''Rail Rzayevi ona görə aradan götürdülər...''

15-02-2017, 08:58   


Hazırda işiylə bağlı ABŞ-da olan politoloq, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu son 11 ildə ölkənin təhlükəsizlik orqanlarında baş verənlərlə bağlı bloqunda silsilə yazılar yazır. Onun AzadlıqRadiosuna müsahibəsi də bununla bağlıdır.

- Ərəstun bəy, MTN-in əməllərinə niyə 11 il dözüldü?

- Bu sualın cavabı yazılarımda verilib. Mənim yazılarım hakimiyyət, ictimai rəy tərəfindən həqiqət kimi qəbul edilməsə belə, bu gün MTN-nin 20-dən artıq yüksəkvəzifəli əməkdaşı həbsdədir, onlarla bağlı məhkəmə gedir. Bu da onu göstərir ki, sözügedən nazirlik cinayətkar qurum olub. Düşünmürəm ki, İlham Əliyev bu cinayətlərin törədilməsindən Eldar Mahmudovu işdən çıxarandan sonra xəbər tutdu. Bizdə olan və çox mükəmməl mənbələrdən əldə etdiyimiz məlumata əsasən, MTN-in cinayətləri barədə müntəzəm İlham Əliyevə, Ramiz Mehdiyevə məruzə olunub. Amma heç bir tədbir görülməyib.

- Səbəb nədir?

- Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Eldar Mahmudov həmin qurumu siyasi polisə çevirmək, hakimiyyəti qorumaq məqsədilə gətirilmişdi. Bir səbəb də Eldar Mahmudovun Rusiyaya bağlı olmasıydı. Onun nazir olduğu dövrdə MTN rəhbərliyinə gətirilən şəxslərin böyük əksəriyyəti də Rusiyaya bağlıydı. Amma az sonra dəyişiklik baş verdi. MTN faktiki olaraq, İsrailin çətiri altına keçdi. Onların arasında o dərəcədə dərin əməkdaşlıq getdi ki, MOSSAD (İsrailin xüsusi xidmət orqanı – red.) əməkdaşları gəlib MTN-in binasında əyləşirdilər. Onların nə işlə məşğul olduğunusa heç kim bilmirdi. Təbii ki, biz bilirdik və bəzi şeyləri yazmışıq da. Hələ 2011-ci ildə mən «The Times» qəzetinə müsahibəmdə İsrail agentlərinin Azərbaycan ərazisindən İrana keçərək nüvə fiziklərini qaçırmasından yazmışam. O zaman İsrailin Azərbaycandakı səfiri hay-küy saldı, məni İranın sifarişiylə belə məlumat yaymaqda suçladı. Amma Almaniyanın bir telekanalı sənədli film çəkdi. Orda MOSSAD-ın keçmiş direktoru və digər əməkdaşları İrana qarşı bu cür əməliyyat həyata keçirdiklərini etiraf edirdilər. İsrail səfiri, bir sıra yəhudi təşkilatları İlham Əliyevi Qərbdən qorumaqla, ona lobbiçilik etməklə məşğuluydular. Bu səbəbdən də Eldar Mahmudova toxunulmurdu. Azərbaycan, faktiki olaraq, xarici xüsusi xidmət orqanlarının karvansarasına çevrilmişdi. Xarici ölkələrin kəşfiyyatları özlərini burda çox rahat hiss edirdilər.

- Söhbət hansı ölkələrin kəşfiyyat qurumlarından gedir?

- İsrailin, Rusiyanın və başqalarının. Bu da Eldar Mahmudovu toxunulmaz fiqura çevirmişdi. MTN-in ləğvinə, 20-dək yüksəkvəzifəli işçisinin həbsdə olmasına baxmayaraq, keçmiş nazir bu gün də azadlıqdadır. Necə ola bilər ki, 11 il ərzində bu qədər cinayət törədilsin, MTN cinayətkar dəstəyə çevrilsin, amma nazirin xəbəri olmasın? Bundan nazirin də, prezidentin də xəbəri olub. Bunu əminliklə deyirəm, çünki əldə etdiyimiz məlumatların mütləq əksəriyyətini hakimiyyət strukturlarının içindəki şəxslərdən almışdıq.

- Sizin təbirinizcə desək, Azərbaycan MTN-i niyə İsrailin çətiri altına keçməli oldu? Üstəlik, İsrail casuslarının MTN-in rəsmi binasında oturmaları haqda dediyiniz fantastik səslənir.

- Bu, siyasi qərar idi. Eldar Mahmudov olsun, ya başqası, öz təşəbbüsüylə belə addım atmağa qərar verə bilməzdi. Səbəb də çox sadəydi. Proses özü 2008-2009-cu illərdən başladı. Məhz həmin 2009-cu ildə ən ağır cinayətlər baş verdi. Rail Rzayev (Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev – red.) qətlə yetirildi, həmin ilin aprelində Neft Akademiyasında terror hadisəsi baş verdi. Bu, təsadüf deyildi. 2008-ci ildə Barack Obama ABŞ-da hakimiyyətə gəldi. Bakıda başa düşürdülər ki, ABŞ prezidentinin Azərbaycanın dövlət başçısına şəxsi antipatiyası var. Onun sevmədiyi şəxslərdən biri də İsrailin baş naziri Benjamin Netanyahu idi. Obama yetərincə intellektual, demokratik və açıqdüşüncəli insan idi. Onun İlham Əliyevi sevməməsi normal idi. Bu halda, Bakı Vaşinqtonla münasibət qurmağa çalışırdı. Yeri gəlmişkən, bu gün də eyni çaşqınlıq içindədirlər. Əlaqələr axtarırlar, çünki bütün «stavka» Hillary Clinton-a (ötən noyabr seçkilərində demokratların namizədi – red.) edilmişdi. Qayıdaq 2009-cu ilə. O zaman Vaşinqtonun mənfi təsirini neytrallaşdırmaq missiyasını üzərinə İsrail və ABŞ-dakı israilpərəst lobbiçilər götürmüşdü. Bu lobbiçilər arasında ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə katibi Victoria Nuland da, Hillary Clinton-un özü də varıydı. Buna görə də İsrailə Azərbaycanda yaşıl işıq yandırılmışdı. Sadə bir sual verəcəm. Azərbaycanın İsraillə sıx əlaqələri olduğu halda, niyə Bakı Tel-Əvivdə səfirliyini açmadı? Qərb və müsəlman dövlətlərinə demək istəyirdilər ki, İsraillə münasibətlərimiz heç də sizin düşündüyünüz kimi dərin deyil.

- Siz İsrailin və bir sıra yəhudi qurumlarının Bakı ilə Vaşinqtonun münasibətlərinin yaxşılaşması məqsədilə lobbiçilik etdiyini deyirsiniz. Amma Obama-nın hakimiyyətinin son dövrlərində iki ölkə arasında münasibətlərdə soyuq yellər əsirdi, hətta rəsmi səviyyədə ittihamlar səslənirdi.

- Bu da Bakının siyasətdə naşı olmasından doğurdu. Onlar düşünürdü ki, lobbiçilər münasibətləri düzəldə biləcəklər. Azərbaycan hakimiyyəti həddən artıq dərinə gedirdi, siyasi məhbuslar ordusu yaradırdı, hüquq və azadlıqları kobud şəkildə boğurdu. Buna etiraz edənlərin bəzisini neytrallaşdırmaq olsa da, bəzilərinin qarşısına çıxa bilmirdilər. Çünki ABŞ siyasəti yetərincə çoxşaxəlidir.

Eldar Mahmudov

Eldar Mahmudov



- Qayıdaq MTN məsələsinə. Nə baş verdi ki, işi milli təhlükəsizliyi təmin etməli olan dövlət qurumu – MTN çökdürüldü? Yazırsız ki, 2005-ci ildən bu qurumun demontajı başlandı. Yazılarınızdan gəlinən qənaət budur ki, ölkə rəhbərliyi 10 il sonra bu prosesi dayandırmağa, sadəcə, məcbur qaldı.

