihəni təsdiqləyib. Amma yerli rəsmilər, o cümlədən Apuliya vilayətinin qubernatoru və kəmərin torpağa çıxacağı yerin - Melendunyonun meri mərkəzi hökumətin qərarı ilə razılaşmır.
Məsələ burasındadır ki, plana görə, kəmər tikiləndə onun yolu üstündəki zeytun bağı müvəqqəti başqa yerə köçürülməli, tikinti başa çatdıqdan sonra yerinə qaytarılmalıdır. Amma bağdakı ağaclardan bəzilərinin minillik tarixi olduğunu deyən ətraf mühit fəalları ağacların köçürülməsinin incə əməliyyat olduğunu, bu işin layiqincə yerinə yetiriləcəyinə inanmadıqlarını deyirlər. Bağda 2 minə yaxın zeytun ağacı var.
Kəmərin bir hissəsinin Adriatik dənizindən San- Bazilio çimərliyinə çıxması da fəalları narahat edir. Sayt dekabrda keçirilən referendumun İtaliyada yerli idarələrin səlahiyyətlərini artırdığını, beləliklə, kəmərin əleyhinə çıxan təbiətsevərlərin üstünlük qazandığını qeyd edir. Üstəlik, İtaliyanın «5 ulduz» populist hərəkatı da kəmərin əleyhinədir. «Apuliyanın harasındasa kəmər tikməyə gələnlər orduyla gəlsələr, qarşılarına orduyla çıxacağıq». Bunu hərəkatın lideri Beppe Grillo 2014-cü ildə deyib. İtaliyada ətraf mühiti mühafizə təşkilatı «Re:Common»dan bildirilib ki, kəmərin texniki problemlərin həllini tapmayıb.
Meledunyo şəhərinin meri Marco Poti isə deyib ki, onlar əvvəl TAP-a etiraz etmirlərmiş, ancaq sonra-düzgün texnikadan istifadə edilmədiyini, layihənin onların ərazisinə uyğun olmadığını, yararsızlığını biləndə əməkdaşlığı dayandırıblar. Azərbaycan rəsmilərinin cavabının İtaliya müxalifətini razı salacağı gözlənilmir. Kəmərdə çalışan və adının açıqlanmasını istəməyən bir Azərbaycan rəsmisi sayta müsahibəsində bunun siyasi məsələ olduğunu deyib: «Bir neçə yüz ağacın ölkəyə böyük mənfəət gətirən layihədən üstün tutulması inandırıcı deyil».
Sayt Azərbaycanın, eləcə də Qərbin bu məsələdə Rusiyadan şübhələndiyini, Azərbaycan və ABŞ rəsmilərinin Rusiyanın əleyhinə fikirlər səsləndirdiyini qeyd edir. Məsələn, 2014-cü ildə NATO-nun ozamankı baş katibi Anders Fogh Rasmussen deyibmiş ki, Rusiya ətraf mühit fəalları vasitəsilə yalan informasiya yayaraq, layihəyə mane olmağa, Avropanın Rusiyadan asılılığını saxlamağa çalışır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə TAP əleyhinə təbliğatın Rusiyanın məqsədlərinə xidmət etdiyini söyləyib.
Müxalifətçilərin etirazlarının əsaslı olduğu sübut edilsə belə, TAP-ın tikintisi yəqin ki, dayandırılmayacaq, sadəcə, marşrut dəyişdiriləcək. Yerli fəallar TAP-ın marşrutunun dəyişdirilməsi - 50 km şimaldan çəkilməsi ilə bağlı təkliflərini irəli sürüblər. Amma rəsmilər, hələ ki bu təklifə razılıq vermir. «EurasiaNet» TAP-ın təkcə İtaliyada deyil, Yunanıstan və Albaniyada da etirazlara səbəb olduğunu qeyd edir.
Qeyd edək ki, adətən bu cür iri layihələrin gerçəkləşməsi zamanı tranzit ölkələr hər mümkün vasitə ilə daha çox güzəşt və ya para qazanmaq istəyirlər. Bu, həm Bakı-Tiflis-Ceyhan, həm Bakı-Tiflis-Qars layihələrinin icrası zamanı tez-tez rast gəlinən faktlardır. Amma bu cür əngəllərin arxasında heç də həmişə sağlam niyyət, ətraf mühitin qorunması dayanmır.
Virtualaz.org saytı iddia edir ki, İtaliyada TAP-a qarşı təbliğat aparan və etirazlar təşkil edən “5 ulduz” hərəkatının və onun lideri Beppe Grillonun Rusiyaya bağlılığı yeni fakt deyil. “Habelə İtaliyada kəmərə qarşı çıxan ətraf mühit fəallarının Rusiyadan maliyyələşdirildiyi barədə ciddi şübhələr var. Ümumiyyətlə, Rusiya ənənəvi olaraq İtaliyada güclü mövqelərə malikdir. Rusiya Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına əvvəlcədən qarşı olub, bunu müxtəlif formalarda büruzə verib. Lakin bütün təzyiqlərə baxmayaraq kəmərin tikintisinə dair müqavilələri imzalamaq mümkün oldu və tikinti işləri başladı. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizinə dair müqavilələrin imzalanmasında və bu layihənin həyata keçirilməsi prosesinin başlamasında ABŞ-ın siyasi dəstəyinin mühüm rolu var” deyə, xəbərdə bildirilir.
Sayt yazır ki, Rusiyanın maraqlarına toxunacaq məqamlardan biri İsrailin yeni kəşf olunan nəhəng qaz yataqlarından hasil olunacaq təbii qazın gələcəkdə TAP kəməri ilə Avropanın cənubuna nəqli barədə müzakirələrdir. “Bu plan İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı müzakirə olunub. Görünür, İsrail qazının Azərbayanın borusu ilə Avropaya nəqli ideyasının müzakirəsi Rusiyada daha çox qıcıq yaradıb. Çünki bu halda ”Qazprom" Avropanın cənubundakı mövqelərini itirə bilər”.
Məlumat üçün deyək ki, TAP və TANAP layihələri birlikdə “Cənub Qaz Dəhlizi” kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri - o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir proyektdir.
TAP layihəsinə ciddi maliyyə və siyasi dəstək verən rəsmi Vaşinqton dekabr ayının 15-də Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştaynı yenidən Bakıya göndərməyə ehtiyac duymuşdu. Prezident İlham Əliyevlə görüşdən sonra mətbuat konfransı keçirən Hokştayn ABŞ-da hakimiyyət dəyişikliyinə baxmayaraq, rəsmi Vaşinqtonun “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsini dəstəkləməkdə davam edəcəyini bildirmişdi.
Hokştayn Bakıda belə bir açıqlama vermişdi ki, indi İtaliyadakı məlum problemdən sonra bu daha çox diqqət çəkir: “Azərbaycandan tutmuş Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya qədər bir çox ölkələri əhatə edən ”Cənub Qaz Dəhlizi" kimi iri layihə müxtəlif siyasi və geosiyasi problemlərlə qarşılaşa bilər. Bundan əvvəl biz bu problemləri birlikdə həll etdik və gələcəkdə də birgə işləyəcəyik".
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Avropanın siyasi və enerji təhlükəsizliyində, həmçinin Avropaya enerji axınının şaxələndirilməsində vacib rol oynayır. ABŞ rəsmisi Rusiya ilə Türkiyənin münasibətlərinin bərpasından sonra yenidən icrasına başlanılan “Türk axını” layihəsindən danışarkən də maraqlı fikirlər səsləndirmişdi. “Bizim üçün artıq mövcud layihələr prioritetdir, lakin ”Türk axını" layihəsi ilə bağlı hadisələrin inkişafını da izləyirik. Hansı layihənin - “Cənub axını” və ya “Türk axını”nın olması vacib deyil. Vacib olan Avropanın enerji təhlükəsizliyini təmin etməkdir" deyə o bildirmişdi. A.Hokstayn əlavə etmişdi ki, istənilən halda boru kəmərləri hər hansı ölkəyə qarşı silah qismində və ya təzyiq vasitəsi kimi istifadə olunmamalıdır.
Rusiyanın “yaşıl hücum”da əlinin olub-olmamasını birmənalı iddia etmək də olmaz. Amma onu da unutmayaq ki, rəsmi Kreml Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsinə səbəb olacaq enerji layihələrinə heç vaxt, yumşaq desək, isti baxmayıb. Bu səbəbdən də Rusiyadan bu məsələdə şübhələr əsaslı görünür. ABŞ-ın yeni administrasiyasının bu məsələdə nə dərəcədə Azərbaycana dəstək olmasından da çox şey asılı olacaq. Bu, bəlkə də Rusiyanın nəbz yoxlanışıdır...
“YM”