Bu gün gecə saatlarında Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında qətl hadisəsi baş verib. Belə ki, Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Şükürovu şişlə öldürüb.
Hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün yuxarıda qeyd olunan ünvana yollandıq.
Öncə qeyd edək ki, qətl hadisəsinin baş verdiyi yataqxana Sovet dövründən qalma yarımçıq tikilidir. Burada məskunlaşan məcburi köçkünlər bu yarımçıq tikilini müəyyən qədər bərpa edib, yaşamaq üçün qismən yararlı vəziyyətə salıblar.
Müşahidə etdik ki, qətlin baş verdiyi ərazidə heç bir yas çadırı qurulmayıb. Heç qonşular da gözə dəymirdilər. Yaxınlaşdıqda qətlə yetirilən Müşfiq Şükürovun mənzilindən bir qədər kənarda, torpaq üzərindəki qan izlərini gördük. Müşfiq Şükürovun mənzilinin isə qapısı bağlı idi.
Qonşu binanın sakinləri musavat.com-a bildirdilər ki, qətlə yetirilən Müşfiq Şükürov psixi baxımdan bir qədər problemli insan olub. Eyni zamanda onun içkiyə meylli olduğunu da öyrəndik.
Qonşuların sözlərinə görə, Müşfiq Şükürov tez-tez müxtəlif şəxslərlə dava edirmiş. Buna görə də demək olar ki, hər ay yolu polis şöbəsindən keçirmiş: “Ancaq onu da qeyd edək ki, Müşfiq çox gözəl maşın ustası idi. Bu ərazidə onun kimi gözəl maşın ustası yox idi. Özü, özünün axırına çıxdı. Bütün günü içirdi. İçdiyi üçün də hər kəsə bir söz atırdı. Müşfiqi Səxavət öldürməsəydi də axırı kimsə öldürəcəkdi. Bu ərazidə hər kəsi bezdirmişdi. Özü də tez-tez polisə düşürdü. Daha dalaşmadığı adam qalmamışdı. Ancaq Səxavətlə bağlı bir söz deyə bilmərik. Deyirlər ki, o da bir qədər psixi baxımdan problemli adam idi. Lakin biz onun hansısa pis hərəkətini görməmişik. Daha Müşfiqlə qonşu olan adam psix olmasın nə etsin ki? Bu binada demək olar ki, hər kəs sakit adamdır. Təkcə Müşfiq dəli-dolu idi, onun da axırı bu cür oldu”.
Bir qədər sonra Müşfiq Şükürovun yaşadığı yarımçıq tikilinin sakinləri də gəldilər. Adının açıqlanmasını istəməyən qonşular hadisədən bir neçə saat öncəni aşağıdakı kimi xatırladılar: “Dünən axşam saatlarında gördük ki, Müşfiq düşüb həyətə qışqırır. Səsi-küyü ətrafı götürmüşdü. Deyirdi ki, mənim işığımı kimsə kəsib. Elektrik xətlərini kəsən adamı axtarır, söyüş söyürdü. Ümumiyyətlə, Müşfiq səsli-küylü adam idi. Camaat gecəyarısı bunun səsinə oyanırdı. Özü də qışqırmayanda televizorun, maqnitofonun səsini yüksəldirdi. Elə ona görə də qonşular işığı kəsmişdilər ki, səs-küydən qulağımız dincəlsin. Ancaq işığı Səxavət kəsməmişdi. Müşfiq burada tək yaşayırdı. Ailəsi yoxdur. Bir qardaşı var, bir də bacısı... Onlar da başqa yerdə yaşayırlar. Müşfiq burada anası ilə qalırdı, anası da rəhmətə getdi. Daha sonra təkcə yaşamağa başladı. Tez-tez spirtli içki qəbul edirdi. Bizim bildiyimizə görə, Səxavətə də pis söyüş söyüb. Səxavət sakit adamdır, burada həyat yoldaşı ilə yaşayırdı. Müşfiq onun həyat yoldaşını söyüb, o da daha dözməyib şişlə bunu vurub. Müşfiq bu yaxınlarda Rusiyaya getməyə hazırlaşırdı. Deyirdi ki, gedib orada işləyəcəm. Bir neçə il öncə bu evdə onun qardaşı da qalırdı. Ancaq sonradan qardaşı harasa köçdü. İndi harada qaldığını bilmirik. İçməsəydi, əl qabiliyyəti yaxşı idi. Buradakı çardağı, şəraitin hamısını öz əlləri ilə qurub”.
Qonşular həmçinin bildirdilər ki, Müşfiq tez-tez Səxavətin həyat yoldaşı haqqında nalayiq sözlər danışırmış.
Yuxarıda qeyd etdiyimiz kimi yataqxananın qarşısında heç bir yas çadırı qurulmayıb. Qonşular bildirdilər ki, hələ hadisə barəsində xəbər tutan yoxdur: “Yəqin ki, quracaqlar...”
Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir