Üç paytaxt arasında əsəb savaşı; Rusiya XİN sözçüsü “blogger Azərbaycana verilə bilməz” dedi; yəhudi cinayətkarın ekstradisiyası ətrafında qalmaqal böyüyür; Belarus Ali Məhkəməsinin 6 fevral yekun qərarı nə olacaq – gözlər həm də prezident Lukaşenkoda...
Azərbaycanın sorğusu əsasında Belarusda saxlanılan blogger Aleksandr Lapşinin işi ətrafında situasiya pik nöqtəsinə yaxınlaşmaq üzrədir. Qanunlarımızı kobud şəkildə pozaraq dəfələrlə işğal altındakı Dağlıq Qarabağa getdiyi və separatçı rejimi açıq şəkildə təbliğ elədiyi üçün barəsində Azərbaycana ekstradisiya qərarı çıxarılan Lapşinin məsələsini hələ ki onun üçlü vətəndaşlığa malik olması (İsrail, Rusiya, Ukrayna) müəyyən mənada yubadır.
Xəbər verildiyi kimi, bu gün - fevralın 4-də Belarus Ali Məhkəməsi məsələyə nöqtə qoymalı idi. Lakin az öncə bəlli oldu ki, bloggerin vəkili Minsk Şəhər Məhkəməsinin ekstradisiya haqda 27 yanvar qərarından Ali Məhkəməyə apelyasiya şikayətini sonuncu gün - fevralın 6-da verməyi qərarlaşdırıb. Prosedura görə, Ali Məhkəmə şikayətə uzağı, 3 gün ərzində baxmalıdır. Lakin məhkəmə elə həmin gün - yəni, bazar ertəsi də qəti qərar çıxara bilər.
***
Bu arada Moskvanın Belarus Ali Məhkəməsinin yekun qərarı ərəfəsində rəsmi Minskə təzyiq cəhdlərinin artması müşahidə edilməkdədir. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ardınca Rusiyanın ombudsmanı Tatyana Moskalkova bənzər bəyanatla çıxış edərək, Lapşinin ekstradisiyası əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya Konstitusiyası ölkə vətəndaşının üçüncü dövlətə verilməsini qadağan edir. Doğrudur, xanım Moskalkova Rusiya vətəndaşlarına səfər edərkən xarici dövlətlərin qanunvericiliklərini öyrənməyin və ona riayət etməyin vacib olduğunu da xatırladıb.
Dünən isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı daha sərt mövqe sərgiləyib, faktiki surətdə Minski, demək, həm də Bakını hədələyib. Zaxarova da “Rusiya vətəndaşlarının üçüncü dövlətə verilməsinin yolverilməz olduğunu” bəyan edib.
Sitat: “Biz ardıcıl şəkildə bunda təkid edirik ki, Rusiya vətəndaşlarının üçüncü dövlətə verilməsi yolverilməzdir. Və bu mövqeyimizi diqqətə çatdırmaq üçün Belarus Xarici İşlər Nazirliyi ilə, bu ölkənin səlahiyyətli orqanları ilə intensiv təmasları davam etdiririk”.
Lakin Rusiya rəsmiləri nədənsə unudurlar ki, Belarusda Rusiyanın deyil, Belarusun konstitusiyası qüvvədədir. Həmin konstitusiya isə beynəlxalq qanunları belə pozan A.Lapşinin Azərbaycana təhvil verilməsini tamamilə mümkün sayır. Hərçənd o da artıq etiraf edilməlidir ki, məsələ indi həm də siyasiləşib. Yəni, yekun qərar eyni zamanda rəsmi Minskin, özəlliklə də prezident Aleksandr Lukaşenkonun iradəsindən asılı vəziyyətə gəlib.
Bu yerdə onu da qeyd edək ki, Lapşinə görə yaxa cıran Moskva Rusiyanın digər vətəndaşı - Xankəndində qanunsuz şəkildə saxlanılan Dilqəm Əsgərovun taleyinə tam biganəlik göstərir (İkinci girov - Şahbaz Quliyevin isə həyat yoldaşı Rusiya vətəndaşıdır, rusdur)...
***
Xatırladaq ki, Azərbaycana ekstradisiya olunacağı təqdirdə yəhudi bloggeri 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözlənilir. Lakin müşahidəçilərin ehtimalına görə, həbsə lüzum qalmaya bilər. Ona görə ki, Lapşin və anası artıq prezident İlham Əliyevə əfv üçün müraciət ediblər. Məlum olduğu kimi, paralel surətdə İsrail dövləti bloggerin bağışlanması üçün neçə vaxtdır diplomatik hərəkətə keçib və Bakıdan intensiv xahiş-minnətdə bulunmaqdadır.
Rəsmi Bakı isə Lapşinin ən azından, Azərbaycana gətirilməsində maraqlıdır. Başqa sözlə, blogger əfv edilsə belə, burada -Azərbaycanda əfv olunmalıdır. İstənilən halda, Bakının bu məsələdən uğursuz, Rusiya, işğalçı Ermənistan və İsrailin isə siyasi uduşda çıxmasına razı olmayacağı, imkan verməyəcəyi yəqindir. O da var ki, Azərbaycandakı əfv prosedurana görə, bağışlanma yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra mümkündür.
Beləliklə, gözlər yenidən Minskə dikilir. İki gün də gözləyək. Belarus Ali Məhkəməsinin yekun qərarı isə şübhə yox ki, Bakı-Minsk münasibətlərinin hansı səviyyədə olması ilə yanaşı, Minsk-Moskva münasibətlərinin də xarakterinə işıq salmış olacaq.
Bəzi məlumatlara görə, son vaxtlar Belarusla Rusiya arasında iqtisadi-ticari, gömrük və mal mübadiləsi, təbii qazın qiyməti məsələlərində ciddi narazılıqlar yaşanır. Bu narazılığın “Lapşin dosyesi”nə də inikas edəcəyi istisna olunmur.
Günün sonunda isə Lukaşenkonun açıqlaması yayıldı. “Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqger Aleksandr Lapşını Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur”.
Image result for Lukaşenko
APA-nın məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik”.