- Əslində, proses durdurulmadı. Proses bu gün də davam edir. Mən onun siyasi kontekstini yazmışam. 2005-ci ili təsadüfən keçid ili kimi qeyd etməmişəm. Məhz həmin ildən başlayaraq Azərbaycanda dövlət idarəçilik sisteminin demontajı başladı və hakimiyyətin bir əldə cəmlənməsinə start verildi. Bunda xarici qüvvələrin də marağı varıydı. Çünki bir nəfərin vasitəsilə hər şeyi idarə etmək, hadisələrə təsir etmək daha asandır. Ona görə qərbli, şərqli, iranlı, türkiyəli, rusiyalı hər kəs bunda maraqlıydı ki, Azərbaycandakı dövlət və ictimai-siyasi institutlar sıradan çıxarılsın. Azərbaycan artıq siyasi meyarlarla deyil, avtoritar meyarla idarə olunurdu. Namiq Abbasov dönəmində MTN bu prosesə, ölkənin, üzr istəyirəm ifadəmə görə, casusxanaya çevrilməsi prosesinə müqavimət göstərəcək qədər güclü qurumuydu. Onu dağıtmaqdan başladılar. Eldar Mahmudov da bunun öhdəsindən layiqincə gəldi, hakimiyyətin istədiyi kimi, MTN siyasi polisə çevrildi. Bunun arxasınca digər dövlət qurumlarının demontajı başlandı. Parlamentin, Nazirlər Kabinetinin... Nazirliklərdə belə proses başlandı, nazir şəkil kimi oturdulurdu vəzifədə, müavin hər şeyi idarə edirdi. İndi mətbuatda çox sual verirlər, Əli Abbasov niyə həbs edilmir? Əli Abbasov nazirlikdə söz sahibi olmayıb, yanına müavin oturtmuşdular, o da hər şeyi idarə edirdi. Necə ki səhiyyə nazirinin müavini hər şeyi idarə edir və ya necə ki Bakı şəhər İcra Hakimiyyətində idarə rəisi hər şeyi özü idarə edir. Yəni, ikili idarəçilik sistemi yaradıldı, buna hətta «kriminal idarəçilik sistemi» demək olar.

- Ərəstun bəy, amma demədiniz, 2015-ci ildə niyə MTN-nin dağıdılmasına qərar verildi?

- Artıq 2015-2016-cı illərdə MTN elə addımlar atdı ki... Bəlkə də ruhlandılar, bəlkə də xarici havadarları tərəfindən buna təhrik olundular, deyə bilmərəm. Bunlar artıq dövlət başçısının özünü nəzarətə götürməyə başladılar, onun haqqında ifşaedici materiallar, faktlar toplamağa başladılar. Hələ 2013-14-cü illərdə MTN Avropada yerləşdirdiyi agentura şəbəkəsi vasitəsilə İlham Əliyevin, ailəsinin biznesi haqda materiallar əldə edərək Avropa mətbuatına ötürürdü. Yəni təhlükə İlham Əliyevin özünə yaxınlaşanda, Eldar Mahmudov dayandırıldı.

- MTN İlham Əliyev və ailəsi haqda hansı məlumatları toplayırdı? Bir də bu məlumatlar nə dərəcədə təhlükəli ola bilərdi? Tutalım, ailəsinin biznesi haqda dediklərinizi Qərbin bir sıra jurnalist qurumları da üzə çıxarırdı.

- Hər halda, MTN-in imkanları o təşkilatların imkanlarından qat-qat artıq idi. Həmin təşkilatların Prezident Administrasiyası işçilərini ucdantutma dinləmək imkanı yox idi. Məlumatlar təhlükəli olmasaydı, Eldar Mahmudov bugünədək nazir qalacaqdı. O sadəcə, siyasi iddialara düşdü. Baş nazir olmaq istəyirdi, ardınca prezidentliyi götürmək qalırdı. Bu da, onun düşüncəsinə görə, texniki məsələydi.

- Bir ildən çoxdur ki, Azərbaycan mətbuatı sual edir: niyə Eldar Mahmudov həbs edilmir? Səbəb, sizin yazdığınız kimi, İlham Əliyevin «cəsarətinin çatmamasıdır», ya başqa amillər də var?

- Düşünürəm ki, Mahmudov yaxın zamanlarda həbs edilməyəcək. Düzdür, müəyyən cəhdlər göstərilir. Məsələn, İsrail vətəndaşı Lapshin-i Belarusdan alırlar ki, sonradan onu İsrailə verməklə Eldar Mahmudovun həbsinə razılıq alsınlar. Bu, mənim versiyamdır. Çünki sual çıxır ki, niyə məhz Lapshin? Niyə məhz 2017-ci ildə həbs edilir? Halbuki o, Azərbaycana 2015-ci ildə səfər etmişdi, tutmamışdılar. Ona qarşı irəli sürülən ittihamlar da 2012-ci ili əhatə edir. Lapshin məsələsinin Netanyahu-nun Bakıya səfərinin ardınca baş verməsi dəyiş-düyüş məqsədi güdür. Hələlik, Mahmudovun həbsinə hakimiyyətin siyasi iradəsi çatmır. Onun yaxınlarda həbsini gözləmirəm.

- Keçmiş nazirin əlindəki kompromatlar haqda çox danışılır. Bu onun həbsini əngəlləyə bilərmi? Siz də yazırsınız ki, Eldar Mahmudov bu illərdə hadisələrin iştirakçısından həm də şahidinə çevrildi, buna görə o öz təhlükəsizliyini təmin etmək məqsədilə sübutlar da toplamalı idi.

- Hesab etmirəm ki, Mahmudov, ya başqası həbsə düşəndən sonra cürət edib danışsın. Ola bilsin, həmin kompromatlar xarici havadarlarının əlinə keçsin. Bax, bu mümkündür. Bunu istisna etmirəm. Amma məhz bu amilin onun həbsinin qarşısını aldığını düşünmürəm. Bir də Azərbaycan hakimiyyətinin elə bir sirri yoxdur, bütün əməlləri göz qabağındadır. İllərdir dünya mətbuatı yazır, özü də Azərbaycanda yolla gedəndə bilirsən ki, bu obyekt kimindir. Düşünmürəm ki, kompromatlardan qorxsunlar.

- MTN yoxdur, amma onun, sizin iddia etdiyiniz kimi, Avropaya və ya ölkə içinə səpələnən «ikili agentləri» qalırlarmı?

- Agentlər qalır. Sual budur ki, yeni yaradılan DTX onların xidmətindən istifadə edəcəkmi? Bəzilərindən artıq istifadə olunur. Bunu görürəm. Mən şəxsən onlardan istifadə etməzdim. Birincisi, məlumat mənbəyi kimi çox qeyri-peşəkardırlar. İkincisi, ikili agentlərdən yalnız güclü tərəf daha səmərəli istifadə edə bilir. Tutalım, eyni agentdən həm CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – red.) və ya MOSSAD, həm də Azərbaycan istifadə edirsə, təbii ki, uduzan Azərbaycan olacaq. Çünki onlarla müqayisədə Azərbaycan kəşfiyyatı çox zəifdir. Ona görə də, ikili agentlər şəbəkəsindən imtina etmək lazımdır. Amma bu da var ki, bu şəbəkə siyasi məqsədlər üçün, hakimiyyəti qorumaq üçün yaradılmışdı. Bəlkə siz də fikir vermisiniz, elə adam vardı vətəndaş cəmiyyəti fəalıydı, müxalifətçiydi, amma gedirdi Avropaya, bir müddət sonra müxalifət liderlərini söyürdü, yaramazlıqlarından danışırdı. Bu, konkret tapşırıq idi, təlimat üzrə hərəkət edirdilər. Onlar orda siyasi mühacir kimi hakimiyyətə işləyirdilər. Dövlət maliyyələşdirirdi onları.

Neft Akademiyasında qətliam - 2009

Neft Akademiyasında qətliam - 2009



- «Delta Telecom»un data mərkəzində baş verənlərlə (2015-ci ilin noyabrında şirkətdə baş verən yanğın nəzərdə tutulur – red.) bağlı ehtimalınız nədir?

- Bu işi yüksək ehtimalla MTN himayə edirdi. Mən düşünmürəm ki, bu, siyasi qərar olmadan həyata keçirilən əməliyyat idi. «Delta Telecom»un data mərkəzində yerləşdirilmiş, sonradan yandırılmış avadanlıq hansısa xarici kəşfiyyata məxsusuydu. O avadanlıq artıq sübuta çevrilməyəcək, yandırılaraq sıradan çıxarıldı. Düşünürəm ki, başqa ehtimal da mümkündür. Ora yerləşdirilən avadanlıq qismən yerli hakimiyyətin maraqlarına xidmət edirdi. Əslindəsə, ondan ən çox onu ora yerləşdirən xarici kəşfiyyat qurumu öz maraqları üçün istifadə edirdi. Üstünün açılmaması üçün də onu sıradan çıxardılar. Orda çalışan mühəndis ölkəni dərhal tərk edib. Bu gün də onun axtarışı aparılmır. Bir o bəllidir ki, İstanbula uçub. Kiberkəşfiyyat kəşfiyyatın çox mühüm tərəfidir. Azərbaycandan transavropa magistral xətti keçir. Həmin xətti keçərək yaxın dövlətlər ərazisində kibercasusluq aparmaq mümkün idi. Soruşmaq olar ki, internet üzərindən Avropadan da iş görmək olardı. Məsələ bundadır ki, internetdə də coğrafi baxımdan yaxın məsafə həlledici rol oynayır. Bu səbəbdən də Azərbaycan hədəf seçilmişdi.

- Sizin dediklərinizə inansaq, belə təəssürat yaranır ki, son illər ölkənin təhlükəsizliyi çox zəif olub, bəlkə də bu sistem çökdürülüb və məntiqlə indi ölkədə radikal qruplar, terrorçular at oynatmalıydı, ölkədə tez-tez terror hadisələri baş verməliydi.

- Təbii, belə də olub. Bu, təəssürat yox, reallıqdır. Həmişə də açıq yazmışam ki, Azərbaycan dövlətinin, vətəndaşlarını heç bir təhlükəsizliyi olmayıb. Sadəcə, terrorçuların marağı olmayıb ki, Azərbaycanda terror aktı törətsin. Terror hadisəsi o zaman baş verir ki, onların qarşısı kəsilir, problemlər yaradılır. Amma bu gün üzə çıxır ki, Mahmudov MTN-sinin radikal dindarlar adı altında tutduğu şəxslərin çoxu bu zümrəyə aidiyyəti olmayan şəxslər olub. Onları şərləyib tutublar. Sualınıza qayıtsaq, terrorçuların burda, sadəcə, akt törətməyə marağı olmayıb. Amma Masallıda rabitə qovşağında olan hadisə də terror aktı idi. Və ya «Delta Telecom»un data mərkəzində texniki avadanlığın yandırılması da terrordu, Neft Akademiyasında baş verənlər də.

- Neft Akademiyasında baş verən hadisələr zamanı nazir müavininin köməkçisi və sürücüsünün orda olduğunu yazmısınız. Siz bu hadisədə təhlükəsizlik orqanlarının iştirakını nəzərdə tutursunuz?

- Mən əlimdə olan məlumatları bölüşdüm. Bunun təhqiqatını aparmaq istintaqın işidir. Onlar da bunu aparmayacaqlar. Həmin iş bağlanmış sayılır. Üç günahsız uşağı şərləyib ömürlük, 20-15 iş verib həbsxanaya atıblar. Elmar Hüseynovun qətlindən sonra baş verən müəmmalı qətllərdə günahsız adamları mühakimə edirlər. Elmar Hüseynovun işini bu günə qədər bağlaya bilmirlər. Amma o biriləri rəsmi şəkildə bağlayıblar. Rail Rzayevin qətliylə bağlı ciddi araşdırmamız olub. Mənim yazım çıxan gün ortaya başqa şey atdılar ki, guya həbsdə olan kimsə bu şeyləri bilirmiş, Rzayev narkobiznesə mane olurmuş... Bu dezinformasiyadır. Bu materialı tələsik, primitiv şəkildə ortaya atmaqda məqsəd mənim yazımdan diqqəti yayındırmaq olub. Amma alınmayıb, bu yazını 25 mindən yuxarı insan oxuyub.

- Sizcə, Rail Rzayev silah biznesinin qurbanı olub?

- Silah alveri böyük pullar deməkdir. Azərbaycan silaha 3-4 milyard pul xərcləyib. Misirin orduya xərclədiyi məbləğ 5.4 milyard dollardır. Misir ordusu ilə Azərbaycan ordusu heç müqayisəyə gəlməz. Deməli, söhbət böyük yeyintilərdən gedir. İstisna etmirəm və bizə verilən məlumatlardan gəldiyim qənaət budur ki, Rail Rzayev məhz yeyintinin qarşısını kəsən şəxs olub. Ona görə də aradan götürüb.

- Yazılarınız davam edəcəkmi?

- Hələlik, ara verirəm. Bir müddət sonra Azərbaycana qayıdacağam və orda davam etdirəcəyəm.

- Bu yazılara görə sizə hansısa təzyiq olub? Və ya hansısa formada təkzib edilibmi?

- Təzyiq olmayıb. Mən Azərbaycandan çıxandan ay yarım sonra ölkədən çıxışıma qadağa qoyulub. Demək istəyirlər, qayıtma bura. Mən öz ölkəmə gedirəm, bunu qadağan edə bilməzlər, hansı vaxt istəsəm, qayıdacağam.

Nazir Eldar Mahmudov işdən çıxarıldıqdan bir qədər sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ərəstun Oruclunun dedikləri ilə bağlı AzadlıqRadiosu həmin nazirliyin yerində yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə zəng edib. Xidmətdən ittihamlara münasibət bildirilməyib. Mətbuat xidmətinin rəhbəri Arif Babayev deyib ki, o, MTN-i yox, DTX-ni təmsil edir. Bundan sonra dəstəyi asıb.

Keçmiş MTN-nin 20-dək əməkdaşı həbs edilib. Bəzilərinin işi məhkəməyə çıxarılıb.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar