“Verəcəyin həmin pulun 1000 manatı Abşeron RİH-nin başçısına...“

26-02-2017, 19:16   

Yazılmamış qanunlar Abşeronda Gülməmmədovanın diktəsi ilə həyata keçirilir
“Verəcəyin həmin pulun 1000 manatı Abşeron RİH-nin başçısına, 1000 manatı Abşeron rayon Reyestr Xidmətinin rəisinə və digər əlavə xərclərə görə çıxacaq”
“Gündəm Xəbər” qəzetinin ötən saylarında Abşeron rayonu ərazisində hökm sürən özbaşınalıqlardan, sayı-hesabı bilinməyən haqsızlıqlardan və s. bəhs etmişdik. Yazıb onu da vurğulamışdıq ki, İradə xanım Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, adı çəkilən rayonda ab-hava tamamilə dəyişdi, yəni “bezpredel”lik əmələ gəldi. Baş verən haqsızlıqların və qanunsuzluqların daha çox tikinti işləri ilə bağlı olduğu aşkara çıxdığından, məhz bu sahə ilə məşğul olanlar Abşeronun adını daha çox “beddam” da etdilər. Onu da vurğulayaq bu rayon haqda tənqidi açıqlamalar dərc olunduqdan sonra, yerli sakinlərdən bəziləri redaksiyamıza üz tutdular və üz-üzə qaldıqları problemlərin ictimailəşdirilməsini də xahiş etdilər. Belə sakinlərdən biri də, Qərbi Azərbaycandan deportasiya olunan və 1988-ci ildən Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi ev-15, mən-11 ünvanında qeydiyyatda olan Bayramova Nəzakət Hədis qızıdır. O, redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “mən 2007-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi H.Aslanov küçəsi ev-7 ünvanında yaşayan Əliyev Famil Fərman oğlundan, adı çəkilən qəsəbənin “Təzə məhəllə” adı ilə tanınan Aşıq İmran küçəsində 2 sot torpaq sahəsini, içərisində birmərtəbəli tikili evlə birlikdə aldım. Onu da vurğulayım ki, həmin torpaq sahəsini və tikili evi Famil Əliyevin adına olan etibarnamə və Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin təsdiq etdiyi sərəncam əsasında almışam. Bu gün istəyirəm ki, həmin evi və torpaq sahəsini özəlləşdirim və bununla bağlı çıxarış da alım. Bu məqsədilə Abşeron rayon Reyestr Xidmətinə müraciət etsəm də, hələ ki, məqsədimə nail ola bilməmişəm. Çünki, adı çəkilən qurumdan çıxarış əldə etməyin yollarını izah edib bildirdilər ki, “bunun üçün 3 min manat pulunun başından keçməlisən. Verəcəyin həmin pulun 1000 manatı Abşeron RİH-nin başçısına, 1000 manatı Abşeron rayon Reyestr Xidmətinin rəisinə və digər əlavə xərclərə görə çıxacaq. Bunların da hamsının açıqlamasını indidən sənə deyə bilmərik”.
Reyest xidmətindən belə bir cavabı əldə etdikdən sonra, üz-üzə qaldığım problemin həllini Abşeron RİH-nə müraciət etməkdə gördüm. Etdiyim müraciətə görə mənə verilən cavabın, İH-nin memarlıq və tikinti şöbəsindən təsdiq olunması da, sanki məni hövsələdən çıxartdı. Çünki, “Əməkdar memar” titulunu daşıyan Akif Əliyevin rəhbərlik etdiyi şöbədə çalışan Elmir adlı şəxs, istənilən 3 min manatın alınmasını qanuni addım hesab etdi və onu da bildirdi ki, “təkcə memarlıq şöbəsində “kvadrat möhür”ün vurulmasına 500 manat “haqq-hesab” lazımdır. Onu da vurğulayım ki, mən imkansız bir şəxsəm və himayəmdə olan azyaşlı övladım “leykoz” xəstəsidir. Yəni, bu gün də o, qanazlığından əziyyət çəkir. Bir kimsədən köməyim olmadığından, övladımın davamlı müalicəsini heç cür həyata keçirə bilmirəm. Mənim belə bir durumda olduğumu nə Akif Əliyevin rəhbərlik etdiyi memarlıq və tikinti şöbəsinin, nə də ki, Abşeron rayon Reyestr Xidmətinin əməkdaşları nəzərə almırlar. Yalniz onu bildirirlər ki, “3 mini ver ki, sənədlərini qaydaya sala biləsən”. Dəfələrlə Akif Əliyevin qəbuluna gedib, ona problemimin varlığını çatdırmaq istəsəm də, onu tapmaq sanki müşkül məsələ olub. Baxmayaraq ki, hər həftənin 2-ci, 4-cü və 5-ci günləri baş memarın qəbul günləri olsa da, bu şəxs qəbul keçirib bir kimsəni dinləmir. Belə bir səbəb üzündəndir ki, memarlıq və tikinti şöbəsi tərəfindən sakinlərin üz-üzə qaldıqları problemlər bitib-tükənmək bilmir.
Bundan əlavə, əvvəllər qeydiyyatım valideyinlərimə məxsus mənzilə idi və bir müddət bundan əvvəl valideyinlərim həmin mənzili satdıqlarından, hal-hazırda qeydiyyatımın hansı ünvana olduğu haqda da məlumatım yoxdur. Baxmayaraq ki, bu gün də şəxsiyyət vəsiqəmdə vaxtilə valideyinlərimə məxsus evin ünvanı qeyd olunub. İndi mən sənədlərimi qaydaya salmaq üçün nə etməli olduğumu bilmirəm və adları çəkilən qurumların səlahiyətliləri də, qarşıma qoyduqları şərtlərindən bir addım olsun belə geri çəkiləmək fikirində deyillər”.
Bəli, istər Nəzakət Bayramovanın üz-üzə qaldığı problem, istərsə də digər sakinlərin problemləri onu söyləməyə əsas verir ki, hal-hazırda Abşeron rayonu ilə bağlı problemlərin əmələ gəlməsində və rayonun adının hallanmasında daha çox məsuliyyət yükü, məhz “Əməkdar memar” titulunu daşıyan, çoxsaylı sakinləri illər uzunu getgələ salan, qapılar arxasında qoyan, olmazın dərdə salan Akif Əliyev və onun tabeçiliyində çalışanlardırlar. Adicə onu vurğulayaq ki, Akif Əliyev və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları, rayon ərazisində yaşayan sakinlərə yaşadıqları evlərinin ətrafına hasar çəkilişi zamanı, qanunun tələbini əsas tutaraq yalnız 2m 20 sm hündürlükdə hasar tikməyə icazə verirlər. Amma, əldə etdiyimiz məlumatlara görə, baş memara məxsus evin ətrafındakı hasarın hündürlüyü isə, 3,5m-dən də hündürdür. Bu da onu söyləməyə əsas verir ki, qanunun belə bir tələbi kimlərə şamil olunsa da, məhz Akif Əliyevə və digər vəzifə sahiblərinə heç cür şamil olunmur.
Ümumiyyətlə, bu gün Abşeron rayonu ərazisində yaşananlar, baş alıb gedən özbaşınalıqlar və s. artıq “pik nöqtə” yə çatıb. Bu da onu söyləməyə əsas verir ki, İradə xanım Gülməmmədovanın icra başçısı olduğu rayonda, hal-hazırda anarxiya ilə bərabər, yazılmamış qanunlar da “mütləqi-hakimdir”. Adicə bir məqamı vurğulayaq ki, bu gün rayonun Qobu qəsəbəsində ev tikmək istəyən hər kəs, tikəcəyi mənzilin hər kvm-nə görə 20 manat “rüsum” ödəməyə vadar olunurlar. Bu zaman ortaya maraqlı olaylar da çıxır. Yəni, Qobu qəsəbəsində tikinti aparmaq istəyən hər kəs “rüsumu” Qobu qəsəbə bələdiyyəsinin büdcəsinə deyil, məhz Xırdalan şəhər bələdiyyəsinin büdcəsinə ödəməyə vadar edilirlər. Ödənilən “rüsum”a görə isə, ödəyici şəxslərə qəbzlərin əsasını deyil, yalnız surətlərini verirlər. Bu mövzuda apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə etdik ki, sən demə ödəniləcək “rüsum”, rayonun ayrı-ayrı kəndləri üzrə tez-tez dəyişir. Məsələn, rayonun Saray qəsəbəsində hər kvm tikili üçün 50 manat, Masazırda 35-40 manat, Fatmeyi və Mehdiabadda 40-45 manat, Hökməlidə 20-25 manat və s. qiymət həddində dəyişir. “Rüsum”ların toplanması məsələsinə nəzarət funksiyasını isə, memarlıq və tikinti şöbəsində ştat cədvəli üzrə vəzifə sahibi olan Amil adlı şəxs həyata keçirir. Bütün bunlardan sonra ortaya belə bir sual da çıxır ki, səbəb nədir ki, “rüsüm”lar yalnız Xırdalan şəhər Bələdiyyəsinin büdcəsinə ödənilir?. Deməli, belə bir sualın yalnız bir cavabı var, “rəhbərliyin marağının təmin olunması üçün, əldə olunan gəlirlər yalnız bir əldə cəmləşməlidir”. Məhz, belə bir halın varlığı onu da sübut edir ki, rayon ərazisində əldə olunan gəlirlər, heç də nəzarətsiz buraxılmır və rəhbərliyin tapşırığı əsasında bir əldə cəmləşir.
Bütün bunlardan əlavə, bu gün Abşeronda İradə xanımın bacısı oğlu olan Babək adlı şəxsin qeyri-adi səlahiyyət sahibi olması da, hal-hazırda daha çox müzakirə olunan mövzulardandır. Çünki, bu şəxs icra başçısı vəzifəsini daşıyan xalasına güüvənərək, rayonda əməlli-başlıca “at oynadır”. Baxmayaraq ki, o, rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarından heç birində rəsmi vəzifə daşımır, sadəcə olaraq xalasının tapşırıqlarını əsas tutaraq, bu gün də sakinlərə “qənim kəsilməkdə” davam edir. Yəni, bu şəxs hansı ünvanda tikinti işi aparılırsa dərhal xalasını məlumatlandırır və çox keçmir ki, tikinti sahibini “haqqa otuzdurur”. Əgər tikinti işi aparan şəxs Babəklə “dil tapa bilməzsə” vay o şəxsin halına. Çünki, aparılan tikinti işlərinin ağır texnika ilə alt-üst edilməsi üçün, xalasına güvənən Babəkin adicə bir işarəsi kifayət edir. Belə bir addımların atılması, məhz Abşeronda yaşanan və həyata keçirilən ab-havanın varlığından xəbər verir.
Araşdırmamız davam edəcək.
Cəfər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar