Paşazadələrin şərikinə 11 il cəza istənildi

21-02-2017, 09:11   
Paşazadələrin şərikinə 11 il cəza istənildi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə biznes ortağı olan Müğdət Həşimova 11 il həbs cəzası istənilib. Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Müğdət Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan (Medi Sina) 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib.

Ona CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələriylə ittiham verilib. Prokuror deyib ki, ittihamlar məhkəmədə sübuta yetirilib. Bu iş üzrə zərərçəkmiş qismində Paşazadələrin yaxın adamı sayılan və «Hacı Mazan» kimi tanınan Ramazan Zeynalovun adı keçir. Hərçənd, onun klinikaya heç bir aidiyyəti yoxdur.

Prokurordan sonra Ramazan Zeynalovun nümayəndəsi çıxış edib. Məlum olub ki, Zeynalov Müğdət Həşimovun daha sərt cəzalandırılmasını istəyir. O, nümayəndəsi vasitəsilə məhkəmədən Həşimovun 15 il azadlıqdan məhrum edilməsini xahiş edir. Məhkəmə fevralın 27-də Müğdət Həşimovun vəkili Elçin Sadıqovun müdafiə çıxışı ilə davam edəcək.

XATIRLATMA

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb Müğdət Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi. Müğdət Həşimov məhkəmədə ifadəsində günahsız olduğunu, Paşazadələrin sifarişi ilə həbs olunduğunu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar