Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması məsələsi yenidən gündəmdə

28-02-2017, 08:55   

İşğalçı ölkə Ankara-Bakı hərbi müttəfiqliyindən təşvişə düşüb; politoloq: “Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirə bilirsə, niyə Türkiyə ilə Azərbaycan eyni işi görə bilməz?”

İşğalçı Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarına qardaş Türkiyədən etirazların gəlməsi qürurvericidir. Digər ölkələr, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri balanslı mövqedən çıxış edərək təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyduqları halda, rəsmi Ankara işğalçının davranışlarını birmənalı olaraq qınayıb.

Bu arada Ermənistan mətbuatı yenidən Türkiyə faktorunu qabardaraq şivən qoparmağa başlayıb. Aprel döyüşlərində ciddi itkilərə məruz qalan düşmən Azərbaycan tərəfdə türk ordusunun döyüşdüyünü, hətta “Bozqurdlar”ın əməliyyatda iştirak etdiyini iddia etməyə başlamışdı. Bu dəfə də ermənilər Türkiyənin Azərbaycanda hərbi baza qurmaq istəyindən, həmçinin Naxçıvanda Türkiyə hərbçilərinin olmasından bəhs etməyə başlayıblar.


Yeri gəlmişkən, Türkiyə ordusunda da Azərbaycan sevgisi var. Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı əsgərləri Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edib. Strateq.az xəbər verir ki, əsgərlər, “İnşallah, Cənabi-Allah bir gün onların intiqamını almağı bizlərə nəsib edər!” -deyib dua ediblər. Bu kimi hallar ermənilərin yuxusunu qaçırır.


“Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Hansı ki, Bakı və Ankaranın planlarında bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var”.

Publika.az xəbər verir ki, bu barədə I Qarabağ müharibəsində azərbaycanlılara qarşı vuruşmuş erməni general-mayor Levon Stepanyan deyib. L.Stepanyan Türkiyənin Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib. Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər. “Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir”, - deyə o bildirib.
Ermənistan başdan-ayağa Rusiyanın təsiri altına düşməsinə, ölkədə Rusiya hərbi bazasının olmasına, iki ölkənin birgə hərbi birləşmələrinin yaradılmasına baxmayaraq, işğalçı ölkədə qabaqdangəlmişlik edib Azərbaycan-Türkiyə hərbi birliyinin İrəvana təhlükə törətdiyi iddiaları ilə çıxış edirlər. Əslində bununla Ermənistan bir az da çox Rusiyanın qucağına sığınmaq, həm də hay-küy salıb Türkiyə-Azərbaycan hərbi yaxınlaşmasına mane olmağa çalışır. Ancaq düşmənin son təxribatları bir daha sübut etdi ki, işğalçı ölkə “arxalı köpək qurd basar” misalının ruhuna uyğun olaraq davranır və himayədarına arxayın olub Azərbaycana qarşı təcavüzkar əməllərini davam etdirir.


Belə olan təqdirdə Azərbaycanın da real situasiyadan çıxış edərək Türkiyə ilə analoji birləşmələr yaratması, ərazisində qardaş ölkənin hərbi bazalarının qurulmasına razılıq verməsi tam məntiqli görünür. Düzdür, Azərbaycan qanunvericiliyi ölkəmizdə xarici dövlətin hərbi bazasının yaradılmasını mümkün saymır. Eyni zamanda Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvü olduğu üçün bu kimi qarşısında baryerlər var. Üstəlik, Türkiyənin NATO ölkəsi olması da hərbi əməkdaşlıq məsələlərində çox irəli getməyə imkan vermir. Lakin ərazisi 25 ildir işğalda olan Azərbaycan qardaş ölkə ilə hərbi əməkdaşlığının yeni mərhələsinə qədəm qoyarsa, bu, onu böyük təhlükələrdən sığortalaya bilər.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Ankaranın mövqeyini təqdir etdi: “Türkiyə Ermənistanın cəbhə bölgəsindəki təxribatlarına seyrçi qalmamalıdır və qalmır da, Ankaradan ard-arda açıqlamalar səslənir. İndi başlıca vəzifə Türkiyənin Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsidir. Əgər Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinə görə cavabdehdirsə, bunu vaxt uzatmadan real həyatda əks etdirmək lazımdır. Azərbaycan müstəqil dövlətdir və Bakı Türkiyə ilə bu məsələdə razılaşsa heç bir dövlət bu prosesə mane ola bilməz. Ermənistanın və onun havadarı Kremlin etirazları da yersiz və məntiqsiz olacaq. Bakının həm Moskvaya, həm də İrəvana ünvanlayacağı məntiqi sual belə olacaq: Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirə bilirsə və bu dövlətin təhlükəsizliyini təminatı altına alırsa, niyə Türkiyə ilə Azərbaycan eyni işi görə bilməz? Buna nə Kremlin, nə də İrəvanın məntiqi cavabı ola bilər. Ona görə bu işi çox da uzatmadan yoluna qoymaq lazımdır”.


E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində uğur qazanarsa, Ermənistan hakimiyyəti bizə Naxçıvan istiqamətində problemlər və təxribatlar yarada bilər: “Türkiyə-Azərbaycan hərbi birliyinin rəsmiləşdirilməsi işğalçı Ermənistan ətrafındakı halqanın daralmasına səbəb olacaq. Azərbaycan ordusu Ermənistan ərazisinə hücum etmir, özünə aid Dağlıq Qarabağı və ətraf rayonları işğalçılardan azad etmək istəyir. Buna heç Rusiya da qarışa bilmir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, Dağlıq Qarabağın yox. Eyni saziş Azərbaycanla Türkiyə arasında imzalansa, bu, Türkiyənin Dağlıq Qarabağ üzərindəki təhlükəsizliyinə də təminatçı anlamına gələcək. Bundan sonra Ankaranın hansı addımlar atacağı indidən bəlli olmasa da, o da aydındır ki, Ermənistan qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək. Məni bəzən bu fikirlərimə görə tənqid edərək deyirlər ki, Türkiyə Azərbaycanda hərbi baza yaratsa, Ermənistan Rusiyadan asılı olduğu kimi Azərbaycan da Türkiyədən asılı vəziyyətə düşəcək”.

Image result for Elxan Şahinoğlu


Politoloq bu xüsusda digər bir məqama da diqqət yönəltdi: “Mənim fikirlərimə qarşı səsləndirilən ikinci arqument bundan ibarətdir ki, Gülən şəbəkəsi 30 il ərzində Türkiyə ordusunda möhkəmləndi və çevrilişə cəhd etdilər. Kim təminat verə bilər ki, eyni fəaliyyət Azərbaycan ərazisində baş verməsin? Bu suallarda müəyyən məntiq var. Sadəcə, bizim əsas diqqətimiz işğal altındakı rayonların azad edilməsinə yönəlib, bu bizim milli ideyamızdır və əgər bu milli ideyanın həyata keçirilməsində qardaş ölkə bizə təmənnasız kömək edəcəksə, bundan istifadə etmək lazımdır, sonrası nə olacaq - bunu məqsədimizə çatdıqdan sonra düşünmək lazım gələcək. Ona qalsa, Amerikanın Yaponiya və bir sıra Avropa ölkəsində hərbi bazası var. Bu o demək deyil ki, Yaponiya, Polşa və ya Baltik ölkələri Vaşinqtondan asılıdırlar. Sadəcə, Vaşinqton Polşa və Baltik ölkələrində hərbi bazalarını ona görə yerləşdirib ki, Rusiya Gürcüstan və Ukraynada etdiklərini buralarda etməyi ağlının ucundan belə keçirməsin”.


“Hərbi Doktrinaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir”. Bu fikirlər isə politoloq Şahin Cəfərliyə məxsusdur. Bununla belə, ekspert dedi ki, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.


Elşad PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar