Samir Şərifova qarşı 5 milyon dollarlıq ağır ittiham

16-02-2017, 22:20   


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sahibkar Nisbət Fərhadova Maliyyə Nazirliyi tərəfindən hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirib.

Yeniçağ.az xəbər verir ki, şikayətçi N. Fərhadovanın sözlərinə görə, 2015-ci ildə tütün məmulatlarının və alkoqollu içkilərin idxalına və istehsalına icazə verən xüsusi razılıqlar (lisenziyalar) Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib:

“Bundan sonra təsisçisi və direktoru olduğum “Akşin-N Məhdud Məsuliyyətli Cəmiyyətin adından tütün məhsullarının idxalı üçün Maliyyə Nazirliyinə müraciət etdim. Çünki inanırdım ki, dövlət başçısının fərmanından sonra monopoliya aradan qalxacaq. Ötən ilin martın 28-də maliyyə nazirinin köməkçisi Azər Bayramov məni qəbul etdi və bildirdi ki, ölkədə inhisarçlıq yoxdur, Prezidentin son göstərişinə əsasən, bütün neqativ hallar aradan qaldırılaraq, azad bazar iqtisadiyyatı formalaşdırılır. Buna görə də tütün məhsulunu aldığım şirkətlə müqavilə bağlayıb, Maliyyə Nazirliyinə təqdim etməyimi bildirdi və əlavə etdi ki, sənədləri bizə təqdim edəndən 5 gün sonra aksiz markalar veriləcək. Bundan sonra Belarusdakı “Qrodnı tütün fabriki Neman” ASC ilə bizim şirkət arasında 2016-cı ilin aprelində 1065 saylı müqavilə bağlandı. Həmin müqaviləni və digər bütün sənədləri toplayıb, Maliyyə Nazirliyinə təqdim etdim. Amma bu günə kimi mənə aksiz markalar verilmədi, əvəzində hədə-qorxular gəlməyə başladı. Bundan sonra dövlət başçısı İlham Əliyevə və Prezident yanında Apelyasiya Şurasına şikayət etdim. Həmin ilin oktyabr ayında bu qurumun qərarı ilə Maliyyə Nazirliyinin Apelyasiya Şurasının şikayətə baxmaması hərəkətsizlik kimi qəbul edilib və mənim şikayətim üzrə konkret münasibət bildirməsi vəzifə kimi qoyulub. Bundan sonra Maliyyə Nazirliyinin Vergilər departamentinin rəhbəri Fikrət Şirinov mənimlə telefon danışığında dedi ki, bu sahədə monopoliya var və həmin işlə məşğul olanların icazəsi olmadan aksiz markasının verilməsi mümkün deyil. Həmçinin Fikrət Şirinov mənə dedi ki, bu sahədəki inhisarçılar Belarusdakı şirkətlə bağladığım müqaviləni ləğv etdirməyə çalışır. Təəssüflər olsun ki, artıq buna nail olublar”.

Sahibkar qadın bildirib ki, qarşılaşdığı bu problem nəticəsində 5 milyon ABŞ dollarlı ziyana düşüb:

“Əvvəlcədən mənə belə olacağını desəydilər, heç bu qədər ziyana düşməzdim. O cümlədən şirkətimin fəaliyyətini dayandırmışam, çünki artıq müflis olmuşam. Yaranmış məsələ ilə bağlı Prezident Administrasiyasında Fuad Ələsgərovdan tutmuş digər səlahiyyətli şəxslərin qəbulunda olmuşam. Hər biri bu məsələnin həll olunması üçün göstərişlər verib, lakin Maliyyə Nazirliyi və bunu çəkinmədən deyirəm, şəxsən nazir Samir Şərifov inhisarçıları müdafiə edir. Bu günlərdə Maliyyə Nazirliyinə gedəndə orada olan polislər bildirdilər ki, bir daha bura gəlməyin, yoxsa “qara maskalılar” gəlib sizi aparacaq. Səbəbini soruşduqda, nazirliyin rəhbər heyətinin şəxsən göstəriş verdiklərini dedilər. Onu da qeyd edim ki, nazirlikdə bir nəfər bu sahəyə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun nəzarət etdiyini dedi. Nazir Kəmaləddin Heydərova müraciət etdim və məni qəbul edən nazirin I müavini dedi ki, deyilənlər yalandır, sizi aldadıblar.

Media vasitəsilə Prezident İlham Əliyevə müraciət edirəm ki, mənim tapdalanan hüquqlarımın bərpası üçün köməklik göstərsin. Dövlət başçısı məni qəbul eləsin, Samir Şərifov və digər onun kimi inhisarçıların və onları himayə edənlərin iç üzünü açım göstərim. Bir addım olsun belə geri çəkilməyəcəm, baxmayaraq ki, hədə-qorxu gəlirlər, məni maşınla izləyirlər. Artıq məhkəməyə də müraciət etmişəm və lazım gələrsə, Avropa Məhkəməsinə qədər gedib çıxacam. Lakin son ümid yerim Prezident İlham Əliyevdir və dövlət başçısının mənə kömək edəcəyinə heç bir şübhəm yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar