Birinci vitse-prezidentin müxalifətin tənqidlərinə rəğmən “mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram”, sözləri idarəçilikdə yeni sistemin tətbiqi kimi dəstəklənir
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24" kanalına müsahibəsində jurnalistin müxalifətdən və ayrı-ayrı dairələrdən hakimiyyətə olan tənqidlərlə bağlı sualına maraqlı yanaşma ortaya qoymaqla cavab verib. Mehriban Əliyeva deyib: ”Tənqidə tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil.
Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var. Bu illər ərzində təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yəqin bizdə artıq özünəməxsus immunitet yaranıb. Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə açığam və həssasam. Mən öz işimdə və fəaliyyətimdə təkmilləşməyə hazıram. Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur, hansısa şəxsi xırda ambisiyalarına görə sən öz ölkənə, əslində xalqına qarşı müxalifətdə olmağa hazırsan. Bax, bu, dəhşətlidir. Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum".
Qeyd edək ki, illərdir müxtəlif hakimiyyət qollarında təmsil olunan ayrı-ayrı şəxslərin dilindən adətən müxalif tənqidlərə münasibətdə fərqli və çox sərt mövqe müşahidə edilir. Azərbaycanın birinci vitse-prezidentinin qeyd olunan yanaşması isə yeni və dünyanın demokratik ölkələrində rast gəlinən idarəçilik sisteminin tətbiq etdiyi yanaşma kimidir.
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu barədə “Yeni Müsavat”a bildirdi ki, Mehriban Əliyevanın müsahibəsi 1-ci vitse-prezident kimi görəcəyi işlərin konseptual baxımdan mahiyyətini, idarəçiliyə yeni nəfəs gəldiyini ortaya qoydu: “Etiraf edim ki, çox orijinal, olduqca maraqlı, demokratik, çox fərqli, cəmiyyət üçün açıq olan səmimi fikirlər idi. Hər bir suala verilən cavablar ağıllı mühakimələr, uzun illərdən bəri toplanmış təcrübədən irəli gələn fikirlər olmaqla yanaşı, fəaliyyətini necə quracağının yığcam və mükəmməl konseptual inikası idi. Həmin fikirlər 1-ci vitse-prezidentin baxışlar sistemini ifadə etdi. Bir daha sübut olundu ki, cənab prezidentin təyinatı çox uğurludur. Bir vətəndaş kimi gözləntilərimdən ən mühümü dövlətimizin daha güclənməsi, onun beynəlxalq nüfuzunun daha da artması, vətəndaş cəmiyyətinin daha geniş miqyas və xarakter alması, ölkəmizin indi olduğundan daha yüksək pillədə olmasıdır. Bu, hesab edirəm ki, təkcə mənim yox, dövlətinə, xalqına bağlı olan hər bir vətəndaşın mövqeyidir. Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident təyin olunması Azərbaycan idarəçilik sistemində vətəndaş-məmur münasibətlərində yeni çalarlar yaradacaq. Bu münasibətlərin daha yüksək səviyyədə qurulması, inkişafı üçün impulslar doğuracaq. İndiyə qədər Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətində xalqına son dərəcə bağlılığı, dövlətinə, insanlara xidməti hər şeydən üstün tutması diqqəti cəlb edib. Mehriban Əliyeva xeyirxahlığı idarəçilik sisteminə gətirməklə bir məmur-vətəndaş münasibətlərinə yeni keyfiyyətlər əlavə edəcək. Ortalığa çıxan problemlərin ətrafında cəmiyyətdə gedən müzakirələrə anlaşıqlı yanaşaraq, onu düzgün qiymətləndirərək problemlərin həlli üçün addımların atılmasının vacibliyinin dilə gətirilməsi sübut edir ki, məhz Mehriban xanım bu cür yanaşma ilə Azərbaycan idarəçiliyinə tam yeni bir nəfəs gətirəcək”.
Related image
Deputat dedi ki, sağlam tənqid cəmiyyətin inkişafında çox mühüm rol oynayır. Hər birimiz bu və ya digər şəkildə fəaliyyət göstəririksə, orada hansısa səbəbdən diqqətsizlik ola bilər, nöqsanlara yol vermək olar. Bunların hamısı təbiidir. Lakin bunları şişirtmədən, buna tünd rənglər vermədən qərəzli tənqiddən uzaq, obyektiv tənqidlər söylənirsə, bu, həm də iqtidarın xeyrinədir: “Çünki obyektiv tənqidlərdə əksini tapan məsələlərin həlli şübhəsiz ki, ölkənin, xalqın, hakimiyyətin xeyrinədir, inkişafa xidmət edir. Ona görə də əgər müxalifətin özü də qərəzdən uzaq obyektiv tənqidi fikirlərini dövlətçiliyin inkişafı baxımından ortalığa qoyursa və artıq bu ümumiləşdirilərək dövlətin rəhbərliyinin fəaliyyətində də əsas götürülürsə, çox gözəldir. Bir sözlə, mən Mehriban xanım Əliyevanın Azərbaycan idarəçiliyinə yeni nəfəs, yeni ruh gətirməsinə qətiyyən şübhə etmirəm. Tamamilə əminəm ki, biz bu yeni nəfəsin, yeni ruhun qısa zaman kəsiyində konkret nəticələrini görəcəyik. Çox arzulayardım ki, müxalifət də öz fəaliyyətində qərəzdən uzaq, səmimi, gördükləri çatışmayan cəhətləri obyektiv sağlam formada önə çəksin. Bu da cəmiyyətin inkişafına xidmət demək olardı”.
Image result for İqbal Ağazadə
Müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, müxalifət olaraq onlar da hər zaman istəyib ki, hakimiyyət nümayəndələri bütövlükdə müxalifət tərəfindən səsləndirilən obyektiv tənqidləri süngü ilə qarşılamasınlar. Obyektiv tənqidlərə problemləri həll etməklə cavab verilsin: “Problemlər təkcə bir sahə ilə və ya fərdlərin tənqidi ilə bağlı deyil. Bu həm də bütövlükdə problemlərin özü ilə bağlıdır. Əgər aradan qaldırılacaqsa, yeni münasibətlər sisteminə keçiləcəksə, bu, Azərbaycanın xeyrinə olacaq. Biz də onu istəyirik ki, cəmiyyətdəki problemlərin həlli istiqamətində hakimiyyət ciddi addımlar atsın. Hətta gərəkilərsə, bu problemlərin həlli naminə müxalifətə müraciət olarsa, müxalifət də öz dəstəyini verməyə hər zaman hazırdır. Amma təəssüf ki, indiyə qədər hakimiyyət bu addımları atmayıb. Növbəti mərhələdə bu addımlar atılacaqsa, problemlərin həlli istiqamətində səy göstəriləcəksə, barış, dialoq çərçivəsində Azərbaycanın problemlərdən azad olunmasına çalışılacaqsa, bu, alqışlanmalı və yanında durulmalı, dəstək verilməli məsələdir. Bu cür yeni münasibətlər sistemi qurulacaqsa, bu, çox uğurlu sistem olar. Biz Azərbaycanın kataklizmlər dövrünə qədəm qoymasını istəmirik. Biz də istəmirik ki, Azərbaycanda problemlər olsun. İstəyirik ki, problemlər həll olunsun. Bu istiqamətdə də siyasi institut kimi üzərimizə düşən vəzifəni hər zaman yerinə yetirməyə çalışmışıq, bundan sonra daha çox çalışacağıq”.
İ.Ağazadə vurğuladı ki, ən başlıcası hakimiyyət siyasi institutların cəmiyyətdə rolunun artmasına çalışmalıdır ki, problemlər siyasi institutlar vasitəsilə həll olunsun. Cəmiyyətdə ab-hava siyasi institutlar vasitəsilə dəyişdirilsin.
Etibar SEYİDAĞA