Ram edilən rektor və məhv edilən GDU - "Boz kardinalların" revanşı

3-03-2017, 11:17   
Ram edilən rektor və məhv edilən GDU - "Boz kardinalların" revanşı

Gəncə Dövlət Universitetinin rektorunun vəzifəsinin öhdəsindən gələ bilməməyi hökumətin universitetin inkişafı ilə bağlı olan son ümidlərini puça çıxarıb. Universitetdə maddi maraqlar uğrunda baş verən daxili intriqalar təhsilin keyfiyyətini, universitetin reytinqini aşağı salmaqla bərabər, həm də, son illər universitetin maddi-texniki bazasına yatırılmış milyonlarla manat dövlət vəsaitinin havaya sovrulması anlamına gətirir.

Böyük tarixi keçmişi, müasir tələblərə uyğun maddi-texniki bazası və əsas etibarilə çalışqan, savadlı pedoqoji kollektivinin olmasına baxmayaraq, GDU bu gün ciddi formada tənəzzül dövrünü yaşayır.

Məlumatlara görə, Yusif Yusibovun universitetdə rektorluğa başladıqdan sonra ayrı-seçkilik etməsi universitet daxilində qurplaşmaların yaranmasına gətirib çıxarıb. Gündən-günə şiddətlənən daxili intriqalar, hər gün dövlətin müxtəlif orqanlarına ünvanlanan şikayət məktubları artıq ali instansiyaların rəsmilərini də çox ciddi ölçü götürməyə vadar edir. İddia olunur ki, rektor Yusif Yusibov universitetin idarə edilməsində, verdiyi qərarlarda heç zaman müstəqil ola bilmir.

Buna səbəb isə onun universitetin bəzi müəllimlərinin təsiri altında olmasıdır. Məlumata görə, rektorun verdiyi qərarların əksəriyətinə bu şəxslər təsir edir.

Məlumatda qeyd olunur ki, GDU-nun rektoru Yusif Yusibovun üzərində böyük nüfuzu olan şəxslər əsasən universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov, Tarix-Coğrafiya kafedrasının dosenti Teymur İsmayılov və universitetin digər dosenti Elçin Cavadovdur. Qeyd edək ki, Tarix-Coğrafiya kafedrasının dosenti Teymur İsmayılovun həyat yoldaşı bu kafedranın müdiridir. Əlavə olaraq onun iki gəlininin də universitetdə işlədiyi deyilir.

GDU ilə bağlı olan ilginc iddialardan biri isə bu üç "boz kardinal”ların qısa zaman kəsiyində rektor Yusif Yusibovu neytral vəziyyətə gətirmələridir. İddia olunur ki, Yusif Yusibov əməlləri barəsində mətbuata gizli məlumatların ötürülməsində də onun ən yaxın ətrafının əli var. Xatırladaq ki, hələ bir müddət öncə - Yusif Yusibov universitetə rektor təyin edildikdən sonra onun barəsində ölkə mediasında şokedici məlumat tirajlandı. Həmin məlumatlarda rektorun universitetdə dərs deyən bir müəllimənin həyat yoldaşı tərəfindən çənəsi sındırıldığı yazılırdı. Qeyd edək ki, bu məlumat o vaxt universitet rəhbərliyi tərəfindən təkzib edilmədi və çox böyük rezonans doğurdu. Məlumatlara görə, başına gələn bu biabırçı hadisədən sonra rektor tam olaraq müəyyən qrupun təsiri altına düşüb.

Məlumatda deyilir ki, Yusif Yusibovun universitetdə düşdüyü bu çətin vəziyyətə hətta Təhsil nazirinin müavini olan yaxın dostu Ceyhun Bayramov da kömək edə bilmir.

Ancaq bununla belə GDU-nun sözün həqiqi mənasında xilası üçün Təhsil nazirliyi tərəfindən müəyyən addımların atılacağı deyilir.

Qlobal.az-a mötəbər qaynağın verdiyi məlumata görə, Gəncə Dövlət Universitetini inkişafdan geri qoyan daxilindəki aktiv fəaliyyət göstərən qrupların zərərsizləşdirilməsi, korrupsiyanın kökünün kəsilməsi və təhsilin yüksəldilməsi istiqamətində ötən ilin sonundan bir sıra ciddi işlərə start verilib. Mənbə qeyd edir ki, universitetin inkişafı naminə Təhsil nazirliyinin rəhbərliyinin razılığı ilə başladılan işlərdən biri GDU-nun rektorunun qeyri-rəsmi olaraq Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun tabeçiliyinə verilməsidir.

Qeyd edək ki, bu yöndə universitet rektorları arasında ötən ilin sonunda müvafiq əməkdaşlıq müqaviləsi də imzalanıb.

Vurğulayaq ki, imzalanan müqavilədə universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur.

Bundan başqa müqavilədə distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılmasının da əksini tapdığı deyilir.

Məlumatda vurğulanır ki, rəsmi müqavilədə göstərilənlərdən əlavə olaraq Ədalət Muradov Yusif Yusibova GDU-nun inkişafı yönündə həm də şifahi məsləhətlərini verəcək.

Xatırladaq ki, iqtisad elmləri doktoru Ədalət Muradov 2014-cü ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinə rektor təyin edilib. Qısa zaman kəsiyində başlatdığı uğurlu islahatlar nəticəsində bir vaxtların korrupsiya və nizam-intizamsızlıq yuvası olan Dövlət İqtisad Universiteti bu gün ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar