Sərhədsiz Reportyorlar İlham Əliyevin ailə hakimiyyətinə də toxundu
Sərhədsiz Reportyorlar Təşkilatı yerli xəbər saytının redaktoru Elçin İsmayıllının saxta cinayət işləri ilə həbsə atılan azərbaycanlı jurnalistlərin uzun siyahısına qatılmasından narahatlıq keçirir. Bu Qafqaz respublikasında indi ən azı 12 jurnalist və bloqçu həbsxanadadı.
Bu sətirlər “Sərhədsiz Reportyorlar”ın Azərbaycandakı son vəziyyətlə bağlı yaydığı bəyanatdandır.
Bəyanatda deyilir ki, fevralın 17- də İsmayıllı rayonunda yerli saytın redaktoru olan Elçin İsmayıllıya qarşı «tələb etmə» və «vəzifəsindən sui-istifadə etmə» maddələri irəli sürülərək, ilkin olaraq 24 günlük həbs edilib və istintaq təcridxanasına aparılıb. Prokurorluq onu yerli məmurlardan birini şantaj etməkdə ittiham edir.
“Elçin İsmayıllı təkidlə bildirir ki, bu ittiham onu jurnalist olaraq susdurmaq üçün uydurulub. Əvvəllər Azadlıq qəzetində, eləcə də Azadlıq radiosunda şalışan Elçin İsmayıllı yerli korrupsiya və insan haqları pozuntularını işıqlandıran “kent.info” adlı saytın qurucusu və baş redaktorudur. O dəfələrlə təqib və təzyiqlərə, o cümlədən fiziki təzyiqlərə məruz qalıb, həbs edilib və diffamasiya iddiaları ilə üzləşib”, – deyə bəyanatda qeyd olunur.
“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bihr bildirib ki, Azərbaycan həbsxanalarında bu qədər jurnalistin saxlanıldığı halda Bakının beynəlxalq tərəfdaşları bu məsələlərə laqeyd qala bilməzlər.
“Fevralın 17-dən 20-ə qədər yeganə müxalif qəzet olan “Azadlıq”ın 8 əməkdaşı onun maliyyə direktoru Faiq Əmirlinin istintaqı üzrə prokurorluğa çağırılaraq dindirilib. Keçən ilin avqust ayından başlayaraq çoxlu sayda adamlar Faiq Əmirlinin işi ilə bağlı istintaqa cəlb edilib. Səhhətində ciddi problemlərin olmasına baxmayaraq, Faiq Əmirlinin haqqında həbs qəti imkan tədbirinin ləğv edilməsi və ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti isə fevralın 16-da təmin edilməyib. Onun həbsi “Azadlıq” qəzetinin fəaliyyətini iflic edib və qəzetin çap versiyası ötən ilin sentyabrından dərc edilmir”, – deyə bəyanatda qeyd olunur.
Sənəddə həmçinin bildirilir ki, İngiltərə PEN klubunun məlumatına görə, 2013- cü ildən həbsdə olan bloqçu Rəşad Ramazanovun səhhəti son 15 gündə cəza kamerasında saxlanıldığı üçün xüsusilə ağırlaşıb. Ailəsinin bildirdiyinə görə, Rəşad Ramazanov vərəm xəstəsidir və ciddi müalicəyə ehtiyacı var.
Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən Rəşad Ramazanov 2013-cü ildə uydurma cinayət işi ilə narkotik alverində ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.
Bəyanatda o da qeyd edilir ki, fevralın 16-da Ali Məhkəmə jurnalist Xədicə İsmayılovaya qarşı irəli sürülmüş «qanunsuz sahibkarlıq» ittihamını qüvvədə saxlayıb. Yüksək hakimiyyət və dövlət orqanlarında korrupsiya araşdırmaları ilə tanınan Xədicə İsmayılova 2014-ün dekabr ayından 2016-cı ilin may ayına qədər – 18 ay həbsxanada keçirib.
“Azərbaycan Dünya Mətbuat Azadlığı indeksinə görə, 180 ölkə arasında 163- cü yerdə dayanır. 2016- cı ilin sentyabrında keçirilən referendumda “Sərhədsiz Reportyorlar”ın «mətbuatın yırtıcı düşmənləri» siyahısında yerləşən İlham Əliyevin səlahiyyətləri artırılıb. Dünən (fevralın 21-də – red.) isə o öz həyat yoldaşını ölkədə ikinci böyük post olan birinci vitse-prezident vəzifəsinə təyin edib”, – deyə bəyanatda bildirilir.