“4 yaşlı nəvəm deyir ki, anamı öldürdüyü üçün böyüyəndə atamı öldürəcəm. Bu bilirsiniz necə böyük dərddir? 4 yaşlı uşaq deyir ki, artıq yaşamaq istmir. Həyatdan bezib”- bu dəhşətli sözləri ötən ilin aprel ayında qətlə yetirilən Elnarə Abışovanın anası Sevil Canbaxışzadə məhkəmədə ifadə verərkən deyib.
Musavat.com xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən şəxs isə Elnarənin həyat yoldaşı Elməddin Abışovdur. Qətl hadisəsi Sumqayıt şəhərində baş verib. Qısqanclıq zəminində Elməddin Abışov həyat yoldaşı 23 yaşlı Elnarəni bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qətl hadisəsi Abışovların azyaşlı uşaqlarının gözü qarşısında olub. 4 yaşlı İsmayıl atasının anası tərəfindən öldürülməsinə şahidlik edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Elməddin Abışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən məhkəmə iclası başlamadan öncə gərginlik yaşanıb.
Məhkəmə zalında olan mərhum Elnarənin anası dustağı görərkən qəzəbini və göz yaşlarını saxlaya bilməyib.
“Gül balamı qana boyadın”
“Sən mənim gül kimi balamı öldürdün. Allah sənin cəzanı versin. Nə istədin ondan? Sən bilirsən ki, indi uşaqların nə haldadır? Onlar bu yaşadıqlarını ömür boyu unutmayacaqlar. Sənin barmaqların qırılsın, Ay Elməddin. Sən o, əllərinlə mənim gül balamı qana boyadın. 4 yaşında oğlun anasını qanın içində tapdı”- deyə ana məhkəmə zalında fəryad edib.
Məhkəmə prosesi başlayarkən hakim Tamella Nəsrullayeva mərhumun anasına təskinlik verərək onu sakitləşməyə və ifadə verməyə dəvət edib.
Mərhumun hüquqi varisi kimi onun atası tanınıb. Ancaq onun səhhətində ciddi problemləri olduğu üçün məhkəməyə gəlməsi mümkün olmayıb. Məhkəmə belə qərara gəlib ki, mərhumun anası Sevil Canbaxışzadə hüquqi varis kimi tanınsın.
İslasda o da məlum olub ki, tərəflər qohum olublar. Bu evlilik də elə qohumluq münasibətləri əsasında baş tutub.
“Qızımın nə namussuzluğunu görmüşdün?”
S.Canbaxışzadə məhkəmə ifadə verərkən deyib ki, qızı günahsız olub. Onun namus üstündə öldürülməsi isə yalandır.
O, təqsirləndirilən Elməddin Abışova qarşı kinini və qəzəbini gizlətməkdə çətinlik çəkib: “Qızımın nə namussuzluğunu görmüşdün? Camaat qızımın başına and içirdi. Bizi də, qızımı da tanıyanlar yaxşı bilir. Sən nə qeyrətdən danışırsan?”.
Qızını öldürməkdə təqsirləndirilən E.Abışovun ömürlük cəza almasını istəyən S.Canbaxışzadə bu istəyini belə izah edib: “Bu adam ömürlük içəridə qalmalıdır. Təsəvvür edin ki, 4 yaşlı nəvəm deyir ki, “nənə, böyüyəndə anamı öldürdüyü üçün atamı öldürəcəm”. Uşağın həyatı məhv olub. Deyir yaşamaq istəmirəm. 4 yaşlı uşaq həyatdan bezdiyini deyir. Bu bizim üçün zülümdür. İki uşaq elə sarsıntı keçirib ki”.
Hakimin suallarını cavablandıran Canbaxışzadə qızının ailəsində qısqanclıq və söz-söhbət olmasından xəbərsiz olduğunu deyib: “Biz heç vaxt söz-söhbət eşitməmişik. Xəbərimiz olmayıb. Axırıncı dəfə də hadisədən 3 gün əvvəl onlarda idim. Hər şey normal idi”.
Canbaxışzadə qızının öldürlüməsinə səbəb kimi namus məsələsinin və mərhumun başqa şəxslə münasibətinin olmasını deyən Elməddin Abışova sözləri ağır olub: “Ay vicdansız, sənin uşaqlarına, ailənə yazığın gəlmədi? Sən bilirdin ki, qızım səni necə çox istəyri. Axı onu niyə öldürdün? Guya deyirsən ki, başqa adamla danışırdı. Həmin adam qapımıza gəlib deyir ki, “Elnarə mənim bacımdır”. Sən də özündən söz-söhbət çıxartdın. Sənin başın xarab olmuşdu”.
“Balan, eləməzdi, ölməzdi”
E.Abışovun qayınanasının bu sözlərinə “balan, eləməzdi, ölməzdi” deməsi prosesi daha da gərginləşdirib. Mərhumun məhkəmə zalında olan yaxınları da təqsirləndirilən şəxsin dediklərinə etiraz ediblər. Tərəfləri məhkəmə nəzarətçiləri sakitləşdirib.
Sevil Canbaxışzadə Elməddin Abışovun son vaxtlar narkotik vasitədən istifadə etdiyini və qətlin də bu səbəbdən baş verdiyini deyib.
Elməddin Abışov mərhumun anasına sual verib: “Qızına pis baxırdım? Tozun-torpağın içində işləyib gəlirdim evimə”.
S.Canbaxışzadə: “Bəs qızımı niyə öldürürdün, ay insafsız?”.
E.Abışov: “Günahı var idi. Allah bilir. Günahı olmasa idi öldürməzdim”.
Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək yerindən danışmamasını deyib. Tamella Nəsrullayeva onu da əlavə edib ki, cinayət işi materiallarında qətli namus üstündə olmasını, mərhumun başqa şəxslə telefon danışıqıları olmasını sübut edən heç bir fakta rast gəlinmir.
Hakim Tamella Nəsrullayeva qeyd edib ki, qətli törətməkdə təqsiləndirilən Elməddin Abışovun hadisə zamanı anlaqsız vəziyyətdə olması və pisixoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı ekspertiza rəyi var. Bu səbəbdən də hakim S.Canbaxışzadəyə sual verərək Eləməddin Abışovu tanıdığı zaman ərzində onun hər hansı bir xəstəlikdən əziyyət çəkib-çəkməməsini soruşub.
S.Canbaxışzadə isə deyib ki, E.Abışov xəstə olmayıb, hadisəni törədəndə də anlaqlı olub.
Bundan sonra məhkəmədə qısa fasilə elan olunub və məhkəmə heyyəti müşavirəyə yollanıb. Müşavirədən sonra hakim Tamella Nəsrullayeva bildirib ki, məhkəmə E.Abışovun psixoloji vəziyyəti və xəstəliyi ilə bağlı kompleks məhkəmə tibbi psixiatriya ekspertizasının təyin edilməsi ilə bağlı qərar qəbul edib.
Bu səbəbdən də eskpertizanın rəyi məlum olanadək məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, E.Abışov hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılır.
İlkin Muradov
Musavat.com