O, bütün bakılı avtoritetlərə müharibə elan etmişdi - "BABAY"ın MACƏRASI..

2-03-2017, 21:19   
O, bütün bakılı avtoritetlərə müharibə elan etmişdi - "BABAY"ın MACƏRASI..
Bakılı “Babay”ın məcəra dolu hekayəti: “Hamıdan haqq alırdı, avtoritelərlə hesablaşmırdı”

“Dedi-qodudan başqa bir şey deyil. Mən biznesmenəm. 1980-ci illərdən də dəmir yolu vağzalındayam. Dispetçerlikdən başlamışam. Sonradan öz şirkətimi yaratmışam”.

Ukrayna qəzetlərinin birinə müsahibəsindəndir. Və ardınca da deyir. “Polis məni saxta sürücülük vəsiqəsi hazırlamaqda, narkotik saxlamaqda ittiham edir. Amma bu işlər mənlik deyil”…

“Babay” deyir bunları. Bakılı “Babay”. Əsil adı Yuri Bağıyev olan və illərdir Kiyevin Mərkəzi Dəmiryolu Vağzalını əlində saxlayan şəxs...

***

Bakıdan Kiyevə 16 yaşında getmişdi. Ukrayna paytaxtında sürücülük edirdi. Günlərin bir günü isə “Oleq Bakinski”ylə tanış olmuşdu. Oleq də Kiyevə təzə gəlmişdi. Özü də güləşçiydi. Azərbaycan çempionu olmuşdu əslən Şamaxıdan və soyadı Krapivin olan “Oleq Bakinski”.

Buna da bax: İKİ BAKILI: birini öldürüb yandırdılar, o biri isə soyadını dəyişib, qeyb oldu...

Elə “Bakinski”nin yanında fırlanırmış. Bir müddət sonra “Bakinski” “Babay”ı Kiyev Dəmiryolu Vağzalına “smotryayuşi” qoyur. İlk baxışdan ziyalıya bənzəyən Bağıyev qısa müddətdə “Bakinski”nin etibarını qazana bilir.



“Babay” hamını “haqq” verməyə məcbur edirdi: taksi sürücülərindən tutmuş, yükdaşıyanlara qədər hamını. Vağzalda bilet satışı belə, onun nəzarətindəydi. Hətta vağzalətrafı obyektlərdən də “haqq” alırdı. Vağzaldakı milislərə belə əməkhaqqı verirdi; onların rəsmi aylıq əməkhaqlarından iki dəfə çox.

Ukrayna qəzetlərinin yazdığına görə, həmin vaxtlar “Babay”ın aylıq qazancı 500 min dollara yaxın idi. “Babay”ın bir maraqlı xüsusiyyəti də varmış: polisə tapşırıbmış ki, cibgirlərlə işi olmasın. Bu da ona bilirsinizmi nəyə görə lazım imiş? Sən demə, cibgirlər onun üçün olduqca vacib informasiya daşıyıcıları imiş.

***

“Babay”ın bir neçə briqadiri vardı. Bütün briqadirlərə isə bir nəfər rəhbərlik edirdi. “Kazım” ləqəbli bu adam “Babay”a o qədər sadiq idi ki, hətta gün ərzində hansısa kafedə içdiyi kofenin hesabatını da verirdi. Hər briqadada “Babay”ın bir neçə adamı vardı. Və hər briqadanın da nəzarət etdiyi sahə vardı. “Babay” onlar üçün əməlli iş qrafiki düzəltmişdi. Rəsmi iş yerlərində olduğu kimi, 8 saatlıq iş rejimi. Odur ki, briqada üzvləri 3 növbədə çalışırdılar.

***

1996-cı ildə “Babay” “Bakinski”dən ayrıldı. Əslində, “Bakinski” çoxdan kriminalın başını buraxmışdı, iri biznesə keçmişdi: Ticarət və əyləncə mərkəzləri, bank sektoru və sairə. Qara-qura işlər, özü də vağzal məsələsi daha onluq deyildi. “Babay” isə bu hədiyyədən narazı qala bilməzdi. Həmin ildən “Babay” artıq Kiyev vağzalında hər şeyə nəzarət edən krala çevrilmişdi. Özü də elə bir krala ki, artıq Kiyevlə kifayətlənmirdi, paytaxtdan regionlara hərəkət edən avtobus və yük maşınları belə, onun idmançı uşaqlarına haqq verirdi.



***

İlk dəfə onu 2009-cu ildə saxladılar. Və hamı da gözəl bilirdi ki, “Babay” türmədə çox qalmayacaq. Türmədən belə briqadirlərə göstərişlərini vermək onun üçün çətin deyildi. Çoxları “Babay”ın həbsdə olmasından sevinib briqadalara tabe olmaq istəmirdi. Amma unutmuşdular ki, bu haqq qoyulub və verməyənlərə divan tutulacaq. Məsələn, hansısa taksi sürücüsü, marşrut avtobusunun sürücüsü ona gündəlik haqq verməsəydi, “Babay”ın adamları onun maşınının şüşələrini dəyənəklə sındırır, özünü isə şil-küt edirdi. Yaxud marşrut avtobusunun arxasında və önündə iki maşını elə saxlayırdılar ki, o, yerindən tərpənə bilmirdi. Yerli polis isə necə deyərlər, başını ağrıtmaq itəmirdi. Üstəlik, ondan şikayət edənlərin hamısına məsləhət görürdülər ki, bir-bir ərizələrini geri götürsünlər.

“Babay” iki həftə həbsdə qalır. Qayıdandan sonra itaəsizlik göstərənlərə divan tutur. Təsəvvür edin, əgər əvvələr hər taksi sürücüsü bir ay vağzal ərazisində dayanmaq üçün “Babay”ın adamlarına 50 dollar verirdisə, sonradan bu məbləğ iki dəfə artılır. Polisə ifadə verən kassirlər isə xüsusi cəzalandırılır. Onların çoxunun cəzası bilirsinizmi nə olur? Hə, işdən çıxarılırlar. Və “Babay” kassalara öz adamlarını gətirir.

***

Bir dəfə onu yenə polisə dəvət edirlər. Adamları haqq verməkdən imtina edən bir avtobus sürücüsünü döymüşdülər. “Babay” isə polisə deyir ki, o, həbsdən çıxandan sonra nəinki vağzalda olub, heç onun yanından belə keçməyib. Amma Kiyev polisi gözəl bilirdi ki, vağzal hələ də “Babay”ın uşaqlarının əlindədir.

O, ikinci dəfə 2013-cü ildə saxlanılır. Narkotik maddələr gəzdirdiyinə görə. Amma Ukrayna polisi heç nə sübut edə bilmir. Çünki o, narkotikdən istifadə etmirdi. Özünün də dediyi kimi: “Məni 50 cinayətdə ittiham edə bilərdilər, amma bu lənətə gəlmiş narkotika mənlik deyil”.

***

Bir dəfə Ukraynanın “Seqodnya” qəzeti yazmışdı: “Babay” dəmiryolu vağzalında kriminal imperiya qurmuşdu. Onu Kiyevin yüksək rütbəli generalları hifz edirdilər. Əks halda, o, böyük bir vağzalı əlində saxlaya bilməzdi”. Qəzet daha sonra adının çəkilməsini istəməyən ekspertlərdən birinin bu cavabını da dərc etmişdi: “Deyə bilərsiniz ki, bəs onda “Babay”ı niyə bir neçə dəfə saxlamışdılar? İzah edim, vağzal uğrunda mübarizə təkcə Kiyev polisi ilə kifayətlənmirdi, burada daha böyük maraqlar vardı”.

Hə, o, gəlirlərinin bir hisəsini məmurlar və generallarla bölüşürdü. Onu çox istəyirdilər. Çünki hamıya pul verirdi. Onun özünə isə minlərlə vağzal adamı pul verirdi. Hamballardan tutmuş, vağzal fahişələrinədək.



***

2007-ci ildə Babayı himayə edən nüfuzlu polis generalı istefaya gedir. Yeni rəis isə “Babay”a bildirir ki, haqq-hesab əvvəlki kimi olmayacaq. Aylıq xərc artacaq. Amma “Babay” razılaşmır. Onda polis “Babay”ın adamlarını vağzaldan qovur. “Babay” bundan sonra Avdışevə ağız açır. Ondan kömək istəyir. Avdışev isə “Babay”a deyir: “Kiyevi əlində saxlayan 3 bakılı idik, sən hamını özünə qarşı döndərdin, problemlərini də özün həll elə”.

Bununla da Avdışevlə araları dəyir. “Oleq Bakinski” isə ona konkret cavab verir: “Mən iş adamıyam, vağzal adamı yox”.

“Babay” onda başa düşür ki, özündən başqa ona kömək edən olmayacaq. Ona görə də yeni rəisin şərtləri ilə razılaşır. Çünki başqa əlacı da qalmamışdı…

***

Bəzən “Babay”ın harada olduğunu soruşurlar. Amma hamı bilir ki, o, vağzaldadı. Öz vağzalında. Buranı tərk etmək isə onun ağlına da gəlmir. “Babay” indi vağzala reket baxışı ilə baxmır. Buralar indi onun ticarət yerləridir. Və hər şey də qanunidir - ilk baxışdan. “Babay” onlardan yenə əvvəlki kimi haqq alır. Amma eyni zamanda onların vergi və digər instansiyalarla problemlərini də həll edir.

Bir dəfə ondan soruşmuşdular: “Vağzaldan başqa iddia etdiyin bir yer yoxdurmu?”

Eynəyini aşağı salıb gülmsəmişdi: “Niyə ki, Kiyev-Jitomir reysi də maraqdadır”.

Deyirlər gizlənir, evdən bayıra çıxmır. Amma elə deyil. Bir gözü yenə də həmin vağzaldadır. Ona milyonlar gətirmiş vağzalda.

Gözünü niyə çəksin ki?!

Lent.az

Sebuhi Məmmədli
http://www.criminal.az/newsphotosession/2017/03/02/400x320xbabay-baki-1.jpg.pagespeed.ic.UNYfTdo3Kw.webp
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.