”Krediti ödəyə bilmədi, bankda ürəyi dayandı”

2-03-2017, 06:58   
”Krediti ödəyə bilmədi, bankda ürəyi dayandı”

Orxan Mirzəliyev: ”Bankın işçiləri ilə mübahisə yarananda dayımın vəziyyəti ağırlaşdı”

Fevralın 28-də Ucar sakini, 53 yaşlı Cəbrayıl Cəbrayılov “Dəmirbank”ın Göyçay filialında infaktdan dünyasını dəyişib. Onun banka 1020 dollar borcu olub və əlavə olaraq 500 dollar da faiz gəlib. Bank ondan borcu ödəməyi tələb edib, o isə bankdan möhlət istəyib, bu zaman Cəbrayıl Cəbrayılovun ürəyi dayanıb.

Məlumatı Meydan TV-yə mərhumun bacısı oğlu Orxan Mirzəliyev verib.

Orxan Mirzəliyevin sözlərinə görə, 2014-ci ildə Cəbrayıl Cəbrayılovun övladı vəfat edəndə yas vermək üçün bankdan kredit götürüb:

“Krediti dollarla götürmüşdü, növbəti il devalvasiya olanda ağır vəziyyətlə üzləşir və borcu verə bilmədiyindən evini satıb, rayon Su İdarəsinin binasında məskunlaşdı. Düşündü ki, bəlkə hissə-hissə borcu ödəyər. Məsələ ondadır ki, kredit sığortalanmışdı, xəstələnsə, vəfat etsə, kredit tələb olunmayacaq. Mən özüm dünən dayımla bankda bir yerdəydim, oranın işçilərilə mübahisə yarananda onun vəziyyəti ağırlaşdı. Həkim çağırsaq da, artıq gec idi”.

Orxan Mirzəliyev deyir ki, onlar müvafiq qurumlara şikayət etməyiblər:

“Dayım vəfat edəndə, polislər gəldi və sənədləşmə apardılar, vəssalam. Kimə şikayət edək, Dünəndən bəri bankdan bir nəfər gəlib dayımın yasıyla maraqlanmayıb. Daha kimə şikayət edək?”

Cinayət Məcəlləsinə istinad edən hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, olaya görə bank məsuliyyət daşıyır:

“Məcəllənin 126-cı maddəsi bu məsələni özündə ehtiva edir. Qanunun 126.2.1., 126.2.2. və 126.2.3. maddələri bunu tələb edir. Sonuncu maddədə qeyd olunub ki, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə. Bank rəhbərliyinin həmin şəxsdən təzyiqlə borcu tələb etməsi onun səhhətində ağırlaşma yaradıb və adam ölüb. Buna görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası düşür. İndi söz müvafiq orqanlarındır”.

“Dəmirbank”ın Göyçay filialının özünü Aytən xanım kimi təqdim edən əməkdaşı Meydan TV-yə deyib ki, gün ərzində yüzlərlə müştəri qəbul edirlər, onların sonrakı aqibəti haqda məlumatları olmur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.