Tofiq Dadaşov Amerika kəşfiyyatçılarını şoka salıb; Kasparova psixoloji dəstək verərək, ona Karpovun üzərində qələbə qazandırıb
Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün özünə ekstrasens deyənlərin sayı itinətök qədər çoxdu. Deyərdim az deyil. Bu uzun siyahını xeyli qısaltdıqdan sonra biz barmağımızı gətirib saxladıq cəmi-cümlətanı dördcə nəfərin adının üstündə: Etibar Erkin, Rzayev Zirəddin, Nuridə Küskün Şuşalı və...
Və nəhayət, Tofiq Dadaşovun adı üzərində.
TƏHSİLİ: S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi. Qiyabi şöbə.
İLK TƏCRÜBƏSİ. Hələ balaca uşaqkən “Nizami”, “Vətən” , “Araz” kinoteatrlarının qaranlıq zallarına pulsuz, gizlincə sızmağı bacarıb. Sevimli sinif yoldaşlarını da o vaxtlar özünə qoşmağı unutmayıb. Kiyev Radiotexnika Texnikumunda təhsil alarkən tale yolları məşhur ekstrasens Volf Messinqlə kəsişib. Qərara gəlib oxşar repertuarla qastrollara çıxıb bütün SSRİ ərazisini gəzib dolaşsın. Arzusu tezliklə çin olub - 1967-ci ildə Moskvaya dəvət alaraq “Moskonsert”də işə başlayıb.
1973-cü ildə Praqada keçirilən Ümümdünya Parapsixologiya Konqresində, nəhayət, necə deyərlər, çiçəyi çırtlayıb. Düşüb aparıcı dünya parapsixoloqlarının diqqət mərkəzinə.
***
Sonralar bu səhnəni müsahibələrinin birində belə təsvir edir:
“Konqress iştirakçıları iki qismdi - bir tərəfdə qalstuklu alimlərdi, digər səmtdə ayaqyalın, uzunsaçlı mediumlar, ekstrasenslər. Ancaq heç biri ortaya düşüb öz kəramətini nümayiş etməyə tələsmirdi. Mən qalmışdım arada, bilmirdim nə edim, harda, kimin böyründə gedib əyləşim. Gördüm həəə...bura əsl məqamdı, çətin belə fürsət bir də əlimə keçsin.
Sükut buzunu mən qırdım ilk olaraq. Siftəni mən etdim. Səhnəyə sıçrayıb üzümü çoxsaylı Amerika nümayəndələrinə tərəf tuşladım. Dedim, ürəklərində bir söz tutsunlar. Bəs mən bu sözü indicə dilimə gətirəcəm.
Bilmirəm niyə, hansı səbəbə qəfil, öz-özünə “bakstor” kəlməsi hardansa gəlib qondu dodaqlarıma. Söz ağzımdan çıxınca, Amerika nümayəndə heyəti içindən bir uğultu qopdu ki, gəl görəsən. Sonra bəlli oldu niyə. Demə, amerikalılar ürəyində məhz bu adı tutublarmış. Demə, eyniadlı mütəxəssis - Amerika Federal Tədqiqatlar Bürosu sədri Edqar Quverin elmi işlər üzrə müavini, məşhur alim Kliv Bakster məhz bu nümayəndə heyəti tərkibində imiş. Öz adını eşidincə o, oturduğu kreslodan dik yuxarı atıldı. Sonrakı gurultulu alqışlar bir an davam edib, tükənmək nədi bilmədi. Durnanı düz gözündən vurmuşdum sanki. Kliv Bakster elə-belə adam deyildi qətiyyən. Məşhur “Yalan detektoru” makinasının ixtiraçısıydı. Makinanın bir özəlliyi vardı - yalanı anında deşifrə edirmiş. Sonra məni gətirib əyləşdirdilər bu makinanın arxasında. Ancaq son nəticəni məndən də gizlətdilər. Sakit, lal-dinməz bir xeyli zaman üzümə baxıb müqəvva kimi yerlərində quruyub qaldılar".
***
KİÇİK HAŞİYƏ: Eşitdiklərinizdə, əslinə qalarsa, təəccüblü heç nə yoxdur. ABŞ-da elə indi də parapsixologiya sirləri Pentaqon hərbi kəşfiyyatı cəbbəxanasındadır. Vaxtilə məşhur general Albert Stabblbayn, “Qış məhsulu” əməliyyatı çərçivəsində bir çox Amerika ekstrasenslərini məxfi “Mankind Research Centre” şirkətinə yığaraq, onların köməyi ilə itkin insanların ovuna çıxarmış. General özü də, necə deyərlər, “kəşfül-kəramət” sahibiymiş guya. Uzaqdan-uzağa, dəmir qaşığa əl dəymədən, onu əyməyi bacarırmış. Həmin əyri qaşıq indi də Pentaqonda göz bəbəyi kimi qorunub saxlanır.
***
Tofiq Dadaşovun bu misilsiz istedadı SSRİ-də də ilk olaraq kəşfiyyat qurumlarını maraqlandırır. Moskvaya dönüncə onu aeroport ərazisində “qarayaxa” KQB zabitləri qarşılayıb götürüb gətirirlər dəbdəbəli “Rossiya” otelinin geniş giriş foyesinə.
Söhbətimizin ardını indi Tofiq Dadaşovun öz dilindən eşitsək yaxşıdır: “Görüyüm xarici turistlərin ümumi sayı hardasa 150 nəfərdən az yox, çox olardı bəlkə də. Çekistlərdə dəqiq informasiya vardı ki, bəs bu 150 nəfərdən biri xüsusi təyinatlı casusdu. Gəl, indi bu izdihamın içindən həmin casusu aşkarla görüm, necə aşkarlayırsan. Şübhəlilər artıq bizimkilərin tam nəzarəti altında idı. Ancaq mən bizim çekistlərə məsləhət gördüm, bütün diqqətlərini uzaqdakı ağ plaşlı, sarıtəhər bir kişiyə tərəf yönəltsinlər”.
***
Əsl nəcib seyidsənsə...üzr istəyirəm, əsl nəcib ekstrasensənsə, gərək təkcə indiki dövrün düyünlü sirləri ilə kifayətlənməyəsən. İmkan düşüncə ən qədim sirlərin də üzərindən tozlu pərdələri qaldırmağı bacarasan. Tofiq Dadaşovun istedadının bu tərəfi də var. Məşhur orta əsrlər rəssamı Leanardo da Vinçinin ölməz “Jakonda” tablosunun sirrini açmaq xoşbəxtliyi də məhz həmyerlimiz Tofiq Dadaşova məxsusdu, biləsiz:
“1981-ci ildə köhnə tanışlardan biri - məşhur İT mütəxəssi, bir gün mənə bu tablonu göstərərkən daxilimdə şimşək çaxdı elə bil. Şəklə bir dəfə baxdım, iki dəfə, üç dəfə... Axır qərara gəldim ki, təsvirdəki qadın boyludur. Xüsusi cavabımı kağıza köçürüb qoydular çox bahalı bir zərfin içinə. Göndərdilər Luvr muzeyi rəhbərliyinə. Cavabın bir nüsxəsi indi orda saxlanılır, digəri Puşkin adına Təsviri Sənət Muzeyinin zəngin arxivində. Cavabdakı bu sətirləri indi də unuda bilmirəm - ”Qadının 19 yaşı var... Təzəlikcə ərə gedib... Gördüyümüz, onun həyatdakı ilk və son portretidir. Əri Françeskonun hədiyyəsidir ona. Qadın, xəfifcə narahatdı. Qadına elə gəlir ki, rəssam tələsib. Gözəlliyini tam şəkildə kətan üzərinə köçürməyi bacarmayıb. Ən vacibi - boylu olduğunu hiss etməyib. Qadın təkcə elə bax bu sirrinə görə özünü hamıdan üstün bilir. Rəssama kinayə dolu baxışlarını zilləyir".
KİÇİK QEYD: Sonralar, 2002-ci ildə alimlər Cakondanın əynindəki gen dona xüsusi fikir verirlər. Arxivləri alt-üst etdikdən sonra bəlli olur ki, bu cür, bu rəngdə gen paltarları İntibah dövründə məhz boylu qadınlar geyirmişlər.
Beləliklə, Cakonda təbəssümünün sirrini açan kəs, eşidin, bilin, bizim həmyerlimiz, məşhur Azərbaycan ekstrasensi Tofiq Dadaşovdur. Məncə, biz bu nailiyyətimizlə indi ancaq qürurlana bilərik. Cavabın orijinal mətni indi Luvr eksponatları sırasında, qalın şüşə altında qorunub saxlanılır. İcazə verilmir üzərinə bircə tük belə qonsun.
***
Məşhur Harri Kasparov qazandığı şahmat çempionu tacına görə də məhz Tofiq Dadaşova borcludur, biləsiz. Mövzunun ətraflı tədqiqindən sonra mən indi də bilmirəm burda əsl qalib, əsl çempion kimdi - Harri Kasparov, yoxsa Tofiq Dadaşov?
Dövrü mətbuatda hadisələrin gur axarını o bax bu cür təsvir edir indi:
“Azərbaycan rəhbərliyi o zaman - 1984-cü ildə, gecə vaxtı mənə zəng vurub xahiş etdi ki, təcili olaraq Harri Kasparovla görüşüm. O vaxt bizim Harri Kasparov öz rəqibi Andrey Karpova 5-3 hesabla uduzurdu. Ümid ancaq mənə idi. Harriyə zəng etdim. Dedim, hesab 5-4 Karpovun xeyrinə olacaq bir azdan. Ancaq oyundakı dönüş də, darıxmayın, bax bu nöqtədən başlayacaq sizin üçün.
Növbəti oyun zamanı zalda mən də vardım. Oturmuşdum tərs 13-cü sırada. Məşqçi Nikitin qalmışdı bir kənarda. Harri ancaq mənim göstərişlərimi yerinə yetirir və...
Və udurdu!!!
Ancaq indi mən Karpovun qarşısında tər tökür, xəcalət hissləri keçirirəm. Düzü, çempion tacı əslində onun haqqı idi, nəinki Kasparovun. Lənət şeytana...
Bir dəfə yadımdadı, uşaq vaxtlarımda qonşumuz bizə gəlib telefonumuzdan öz ərinə zəng açdı. Aralarındakı söhbətdən sonra mən dilimi dinc saxlamadım. Dedim, ehtiyatlı ol, ərin az sonra öləcək. Ağzım falmış. Elə də oldu.
İlk dəfə “qara şeytan” adını alnıma məhz o vaxt yaxdılar mənim. İkinci dəfə bu “qara şeytan” adını öz daxilimdən eşitdim. Kasparova köməyimdən sonra eşitdim bu etirafımı...
***
1989-cu ildə Bakı aeroportunda ciddi hava quldurluğu hadisəsi baş verir. “Varonej-Bakı” reysi ilə uçan təyyarə “Binə” aeroportuna yaxınlaşarkən Stanislav Leonidoviç Skok adlı bir cinayətkar tərəfindən girov götürülür qəfil. Cinayətkarın tələbi 500 min ABŞ dolları, yarım milyon Almaniya markasıyla bitmirdi. O, xaricə - Nepala uçmağı tələb edirdi həm də.
Gecə vaxtı Azərbaycan SSR DTK rəhbərliyi təcili olaraq Tofiq Dadaşovun evinə zəng vurur. Xahiş edir məhz o, bu məxfi əməliyyata qatılsın.
Aeroporta gəlincə, Tofiq Dadaşov görür ki, Moskvadan gəlmiş “Alfa” xüsusi təyinatlıları artıq ordadır. Əməliyyat “Nabat” adını alır. Dəqiqələr, saniyələr başlayır sürətlə axmağa.
KİÇİK HAŞİYƏ: Sonralar Rusiya jurnalistləri Tofiq Dadaşovun bu əməliyyatdakı müsbət iştirakına kölgə salmaq niyyəti ilə 1999-cu ilin martında Azərbaycan Milli Təhlükəsizlik Komitəsinə yazılı şəkildə müraciət edirlər. O zamankı milli təhlükəsizlik nazirinin müavini İ.M.Bağırovdan xahiş edirlər, bu əməliyyat zamanı Tofiq Dadaşovun iştirakını təsdiqləyən məxfi sənədləri arxivdən tapıb surətini onlara çatdırsın. 1999-cu ilin iyununda müvafiq sənədlərin surəti Azərbaycandakı Rusiya Federal Təhlükəsizlik Xidməti nümayəndəsi polkovnik M. P. Orlova ötürülür.
Görünür, Tofiq Dadaşovun bu əməliyyatdakı xüsusi iştirakı Rusiya çekistlərinin marağını özünə cəlb edibmiş. Hadisənin rəsmi təsdiqi yəqin kimlərəsə çox vacib imiş.
Sənədin qısa məzmunu belədir:
“Tofiq Dadaşov BMT nümayəndəsi adı altında cinayətkarla danışıqlara girib, onun psixoloji portretini bizim üçün çəkməli idi...
Təyyarəyə dirənmiş pilləkanın üstündə dayanaraq terrorçu ilə danışan Dadaşov T. tezliklə müsbət nəticələr əldə edir. Deyir ki, cinayətkara siqaret ötürək. Ancaq alışqan verməyək ona. Kibrit qutusu verək. Terrorçu qutunu açıb kibrit çöpünü alışdırarkən iki əlindən istifadə etmək məcburiyyətində qalacaq. Silahı kənara qoyacaq bu an. Həmin vaxt cəld hərəkət edib terrorçunun əl-qolunu burmaq lazımdı...
Bunu isə ancaq Remboya bənzər bir pəhləvan edə bilərdi o vaxt. Bu “Rembo”, sən demə, çox da uzaqda deyilmiş, elə təyyarənin salonunda imiş. Həmin şəxs sonralar general-mayor rütbəsinə qədər yüksəlib, Aslanbek Axmedoviç Aslaxanov kimi məşhurlaşacaq. 1989-cu ildə isə Asalxanov kiçik rütbəli bir milis zabiti kimi təyyarələrdə mülkü geyimdə uçur, sərnişinləri gözlənilən təhlükələrdən qoruyurdu.
Uğurlu əməliyyatdan sonra o, Sovet İttifaqı Qəhrəmanı adına, Tofiq Dadaşov isə fəxri diploma layiq görülür.
***
İştah diş altındadır. Bu uğurdan sonra Tofiq Dadaşovun başı lap gicəllənir elə bil. Başlayır öz xidmətləri müqabilində milyonlarla pul tələb etməyə. 1995-ci ildə Moskvadakı Vladislav Listyevin qətlindən sonra kriminalistlər yenə də bizim ekstrasensi xatırlayırlar. Ancaq qonorarın fantastik rəqəmlərini eşitdikdən sonra başlarını bulayıb təkliflərini geri götürməyə məcbur qalırlar.
Tofiq Dadaşov, təəccüblənməyin, qapıbir qonşumdu mənim. Ofisi uzun zaman evimizin düz qarşısında, indiki “Şahənşah” şadlıq sarayının ərazisində yerləşən bu insanla dəfələrlə gecələr üzbəüz gəlmişəm. Ancaq canlı ünsiyyətə girməmişəm bu şeytan balası ilə.
Ekstrasenslər öz ofislərini elə-belə yerdə tikib ucaltmaz. Kosmik enerjinin bol olduğu bir nöqtədə açarlar öz ofislərini adətən. Bizim tərəflər, görünür, belə ünvanlardan biridi.
Mən də təsadüfən bura atmamışam öz matahımı...
Həmid HERİSÇİ