Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında Hesabat müvafiq qaydada təsdiq olunub.
Palatadan BakiPost.az-a verilən məlumata görə, audit tədbiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bəzi xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb, nəticədə bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilərək xərc edilib, büdcədə bu məqsədə vəsait nəzərdə tutulmadığı halda müxtəlif qurumlara dövlət büdcəsindən maliyyə yardımları göstərilib.
Müəyyən edilib ki, nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri maddi aktivlər uçota alınmayıb.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb, filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamına əsasən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"ı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş bəzi tapşırıqlar auditlə əhatə olunan illərdə tam icra edilməyib.
Auditlə müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib, yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib, bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub.
Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb, ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib.
Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinib, turizmin təbliği ilə əlaqədar Nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib.
"Turizm məqsədli coğrafi informasiya sistemləri və naviqasiya layihəsi” çərçivəsində elektron xəritənin daimi yenilənməsi, server və kompüter avadanlığına texniki dəstək göstərilməsi məqsədilə tərəflər arasında bağlanmış müqavilə şərtləri tam icra olunmayıb, işin dəyərinin müəyyən edilməsi zamanı texniki xidmət göstəriləcək avadanlıqların və proqram təminatlarının siyahısı tərtib edilməyib, tətbiqi proqramların açıqlanması, siyahısı və hər birinə görə görüləcək yenilənmə işlərinin adı qeyd edilməyib.
Müəyyən edilib ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti, gəlirlər və xərclər haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar dəqiq olmayıb, xəzinə üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı maliyyə hesabatında düzgün əks olunmayıb, dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerinə yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu düzgün hesablarda aparılmayıb, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının məbləği balans hesabatında əks olunmayıb.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə kollegiya Qərarının surətinin göndərilməsi qərara alınıb.
Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.