Theresa May Loews Philadelphia Hotel-də geniş nitq söyləyib
Britaniyanın baş naziri Theresa May ABŞ prezidenti Donald Trump-la ilk görüşündə onu Rusiya prezidenti Vladimir Putinlə ehtiyatlı olmağa çağırıb.
Bu, Donald Trump-ın xarici ölkə lideri ilə ilk görüşüdür, hərçənd üzbəüz danışıqlar az sonra Vaşinqtonda aparılmalı idi.
Theresa May Trump-la danışıqlardan əvvəl respublikaçıların Filadelfiyada keçirilən toplantısında etdiyi geniş nitqdə ABŞ prezidentinin siyasətinə şərik olduğu məqamları vurğulayıb, lakin fərqli məqamları da gizlətməyib.
Britaniya baş naziri deyib ki, ABŞ daim dünyanın yükünü iftixarla çəkir və Britaniya bu yükə şərik olması ilə fəxr edir.
Xanım May xatırladıb ki, hər iki dünya müharibəsinə ABŞ-ın müdaxiləsi son qoyub.
O deyib ki, BMT-nin islahatlara ehtiyacı olsa da, ABŞ-ın və Qərbin yaratdığı bu təsisat bu gün də əhəmiyyətini saxlayır.
Theresa May eyni sözləri NATO-ya da aid edib və deyib ki, alyans Qərbin müdafiəsində məhək daşıdır.
Baş nazir əlavə edib ki, Britaniya öz ÜDM-nin 2 faizini müüdafiəyə xərcləmək öhdəliyini yerinə yetirən 5 ölkədən biridir.
Rusiyanın qonşularını ondan qorumaq
Britaniya baş naziri çıxışında deyib ki, Britaniya və ABŞ bundan sonra “dünyanı öz təsəvvürlərinə uyğun şəkildə formalaşdırmaq məqsədilə” müharibələr kimi keçmişin səhvlərini buraxmayacaqlar.
Britaniya mətbuatı xatırladır ki, Donald Trump da inaqurasiya çıxışında ABŞ-ın “öz həyat tərzini başqa ölkələrə zorla qəbul etdirməyəcəyini və yalnız parlaq nümunə olacağını” bəyan etmişdi.
Bununla belə, xanım May əlavə edib ki, “biz təhlükələr real olanda müdaxilədən çəkinərək bir kənarda dayanmamalıyıq”.
Rusiya ilə münasibətlərə gəlincə isə Theresa May Ronald Reagan-la Mixail Qorbaçovun münasibətlərini misal gətirib .
O deyib ki, Qorbaçovla münasibətlərində Reagan-ın prinsipi “etibar et, amma yoxla” idi, Putinlə münasibətlərdə isə prinsip “danışıqlar apar, amma ehtiyatlı ol” olmalıdır.
Theresa May bunu da əlavə edib ki, Rusiya ilə “güc mövqeyindən danışılmalıdır”.
Baş nazirin sözlərinə görə, “Ronald Reagan-la Margaret Thatcher-in Şərqi Avropaya gətirdikləri azadlıq, Putinin “bu ərazi Rusiyanın nüfuz dairəsidir” iddiasını qəbul etməklə təhlükə qarşısında qoyulmamalıdır”.
Xanım May vurğulayıb ki, xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Qərb Rusiyanın qonşuluğundakı ölkələrə təhlükəsizlik qarantiyası verməlidir.