Moskva köhnə planı masaya yatırır – Bakı Kremlə mesajını təzələdi

1-02-2017, 08:59   

Azərbaycanın baş diplomatı ölkə rəhbərliyinin Rusiyadan narazılığını dilə gətirdi və... yeni Qarabağ təşəbbüsünün anonsunu verdi; rusiyalı ekspert: “Nazirlər Moskvaya nərd oynamaq üçün çağırılmır...”

Rusiyadan təzəcə qayıdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Dağlıq Qarabağ mövzunda diqqətçəkici açıqlama verib. Bu açıqlamadakı detallardan belə bir ilkin qənaət hasil olur ki, Rusiya konfliktlə bağlı hansısa həll variantı üzərində düşünməyə başlayıb. Öncə Azərbaycan XİN başçısının fikirlərini təqdim edirik.

E.Məmmədyarov deyib ki, Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Bu barədə o, Bakıda qətərli həmkarı ilə birgə keçirdiyi brifinqdə jurnalistlərə bildirib. Bununla belə, nazir qeyd edib ki, onun Lavrovla danışıqları ümidverici olmayıb. “Mən Moskvadakı danışıqların yekunu ilə bağlı optimizm ifadə edə bilmərəm”, - deyə Məmmədyarov vurğulayıb.

Daha sonra o, əksinə, nikbinlik ifadə edərək bildirib: “Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”. Bunu da XİN başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən dilə gətirib. “Bu, birinci addımdır. Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu, bir günlük proses deyil”.

Nazir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini bir daha xatırladıb. “Bu qətnamələr xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Lakin digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik” - Məmmədyarov əlavə edib.

***
Qeyd edək ki, Məmmədyarovdan bir neçə gün öncə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Moskvada olmuş, rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ mövzusunda danışıqlar olmuşdu. İndi isə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları səviyyəsində tezliklə “üçlü görüşü”nü təşkil eləmək istəməsi Moskvanın hansısa yeni təşəbbüsdə bulunmaq niyyətindən xəbər verə bilər. Elmar Məmmədyarovun Lavrovla görüşdən məmnun qalmaması da göstərir ki, Kreml vəziyyətin ciddiliyinin və nəsə etmək zərurətinin, hər halda, fərqindədir.


İkincisi, Azərbaycan XİN başçısının “rayonlarımız bir-bir azad ediləcək” söyləməsi və ardınca BMT TŞ-nin Qarabağ qətnamələrini bir daha yada salması da əslində ən əvvəl Bakının narazı olduğu, fəqət bu narazılığı büruzə vermək istəmədiyi Kremlə ünvanlanıb. Daha önəmlisi, Elmar Məmmədyarovun yuxarıdakı sözləri az öncə prezident İlham Əliyevin Pirəkəşküldə hərbi şəhərciyin açılışında verdiyi məlum bəyanatlarla tamamilə səsləşir.

Orada ölkə bacısı məlum ünvanlara mesaj göndərərək, açıq bəyan eləmişdi ki, Azərbaycan öz ərazisində heç vaxt ikinci uydurma erməni dövlətinin yaranmasına imkan verməyəcək, “bunu gözləyənlər əbəs yerə gözləyir”. Prezident eyni zamanda BMT-nin Qarabağ qətnamələrini mahiyyətini bəyan eləməklə, bu sənədləri təhrif eləməyə çalışanlara mesaj yollamışdı.



Söhbət təbii ki, ən əvvəl Rusiya XİN bacısı S.Lavrovdan gedir - hansı ki, azərbaycanlı jurnalistin sualına cavabında məhz ermənilərin xeyrinə belə təhrifə yol vermiş, üstəlik, müharibə məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirmişdi. İndi isə həmin qətnamələri Məmmədyarov Lavrovla Moskva görüşündən sonra xatırlatmaqla sanki Bakının Kremlə mesajını təzələmiş olur ki, problemin həlli yalnız BMT normaları və Qarabağ qətnamələri çərçivəsində mümkündür.

***

Bəs Moskvanın yeni Qarabağ təşəbbüsünün qayəsində nə durur? Bu xüsusda Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Stanislav Tarasovun 1in.am erməni nəşrinə müsahibəsində bəzi fikirlər maraq kəsb edir.

Doğrudur, Tarasov bir qayda olaraq, ermənipərəst mövqedən çıxış edir. Ancaq hər necə olmasa, onun müsahibədəki müəyyən fikirlər Kremlin həll planı mövzusunda bəzi mülahizələrə əsas verir və daha önəmlisi, Məmmədyarovun dünənki açıqlamalarını sanki tamamlayır.

Image result for Stanislav Tarasov

Tarasovun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya çağırılması son zamanlar Rusiyanın hansısa Qarabağ planının müzakirəsi ilə bağlıdır və bu, “Kazan formulu” ola bilər: “Diqqət edin, əvvəlcə Nalbəndyan Moskvaya gəlir. Ardınca Məmmədyarov, onun ardınca isə Sebastyan Kurts (ATƏT sədri-red.) gəlir. Belə ehtimal eləmək olar ki, hansısa layihə və ya plan müzakirə olunub. Bizim məlumatımıza görə, söhbət Kazan sənədinə qayıdışdan gedir”.

Rusiyalı ekspertin iddiasına görə, “Azərbaycanlı jurnalist Lavrovu təxribata çəkəndən sonra” situasiya sıfırlanıbmış.

“Tərəflər indi faktiki şəkildə sıfırdan başlayıblar. Məsələ ondadır ki, Rusiyanın başı indi güclü şəkildə beynəlxalq əlaqələrə qarışıb. Moskva nazirləri nərd oynamağa çağırmaz ki. Bu, o deməkdir ki, müzakirə predmeti var, sadəcə, bu haqda ucadan deyilmir, ətraflı danışılmır. Bütövlükdə prosesin ümumi məntiqindən hansısa planın, daha dəqiqi, boşa çıxmış planın müəyyən konturları görünür”, - deyə o əlavə edib.

***

Bu qəbildən ehtimalların həqiqət yükünü yəqin ki, yaxınlarda, daha dəqiqi, Rusiyanın iştirakı ilə nəzərdə tutulan nazirlərin “üçlü görüşü”ndən sonra biləcəyik. Yada salaq ki, “Kazan formulu” münaqişənin mərhələli həllini nəzərdə tutur.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.