Hüquqşünas Akif Qurbanov isə bu təyinatın qanuniliyinə şübhə edir. O, “Korrupsiya haqqında qanun”un 7-ci maddəsini misal gətirir. Həmin maddəyə görə, bəzi istisnalarla yaxın qohumların birgə işləməsinə yol verilmir.
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Akif Qurbanov deyir ki, indiki halda ya qanun dəyişməlidir, ya Əliyevlər boşanmalıdır, ya da onlardan biri istefa verməlidir. Hüquqşünas qanunun maddəsinin dəyişəcəyinin daha real olduğunu deyir.