Bakı-Tiflis münasibətləri yeni sınaqla üz-üzə; Erməni baş nazirin Gürcüstan səfərinin təhlükəli pərdəarxası; Moskva və İrəvan Tiflisə niyə minnətçi düşüb – məkrli planda iki hədəf; ekspert: “Bu dəmiryolu Ermənistanı ayaqda tutmağa imkan verəcək...”
Bu günlərdə Ermənistanın baş naziri Karen Karapetyanın başçılığı ilə böyük bir hökumət nümayəndə heyəti Tiflisdə olub, görüşlər keçirib. Lakin rəsmi məlumatlara görə, görüşlər çərçivəsində tərəflər hansısa önəmli anlaşma əldə edə bilməyib, hər hansı sanballı sənədin imzalanması haqda da məlumat yoxdur.
Təbii ki, işğalçı ölkənin baş nazirinin bizə dost-tərəfdaş sayılan Gürcüstana səfəri Azərbaycan üçün təsirsiz ola bilməz. Ələlxüsus, o kontekstdə ki, Gürcüstan bizim iqtisadi tərəfdaşımız, bir çox neft-qaz meqa-layihələrində ortağımız və tranzit qonşumuzdur. Bundan əlavə, gürcü iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə Azərbaycan ilk üçlüyə daxildir. Tiflis hər il tranzit haqları hesabına öz büdcəsinə sanballı gəlir əldə edir. Qonşu ölkənin qaz təchizatının 85%-i Azərbaycanın payına düşür. İki ölkəni birləşdirən daha bir iri layihə - Bakı-Tiflis-Qars dəmir yolu isə tezliklə işə düşəcək.
***
Söhbət təkcə iqtisadi bağlardan və amillərdən də getmir. Azərbaycanla Gürcüstanı həm də ortaq təhlükəsizlik və işğal problemləri (ortaq tale) birləşdirir. Hər iki ölkə bilavasitə Rusiya təcavüzünün qurbanlarıdır və ərazi bütövlüyünü bərpa eləmək üçün illərdir mücadilə edir. Üstəlik, erməni kartı (Cavaxetiya) Gürcüstanı da təhdid edir və bu kart da Rusiyanın “ehtiyat variantı” sırasındadır.
Bundan əlavə, Gürcüstan öz təhlükəsizliyini NATO, Türkiyə sistemində, Avropa Birliyində görür və bu yöndə addımlarını davam etdirir. Yeni və modern gürcü ordusunun qurulmasında və təchiz edilməsində NATO üzvü Türkiyə yaxından iştirak edir. Bu xüsusda vaxtaşırı Türkiyə-Azərbaycan-Gürcüstan üçlü hərbi formatı da mövcuddur və ortaq hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur.
Gürcüstan həmçinin Azərbaycanla birgə Rusiya əleyhinə qurum sayılan GUAM regional təşkilatında təmsil olunur. Ermənistan isə əksinə, NATO-ya qarşı olan Rusiyanın forpostudur və öz təhlükəsizliyini bütünlüklə Kremlə həvalə edib. Bununla da avtomatik şəkildə anti-Qərb, anti-Türkiyə, demək, həm də anti-Gürcüstan siyasi düşərgəsində yer alıb.
Bir sözlə, Azərbaycanla Gürcüstanı yetərincə möhkəm bağlar birləşdirdiyi halda, işğalçı Ermənistanla ciddi heç nə bağlamır. Əksinə, Ermənistan Gürcüstanın ərazilərini ilhaq edən Rusiya ilə strateji ittifaqda olmaqla, ərazisində Güney Qafqazda yeganə olan rus hərbi bazası yaratmaqla (Gümrüdəki 102 saylı bazadan Tiflisə cəmi 100 mk-dir) faktiki, Gürcüstan üçün də ciddi təhlükə kəsb edir. Rəsmi Tiflisin bu və digər məqamlara görə Ermənistandan ehtiyat etməsinə tam haqqı var. Üstəgəl də “barıt çəlləyi” olan Cavaxetiya.
Yeri gəlmişkən, İrəvan Tiflisə qarşı da vaxtaşırı separatçı kartdan təxribat üçün istifadə edir. Məsələn, bir necə il qabaq Ermənistan parlamentinin spikeri Qalstyan İrəvanda separatçı Cənubi Osetiyanın “prezidenti”ni qəbul eləmiş, bununla da iki ölkə arasında diplomatik qalmaqal yaşanmışdı. Ermənistanın Tiflisdəki səfiri Gürcüstan XİN-ə çağırılaq, ona nota təqdim edilmişdi...
*****
Mövcud reallıqlar fonunda erməni baş nazirin Gürcüstan səfəri hər hansı mühüm nəticə vəd edə bilməzdi. Səfər olsa-olsa, təcavüzkar ölkənin izolyasiyadan çıxması üçün növbəti cəhd baxımından önəm daşıya bilərdi. Bəzi məlumatlara görə, rəsmi İrəvan həqiqətən də şimal istiqamətində blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb. Məsələ ondadır ki, Karapetyan səfər zamanı gürcü həmkarı ilə Rusiya və Ermənistanı birləşdirən dəmiryol xəttinin bərpası məsələsini müzakirə etdiklərini deyib.
Bu açıqlamanı şərh edən politoloq Elxan Şahinoğlu Azərbaycanın İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməsini vacib hesab edir: “Bu açıqlama Gürcüstanda siyasi qalmaqal yaradıb. Çünki dəmir yolu Abxaziyadan keçir, Gürcüstanın bu bölgəsi isə Rusiyanın işğalı altındadır. Belə çıxır ki, işğala rəğmən, Tiflis Abxaziya üzərindən dəmiryolunun fəaliyyətə başlamasına yaşıl işıq yandırmağa hazırdır. Bu da öz növbəsində dolayısı ilə Tiflisin Abxaziyanı müstəqil subyekt olaraq tanıması anlamına gəlir. Rəsmi Tiflis belə bir anlaşmanın olduğunu inkar etsə də, gürcü rəsmiləri qətiyyətlə ”Karapetyanla bu mövzu müzakirə edilməyib" ifadəsini işlətmirlər".
Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və müstəqil qərarlar vermək hüququna malikdir. “Ancaq Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən dəmir yolu xətti işləməyə başlayarsa, bu, Azərbaycanda birmənalı mənfi qarşılanacaq. Çünki bu dəmir yolu Ermənistanı ayaqda tutmağa imkan verəcək”, - deyə politoloq qeyd edib.
****
Yada salaq ki, Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolu 10 ildən çoxdur ki, işləmir. Moskva bu planı reallaşdırmaqla Ermənistanı blokadadan azad etməyi və üstəlik, özünün Gümrüdəki hərbi bazası ilə yerüstü əlaqəyə sahib olmağı planlaşdırır. Tiflis hesab edir ki, layihənin reallaşdırılması ölkəyə təzyiqləri artıracaq və Moskvanın Tiflisi öz təsir dairəsinə qaytarmaq üçün mühüm imkanları yaranacaq.
Image result for Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu
Bəs Gürcüstan buna gedərmi, Moskva və İrəvanın hiyləgər planına “yaşıl işıq” yandırarmı? Yuxarıdakı amilləri ciddiyə alanda və məntiqə söykənəndə cavab neqativ alınır. Çünki bu halda əvvəla, Tiflis öz əli ilə Rusiya təhlükəsini özünə daha da yaxınlaşdıracaq, götürdüyü qərbyönlü, NATO kursuna xilaf çıxmış olacaq, Türkiyə ilə münasibətlərə xələl gətirəcək. Azərbaycanı narazı salmaq da öz yerində.
İşğalçı Ermənistanı ayaqda saxlamaq, başqa bir işğalçını - Rusiyanı isə razı salmaq naminə özünü belə böyük təhlükəyə atmağa dəyərmi?