Şeyxin iddiası: Bakını Azərbaycandan kim qopardırdı?

17-02-2017, 10:13   


Fərəc Quliyev: “Şeyx həzrətləri AXC hakimiyyətini nəzərdə tutmur”; Fazil Mustafa: “Ölkəmizin üç hissəyə bölünmə təhlükəsi müəyyən mənada var idi”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Respublika Ağsaqqallar Şurasının iclasında səsləndirdiyi bəzi fikirlər gündəmə çevrilib. APA-nın xəbərinə görə, şeyx çıxışında vaxtilə Azərbaycanın üç hissəyə bölünmə təhlükəsi ilə üzləşdiyini bildirib.


Onun müzakirələrə səbəb olan fikirləri bunlardır: “Azərbaycan çox çətinlikdən, keşməkeşdən keçdi. Bəzən yalançı ağsaqqallar peyda oldu. Ağsaqqal sözünə qulaq asılmadı. O deyirdi Bakı mənimdi, bu deyirdi Gəncə mənimdi, o biri deyirdi Lənkəran mənimdi. Nəticədə Azərbaycan dövləti xəritədən silinmək üzrə idi. Mən bunun şahidi olmuşam. Azərbaycan 3 yerə parçalanırdı. Ölkəni parçalamaq istəyən bu 3 qüvvə Azərbaycan dövləti yaratmırdı, onların hər biri başqa-başqa dövlətlərə sığınırdı. Bu gün ölkəmizdə ağsaqqala, müdrik insanlara böyük ehtiyac var. Azərbaycan xalqı həmişə öz ağsaqqalına hörmət edib və edəcək”.


QMİ rəhbəri konkret hansı dövrü nəzərdə tutduğunu deməsə də, heç şübhəsiz ki, daha çox AXC hakimiyyəti zamanına istinad edir. Şeyxin “Gəncə mənimdir” deyən şəxs kimi Surət Hüseynovu, “Lənkəran mənimdir” deyən şəxs kimi isə, “Talış Muğan Respublikası”nı elan edən Ələrəm Hümmətovu nəzərə aldığını düşünmək olar.



“Mətbuatda yayılan xəbərlərə rəsmi qurumların münasibət bildirmələrinə böyük ehtiyac var”




Bəs “Bakı mənimdir” dedikdə, şeyx kimləri nəzərdə tutur? AXC-nin İdarə Heyətinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev şeyxin hansı dövrü nəzərdə tutduğunu deməkdə çətinlik çəkdiyini söylədi: “İstənilən halda ölkəmiz təhlükəli bir dövr keçib. Müstəqil dövlət qurmaq rahat məsələ deyildi. İllərlə aparılan mübarizənin sonluğunda bu dövlət quruldu. O dönəm ağır dövr idi. Hesab edirəm ki, bu məsələnin Xalq Cəbhəsinə aidiyyəti yox idi. Çünki Xalq Cəbhəsi elə bir qurum idi ki, bütün bölgələrdə hər kəs bir ideologiya ətrafında birləşmişdi. Yerlibazlıq salan insanlar yox idi. Könüllü batalyonlar müxtəlif istiqamətlərdən təşkil olunur, müxtəlif istiqamətlərdə də döyüşürdü. O dövrdə milli birlik çox yüksək səviyyədə idi. 1989-cu ildə Azərbaycanın ”ilin xalqı" elan olunması da boşuna deyildi. O dövrdə, sadəcə, Bakıda “Qardaşlıq” Cəmiyyəti var idi. Bu cəmiyyət tərəfindən o dövrdə qərbi azərbaycanlıların, naxçıvanlıların bazarlarda sıxışdırılması, onlara basqınların edilməsi kimi hallar var idi. Ola bilər ki, şeyx o hadisələri nəzərdə tutsun. Amma AXC hakimiyyəti tərəfindən bölgə bölücülüyü yox idi. İnsanlar bir-birinin harada doğulduğunu belə bilmirdi. Bu gün də ən çox hörmət etdiyim Sabit Bağırov, Nəcəf Nəcəfov kimi şəxslərin haralı olduğunu bilmirəm. Mən Əli Məsimlinin çox yaxın zamanlarda Şəkidən olduğunu bilmişəm. İnsanlar “Qara Tofiq” kimi şəxsləri olduqları yerlərə görə yox, apardıqları mübarizəyə görə tanıyırdılar. Bütün bunlara görə hesab edirəm ki, şeyx həzrətləri AXC hakimiyyətini nəzərdə tutmur".


Elçibəy hakimiyyətində təmsil olunmuş Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həmin dövrdə Bakıda müxtəlif şəxslər tərəfindən bandalar yaradıldığını bildirdi: “Rüfət Ağayev və digərləri tərəfindən bandalar yaradılırdı. Bakılı Cəmiyyəti, ”Bakı Qardaşlar Cəmiyyəti" kimi adlarla fəaliyyət göstərirdilər. Bu baxımdan, şeyx ola bilər bunları nəzərdə tutsun. Haqq da vermək olar. Çünki həqiqətən elə problemlər Azərbaycanda yaşanıb.

İndi bu tezislər demək olar gündəmdən çıxıb. Bu da müsbət haldır. Çünki hər kəs anlayır ki, azərbaycanlı olmaq lazımdır. Hansısa bir bölgənin qabardılması ümumi işimizin yalnız ziyanına ola bilər. O dövrdə ölkəmizin, əlbəttə, üç hissəyə bölünmə kimi təhlükəsi müəyyən mənada var idi. Dövlət tam möhkəmlənmədiyinə görə təhlükə olaraq qalırdı. Dövlət möhkəmlənəndə bu cür fikirlər dərinə işləmir".


Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar