Ölkədə neçə nəfər “torba tikən” var?

12-02-2017, 04:49   

Yaxud, Akif Çovdarovlar hələ də iş başındadır

Azərbaycanda qeyri-adiliklər çoxdandır ki, adi hala çevrilib. Amma yenə də mövcud sistemin yetirmələri insanda təəccüb yarada bilirlər. Bəli, hüquqsuzluğun, zalımlığın, qeyri-insaniliyin sərhəd tanımaması insanı dəhşətə gətirir. Xüsusən də “MTN işi” məhkəməsində üzə çıxan faktları, təqsirləndirilənlərin etirafını eşidəndə “yazıq xalqım”, “yazıq ölkəm” demək istəyirəsən.

Həbsdə olan MTN generalı Akif Çovdarov məhkəmədə mühüm bir etiraf edib: “Məndən çox bu ölkədə adam həbs edən olmayıb. 3-4 min adam həbs etdirmişəm. Heç birimiz müqəddəs deyilik, mən də vaxtilə “torba tikmişəm”. Amma bu işlərdə ən azı 80% cinayət tərkibi olub. 20%-ni də özümüz düzüb qoşmuşuq ki, adamı salsınlar içəri”.
Bəli, bu sözləri “əsl rüşvətxorların adlarını çəkəcəyəm” deyən Akif Çovdarov söyləyib. Özünü “balaca rüşvətxor” kimi təqdim edən adam etiraf edir ki, ən azı 800 günahsız adamın torbasını tikib. Əgər Akif Çovdarov bu qədərini etiraf edirsə, əminliklə demək olar ki, ölkədə onminlərlə insan şərlənərək həbsə salınıb, şantaj olunub, işgəncə görüb və.s
Bir general 3-4 min adamın həbsinə göstəriş veribsə, başqlarının nələr etdiyini təsəvvür etmək çətin deyil. Deməli, bu ölkədə Akif Çovdarovlar çoxdur və onlar rahat həyatlarını yaşayırlar. Məsələ burasındadır ki, minlərlə insanın “torbasının tikilməsi” ndə onlarla səlahiyətli adamlar iştirak edib. Bu adamların günahsız olduğundan onlarla hakim, onlarla müstəntiq, onlarla prokuror xəbərdar olub. Yəni, bu qədər cinayətlər, bu qədər insan həyatının məhv edilməsi xeyli səlahiyyət sahibinin gözü qarşısında baş verib. Əminliklə demək olar ki, dövlət mafiya qaydalarıyla idarə olunub. Akif Çovdarovun təkcə bu etirafından yapışaraq, onlarla vəzifə sahibini məsuliyyətə cəlb etmək olar.
Bir daha təsdiqlənir ki, bu ölkədə heç kimin sığortası yoxdur. Yuxarıda oturanın istənilən qanunsuz tapşırığını icra edəcək hakimlər, prokurorlar, müstəntiqlər, sıravilər var.

Həm də aydın olur ki, həbsxanalarda günahsız yerə cəza çəkənlər təkcə siyasi məhbus hesab edilənlər deyil. Azərbaycan türmələrində bugün günahsız cəza çəkən, kimlərinsə tamahının qurbanına çevrilmiş minlərlə insan var.
Bəli, bu ölkədə səlahiyyət sahibi olmaq, “torba tikmək” imkanı verir. Akif Çovdarov həbs etdirdiyi 3-4 min şəxsin təxminən 800 nəfərinə “torba tikdiyini” etiraf edir. Bəs, o biriləri nə qədər adamın həyatını puç eləyib, bu ölkədə neçə nəfər “torba tikən” var? Bu günahsız insanların təzminatını kim ödəyəcək, onların oğurlanmış həyatını kim qaytaracaq? Minlərlə insan şərlənərək həbs olunubsa, daha yuxarıda oturanların bunları görməməsi mümkündürmü?
Bu zalım insanları bu rejim yetişdirib və “Nardaran işi” məhkəməsi göstərdi ki, “ənənə” davam edir. Azadlıqda Akif Çovdarovlar çoxdur və onlar “torba tikmək” sənətini yaşadırlar

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar