Bakıda dəhşətli hadisə: xəstənin gözünü çıxardılar

1-03-2017, 17:17   



Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən birinin gözü çıxarılıb.

Bu haqda Ailem.az-a xəsarət almış xəstə 51 yaşlı Mürvət Səfərovun qardaşı Allahverdi Səfərov şikayət edib.

Allahverdi Səfərov bildirib ki, qardaşı artıq neçə ildir idarəolunmaz vəziyyətdə olduğundan ruhi dispanserdə müalicə alır. Hadisə isə fevralın 26-da səhər saat 10.00 radələrində baş verib: “Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar. Hadisənin kim tərəfindən törədildiyini dəqiq bilmirik. Bir müddət əvvəl isə qabırğası sınmışdı”.

A.Səfərov əlavə edib ki, qardaşı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub: “Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil. Amma artıq daha da narahatıq. Bu hadisə qardaşımın və digər xəstələrin tam təhlükəsiz şəraitdə olduqlarını şübhə altına alır”.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini öyrənmək üçün Maştağa 1 saylı Ruhi Əsəb Dispanseri ilə əlaqə saxladıq.

Dispanserin baş həkim müavini Sevinc Cəmilqızı Ailem.az-a bildirib ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: “Bazar günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb. M.Səfərova köməklik göstərilib, lazımı tədbirlər görülüb. Xəstə Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir. Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə gətirəcəyik”.

Baş həkimin müavini deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub və aktda qeyd edilib ki, bu fəsad xəstələr arasında münaqişə olan zaman yaranıb: “Hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin içində olub. Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni heç 10 nəfər belə, saxlaya bilmir. Hərdən elə olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən anidən o biri xəstəyə yumruq atıb. Şikayət edən hər bir valideyn buranın ruhi dispanser olduğunu və xəstələrin durumunu da nəzərə almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun”.

S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2 min 242 xəstə qeydiyyatdadır. Xəstələrin vəziyyətindən asılı olaraq bir otaqda 1, 2, yaxud 7-8 nəfər birlikdə saxlanılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.