Azərbaycan İrəvana qarşı strategiyasını sərtləşdirir; İşğalçıya qarşı çoxşaxəli diplomatik həmlələr; – rusiyalı ekspert ədalətli sülh və Azərbaycan iqtisadiyyatı üçün ən optimal yolu göstərdi
Yeni ilin ilk ayı Qarabağ danışıqlarında heç bir pozitiv yeniliklə yadda qalmadı. Ancaq yanvar ayı Azərbaycanın Ermənistan üzərində bir neçə diplomatik və təbliğati uğuru ilə diqqət çəkə bildi. Onlardan biri, heç şübhəsiz, yəhudi əsilli blogger Aleksandr Lapşin məsələsində Bakının göstərdiyi prinsipiallıq nəticəsində, faktiki, onun Azərbaycana ekstradisiyasının təmin edilməsidir.
Ən önəmlisi - Ermənistanın təcridini gücləndirmək üçün Azərbaycanın ona qarşı diplomatik müstəvidə taktika və strategiyasını sərtləşdirməsidir. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son qış sessiyasında ermənilər və onların bu qurumdakı lobbiçilərinin canfəşanlığına rəğmən, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi və işğalda altda olduğunu təsdiqləyən sənədin qəbul olunması bunun növbəti bariz təzahürlərindən biri və diplomatik uğur sayıla bilər.
Rəsmi Bakı həmçinin digər regional və beynəlxalq strukturlarda (ATƏT, Avrasiya Birliyi, KTMT) də İrəvanın mövqeyini sarsıtmaq kursu götürüb. Artıq məlumdur ki, Azərbaycan ATƏT-in İrəvan ofisinin qapadılması yönündə mövqe ortaya qoyub. Avrasiya Birliyi və KTMT təşkilatları çərçivəsində Azərbaycanın Qazaxıstan, Belarus timsalında dost ölkələr hesabına Ermənistandan da güclü nüfuz sahibi olması da sirr deyil.
*****
Bu xüsusda rusiyalı politoloq Aleksandr Skakovun news.am nəşrinə açıqlaması maraq doğurur.
“Azərbaycan öz qarşısına Dağlıq Qarabağ üzərində onun hərbi-siyasi nəzarətini bərpa etmək strategiyasına mane olan istənilən beynəlxalq təşkilatın fəaliyyətini bloklamaq və məhdudlaşdırmaq məqsədi qoyub”. Bu barədə politoloq Bakının ATƏT-in İrəvan ofisinin işini əngəlləməyə yönəlik mövqeyini həmin nəşrə şərh edərkən deyib.
Onun sözlərinə görə, Bakının hədəfləri sırasına ATƏT və onun Minsk Qrupu da daxildir. “AŞ PA oradakı aşkar Azərbaycan lobbisinin mövcudluğu səbəbindən hələ ki Bakının belə təzyiqlərə məruz qalmır. Ermənistanla qarşıdurmada indilikdə rəsmi Bakının siyasətinin bir neçə istiqamət üzrə fəallaşması açıq-aşkar görünür - bu zaman Ermənistanda daxili siyasi böhranın əlamətləri də istifadə olunmaqla.
Azərbaycan eyni zamanda Dağlıq Qarabağ nizamlanmasında öz mövqeyini gücləndirmək üçün beynəlxalq münasibətlərdəki müəyyən dayanıqsızlıqdan (Avropa Birliyində böhran, Ağ Evdə administrasiyanın dəyişməsi və s.) da yararlanmağa çalışır. Avropa Birliyi daxilindəki böhran - hansı ki, ATƏT- ə də sirayət edib, AB ilə Rusiya arasında pis münasibətlər Bakıya şans verir ki, ATƏT-i zəiflətsin və həmin şansdan da istifadə edir. Bu da məntiqlidir: çünki nəzarət azaldıqca, əl-qol daha çox açılır. Məhz əl-qolun tamamilə açılmasına nail olmaq Azərbaycanın maraqlarına daxildir. Bundan ötrü ən yaxşısı hamının bir-biri ilə ”çəkişməsidir" - həm də Avrasiya Birliyi, KTMT çərçivəsində" -, deyə rusiyalı analitik qeyd edib.
*****
Bakının işğalçı ölkənin Qarabağ məsələsində mövqeyini zəiflətmək və yeni, daha məqbul, daha ədalətli həll formatının ortaya çıxmasına nail olmaq istəyi əlbəttə ki, təbiidir. Çünki 24 ildir ki, köhnə format - Minsk Qrupu heç bir nəticəyə nail olmayıb, Ermənistanla hələ də işğalçı kimi davranılmır. Sözsüz ki, Azərbaycan belə vəziyyətə, işğal rejiminə, mövcud status-kvoya sonsuzadək dözüm göstərmək niyyətində deyil və diplomatik, hərbi-siyasi çıxış yolları axtarır.
“2017-ci ildə hansısa Qarabağ nizamlanması gözlənilmir. Yalnız beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünü tanıyan, erməni birləşmələrinin işğal altındakı ərazilərdən çıxmasını tələb edən BMT qətnamələrinə istinad eləmək sadəlövhlük olardı. Gözümüzün önündə mövcud dünya düzəni dağılır. Dünyanın əsas siyasi institutu olan BMT böhran yaşayır və öz əvvəlki təsirini itirib. Minsk Qrupu isə ümidsiz amorf struktura çevrilib və münaqişə tərəflərinə ciddi təsir eləmək gücündə deyil”. Bu sözləri isə vesti.az saytına açıqlamasında Azərbaycan əsilli rusiyalı politoloq Mehman Qafarlı bildirib.
Onun qənaətincə, yaranmış durumda Azərbaycan üçün yeganə çıxış yolu - kiçik müharibələrdəki qələbələr hesabına erməni qüvvələrini işğal altındakı ərazilərdən sıxışdırmaqdır: “Özü də əvvəlcə erməni qüvvələrini Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq lazımdır. Çünki onlar Dağlıq Qarabağ, Laçın və Kəlbəcər uğrunda inadla vuruşacaqlar, yerdə qalan 5 rayonu isə elə bir döyüş olmadan tərk edəcəklər”.
Ekspertə görə, kiçik müharibələr 7-8 gündən artıq çəkməməlidir: “Ona görə ki, Rusiya Ermənistana qarşı davamlı döyüş əməliyyatları aparmağa imkan verməz. Və düşmənə sürətli sarsıdıcı zərbələr vurub konkret vəzifələri yerinə yetirəndən sonra əməliyyatları dayandırmaq və danışıqları bərpa eləmək olar - apreldəki kimi. Belə qısamüddətli müharibə dünyada böyük rezonans doğurmayacaq. Bu, maliyyə nöqteyi-nəzərdən də əlverişlidir və Azərbaycan iqtisadiyyatına təhlükə yaratmayacaq, sərmayəçi və kapitalın ölkədən getməsinə gətirməyəcək”.
Ekspert hesab edir ki, Azərbaycan ordusunun 5-6 belə uğurlu əməliyyatından sonra Dağlıq Qarabağda dinc əhali qalmayacaq. “Dinc əhalinin ardınca isə Azərbaycanla qarşıdurmada qələbə inamını itirən erməni hərbi qüvvələri də çıxıb gedəcək. O zaman Ermənistan özü məcbur olacaq ki, sülh müqaviləsi imzalayıb Azərbaycanın ərazi bütövlüyünü tanısın və bölgədə möhkəm sülh bərqərar olsun” - politoloq sonda əlavə edib.
*****
Yuxarıda deyilənləri Azərbaycan üçün müəyyən mənada 2017-ci ildə Qarabağa dair “yol xəritəsi” də adlandırmaq olar. Bir şeyi əminlikdə qeyd eləmək olar ki, Bakı işğalçıya daha güclü təsir eləmək üçün bu il öhdəsindəki həm siyasi-diplomatik rıçaqlardan, həm də və əlbəttə ki, hərbi faktordan maksimum istifadə edəcək. Bu, şübhə yox ki, ilk növbədə təcavüzkarı və onun havadarlarını danışıqlar masası arxasında konstruktiv mövqeyə vadar eləmək üçün gərəkdir.
Siyasət şöbəsi